Məhkəmə qərarları › İş №2(006)-187/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-187/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-187/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, “xxxx” MMCdən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201 k.m olan 4 otaqlı mənzilin təmirinə sərf etdiyi 50.000 manat alınaraq ona ödənilməsi, “xxxx” MMC-dən maddi ziyana görə 79000 manat və mənəvi zərərə görə 50.000 manat alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201.1 kv.m olan 3 saylı 4 otaqlı mənzilini 230.000 (iki yüz otuz min) manata satın almışdır. Həmin mənzil ona təhvil verilmiş və mənzili təhvil alandan sonra təmirinə 50.000 (əlli min) manat vəsait xərcləmişdir. Mənzili təmir edəndən sonra məlum oldu ki, həmin mənzillə bağlı həmçinin Cavabdeh1 ilə də müqavilə bağlanmış və Cavabdeh1 ona və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 04/03/01 nömrəli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-337/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər “xxxx” MMC-yə, ona və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi, cavabdehlər “xxxx” MMC və X7 arasında bağlanmış xx xxx 2008-ci il tarixli Daşınmaz əmlakın (yaşayış sahəsinin) sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində (ümumi sahəsi - 201 k.m.) 4 otaqlı mənzilə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş və “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Yəni, cavabdeh “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2007-ci il tarixli müqavilə və onunla də bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 04/03/01 nömrəli daşınmaz əmlakın sifarişi üzrə müqavilə qanuni hesab edilmiş. Lakin, mənzilin kimə verilməsi məsələsi həll edilməmişdir. Qeyd etdiyi kimi həmin mənzil onun istifadəsində olmaqla təmirinə 50.000 manat xərcləmişdir. Hazırda ona məlum olmuş ki, Cavabdeh1 onun faktiki istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında yerləşən, binanın 4-cü mərtəbəsində yerləşən, 3 saylı mənzilin qapısını qırmış və özbaşına mənzilə daxil olmuşdur. Bu barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir, lakin cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cavabdeh “xxxx” MMC ona məxsus olan vəsaiti əsassız olaraq 2013-cü il tarixdən 2019-cu il tarixədək istifadə etmiş və ondan fayda götürmüşdür. Həmçinin də həmin məbləğin 10 000 manatını hal- hazıra kimi geri qaytarmamışdır. Ona görə də hesab edir ki, cavabdeh ona məxsus olan 230 000 manata hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri, (230 000x5%= 11500x6=69000), cəmi: 79000 manat pul vəsaitini və ödədiyi 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Bundan başqa cavabdeh “xxxx” MMC tərəfindən mübahisəli mənzil iki nəfərə satılmış, 6 ildir ki, məhkəmələrdə çəkişirlər və həmin mənzil artıq əlindən alınmışdır və bunun da nəticəsində mənəvi iztirab keçirtmişdir. Cavabdehin tərəfindən bu cür alçaldıcı hərəkətlərə məruz qalmaq onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heç nə enmiş, bu sarsıntılar onun və ailənin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışdır. Ona görə də hesab edir ki, cavabdeh “xxxx” MMC-dən ona vurduğu mənəvi zərərə görə 50. 000 (əlli min) manat tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, “xxxx” MMC məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəblərinin olmalarını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 04/03/01 saylı, xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4 mərtəbəsində (ümumi sahəsi 201,1 kv.m olan) 4 otaqlı 3 №li mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsində götürür. “İcraçı” “sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürür. Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Sifarişçi mənzilin dəyərini birdəfəlik və yaxud hissə-hisssə ödəyə bilər. İş materiallarında olan “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası “xxxx” MMC-ə məxsusdur. Bu binanın 01 giriş, 4 mərtəbəsində ümumi sahəsi 201,1 kv.m olan 4 otaqlı 3 №li mənzil payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4 mərtəbəsində (ümumi sahəsi 201,1 kv.m olan) 4 otaqlı 3 №li mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsində götürür. “İcraçı” “sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürür. Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Sifarişçi mənzilin dəyərini birdəfəlik və yaxud hissə-hisssə ödəyə bilər. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, “xxxx” MMC tərəfindən 386-cı məhəllədə inşa edilmiş 21 mərtəbəli binanın, 01 ədəd 04 otaqlı ümumi sahəsi 201 kv.m olan 02 №li mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-1536/2017 saylı qərarından görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddialar cavabdeh X4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6876/2016 saylı nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər “xxxx” MMC-nə, İddiaçı və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi tam təmin edilmiş, cavabdehlər “xxxx” MMC və X7 arasında bağlanmış xx xxx 2008-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində (ümumi sahəsi -201 kv.m) 04 otaqlı məzilə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmişdir. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflər arasında mülki mübahisəli məsələ ilə bağlı gələcəkdə aralarında narazıçılıq yaranarsa onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1553 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mübahisəli 3 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 42000,0 manat məbləğində müəyyən edilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, «məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1553 saylı ekspertiza rəyindən göründüyü kimi İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mübahisəli 3 saylı mənzili üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 42000,0 manat məbləğində müəyyən edilir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı mənzilin təmiri üçün xərclər çəkmiş və bununla bağlı cavabdeh “xxxx” MMC tərəfindən ona maddi və mənəvi zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, cavabdeh “xxxx” MMC-dən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulsun və Dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, cavabdeh “xxxx” MMC-dən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulsun və Dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh “xxxx” MMC-dən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar