Məhkəmə qərarları › İş №2(006)-1879/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1879/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1879/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1000 manat məbləğində maddi ziyan və 3500 manat məbləğində mənəvi ziyan, ümumilikdə 4500 manat ziyan məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilərək məhkəməyə göndərilmiş ittiham aktına görə təqsirləndirilən şəxslər M.Z.Mövlamov və T.İ.Əhmədov bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Digər təqsirləndirilən şəxslər N.İ.Əhmədov və İddiaçı bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Belə ki, təqsirləndirilən şəxs M.Z.Mövlamov 06 may 2023-cü il tarixdə saat 00:45 radələrində tanışları İddiaçı, T.İ.Əhmədov və N.İ.Əhmədov ilə birlikdə ünvan 1 ünvanda yerləşən ‘'Salxım" kafesində olan zaman digər masada əyləşmiş Ə.R.Şirinov ilə T.İ.Əhmədovun qol güləşi etməsi və sonuncunun məğlub olması səbəbindən Ə.R.Şirinov ilə aralarında səbəbsiz yerə sözlü mübahisə yaradıb T.İ.Əhmədov, İddiaçı və N.İ.Əhmədovla bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarına qərəzli surətdə pozub. Ə.R.Şirinovdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan ilkin olaraq N.İ.Əhmədov, Ə.R.Şirinova zor təbiq edib qəsdən üz nahiyəsindən yumruqla zərbə vuraraq köynəyindən tutub sonuncunu itələməklə oturduğu divana yıxdıqdan sonra o, T.İ.Əhmədov, İddiaçı və N.İ.Əhmədovla birlikdə Ə.R.Şirinova zor tətbiq edib qəsdən yumruq və təpik zərbələri ilə sonuncunun baş və üz nahiyələrinə zərbələr vurmaqla yanaşı kafedə olan stulu silah qismində istifadə edib qəsdən Ə.R.Şirinovun baş nahiyəsindən və stolun üzərində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 150 manat dəyərində ‘İphone XR" markalı mobil telefona vurub özgənin əmlakını zədələmiş, T.İ.Əhmədov isə stolun üzərində olan boşqabı silah qismində istifadə edib qəsdən Ə.R.Şirinovun baş nahiyəsindən vuraraq bir qrup şəxs halında Ə.R.Şirinova sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ gicgah nahiyəsinin qançır-şişkinliyini və üst dodağın selikli qişasının səthi yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, hadisəyə müdaxilə edən F.D.Mehdiyevə zor tətbiq edib baş nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya fiziki ağrı yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № 1(006)- 388/2023 saylı, xx.xx.2023- cü il tarixli hökmü ilə aşağıdakılar hökm edilmişdir: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X4 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. X4 barəsində seçilmiş “həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X5 üzərinə yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin X5 barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Əhmədov Nəriman lltizar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 15 may 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək həbsdə, 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı, ümumilikdə 04 (dörd) ay 12 (on iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Əhmədov Nəriman lltizar oğlunun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İddiaçı yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İddiaçı Yasın oğlunun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Həmin hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək hökmün ləğv edilməsi və ona elan edilmiş ittiham üzrə bəraət verilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2166/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə aşağıdakılara hökm edilmişdir: Təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qismən - X3 təqsirli bilinməsinə dair hissədə ləğv edilsin və həmin hissədə yeni hökm çıxarılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. İddiaçı Yasın oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilsin. Cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İddiaçı iki gün xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qimsində saxlanılmışdır. Nəsimi RPl-nin İŞ-nin müstəntiqi X.V.Bağırzadənin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxs qismində tutulma barədə qərardan barəsində bəraət hökmü çıxarılan tarixədək E.Y. İskəndərli müxtəlif xarakterli məhdudiyyətlərə məruz qalmışdır. Təqsiri sübuta yetirilmədiyindən və barəsində bəraət hökmü çıxarıldığından vurulmuş maddi və mənəvi ziyana görə ona kompensasiya ödənilməlidir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı cinayət mühakimə icraatı üzrə ümumilikdə 8 ay müddətində cinayət təqibinə məruz qalmışdır. Bu cür təqib bir-birindən fərqlənən və fərqli hüquqi nəticələr yaradan üç mərhələdən ibarət olmuşdur. Hesab edir ki, mənəvi ziyanın hesablanması zamanı hər bir mərhələyə münasibətdə ayrıca qiymət verilməklə kompensasiya məbləği müəyyən edilməlidir. Başqa cür yanaşma hüququ pozulmuş şəxsə münasibətdə qanunun əliliyinin təmin edilməsinə gətirib çıxarmaz. Eyni zamanda cinayət təqibi üzrə bütün mərhələlər üzrə eyni yanaşmanın tətbiq edilməsi ədalətin bərpasına xidmət etməyəcəkdir. İddiaçı iki gün şübhəli şəxs qismində saxlanmışdır. Bu cür məhdudiyyət onun tamamilə cəmiyyətdən və ailəsindən təcrid olunması ilə nəticələnmişdir. Bu baxımdan iddiaçının şübhəli şəxs qismində saxlandığı iki gün üçün 500 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Eyni zamanda müəyyən olunur ki, xx.xx.2023cü il tarixli qərarla İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmünün qanuni qüvvəsini alınması tarixənədək qüvvədə qalmışdır. Hesab edir ki, şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar hər ay üzrə 300 manat mənəvi ziyan iddiaçının xeyrinə tutulmalıdır (5 ay x 300 manat = 1500). Bundan başqa Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinməsi, yəni ona münasibətdə ittihamedici hökm çıxarılması iddiaçıda fərqli psixoloji əhval-ruhiyə yaratmaqla dərin mənəvi iztiraba səbəb olması nəzərə alınmaqla həmin müddətdən barəsində bəraət hökmü çıxarılan tarixədək ona hər ay üçün mənəvi ziyana görə 500 manat kompensasiya ödənilməlidir (3 ay x 500 = 1500 ). Beləliklə, mənəvi ziyana görə 3500 manat pul cavabehdən tutulmalıdır. Bundan başqa, heç şübhəsizdir ki, iddiaçı istintaq və məhkəmə proseslərində iştirak etməklə, eyni zamanda öz vəsaiti hesabına müdafiəçinin xidmətlərindən istifadə etməklə maddi ziyana da məruz qalmışdır. İddiaçı hesab edir ki, həmin tələb üzrə cavabdehdən 1000 manat tutulmalıdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Repsublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquqmühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanmasını, tutulmasını, barəsində qətimkan tədbiri seçilməsini və məhkum edilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 3500 manat, maddi ziyanın əvəzi olaraq 1000 manat, ümumilikdə 4500 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, ibtidadi istintaq və məhkəmə proseslərində iştirak etməklə, eyni zamanda öz vəsaiti hesabına müdafiəçinin xidmətlərindən istifadə etməklə ona maddi ziyan vurulduğunu əsas gətirsə də, iddia ərizəsinə əlavə edilmiş hökmdən görünür ki, İddiaçı göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin vəsaiti hesabına “Ekol” Vəkil Bürosunun vəkili X1 99.0 manat ödənilmişdir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2166/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qismən - İddiaçı təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında 1384 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində hüquqlarının müdafiəsi üçün Vəkil 150 manat məbləğində xidmət haqqı ödəmişdir. Hüquqi yardımın göstərilməsi haqqında 402 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində maddi və mənəvi ziyan tələbi ilə bağlı hüquqlarının müdafiəsi üçün Vəkil 320 manat məbləğində xidmət haqqı ödəmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi əsassız yerə cinayət təqibinə məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur.Lakin məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 1000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 5-ci maddəsində qanunverici şəxsə maddi ziyan vurulması ilə nəticələnə biləcək halları və həmin hallardan irəli gələn maddi tələbləri dəqiq olaraq müəyyən etmişdir. İddiaçı istintaq və məhkəmə proseslərində iştirak etməklə eyni zamanda öz vəsaiti hesabına müdafiəçinin xidmətlərindən istifadə etməklə vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, müdafiəçi xidmətlərindən istifadəyə görə iddiaçı 470 manat məbləğində vəsait xərcləmişdir. Beləliklə də məhkəmə iddia tələbinin 1000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi qismən əsaslı olduğundan buna dair sübutların mövcud olduğu həddə təmin edilməlidir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə cinayət təqibinə məruz qalması, ona mənəvi əzab verən hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni istintaq orqanı tərəfindən tutulduğu 2 gün (xx.xx.2023-xx.xx.2023) nəzərə alınmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin (xx.xx.2023-xx.xx.2023) müddətinə mütənasib olaraq 2200 (iki min iki yüz) manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 2200 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. İddiaçı tərəfindən təqdim edilmiş, onun iddiasını əsaslandıran sübutlara isə məhkəmə müvafiq qiymətləndirmə aparmaqla öz qiymətini vermişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş maddi zərərə görə 470 manat, mənəvi zərərə görə isə 2200 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 2200 (iki min iki yüz) manat və maddi ziyana görə 470 (dörd yüz yetmiş) manat məbləğində olmaqla, cəmi 2670 (iki min altı yüz yetmiş) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar