Məhkəmə qərarları › İş №2(006)-1883/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1883/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1883/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin hərəkətlərinin qadağan edilməsi və maneələrin aradan qaldırılması, giriş-çıxışın təmin olunması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «cavabdehin hərəkətlərinin qadağan edilməsi və maneələrin aradan qaldırılması, giriş-çıxışın təmin olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən edilən özbaşına qanunsuz istifadə edən həmin hərəkətlərin qadağan edilməsi və ona yaratdığı maneələrin aradan qaldırılması, giriş-çıxışının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-952/2002 saylı qətnaməsinə əsasən, onunla X4 arasında Bakı şəhəri Dağıstan küçəsi 11 saylı evin hər birinin sahəsi 15,2 m2 olan iki yaşayış otağının, sahəsi 18,0 m2 olan dəhlizin sahəsi 4,0 m2 olan saxlanc yerinin və sahəsi 6,0 m2 olan hamamın alqı-satqı müqaviləsi notariat tərtibatı olmadan bağlanmış hesab edilmiş və həmin sahələrə ona mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhəri Tİ və MHQİ-yə tapşırılması qət edilmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən ona Bakı şəhəri Dağıstan küçəsi 11 saylı evin hər birinin sahəsi 15,2 m2 olan iki yaşayış otağı, sahəsi 18,0 m2 olan dəhlizin sahəsi 4,0 m2 olan saxlanc yeri və sahəsi 6,0 m2 olan hamam üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2003-cü il tarixli FM seriyalı 022881 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Yaşadığı ünvanda qonşuluqda yaşayan cavabdeh 10 ildir ki, köçmüşdür. Süni maneə yaradaraq onun həyətinə, giriş-çıxışına imkan vermir. Yeni qapı qoyduraraq, ona məxsus olan su sayğacını, su borusunu, elektrik enerjisi sayğacını, 2-3 ədəd antennanı məhv etmişdir. O, dəfələrlə bununla bağlı cavabdehə etirazını bildirsə də, cavabdeh bu etirazlara məhəl qoymadan qanunsuz əməllərini davam etdirir. Cavabdehə bu barədə bildirdikdə isə sonuncu deyir ki, onun başqa gediş-gəliş yeri yoxdur. Amma tam əksi olaraq cavabdehin evinin qabağından hər cür gediş-gəliş üçün şəraiti vardır. Bundan başqa bildirir ki, cavabdehin inşa etdiyi aynabənd də onun həyəti olan hissəyə düşmüşdür. O, həmçinin bu barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh bunlara məhəl qoymamışdır. Bir sözlə onunla düşmənçilik mövqeyi tutur. Bu barədə Bakı şəhəri Nəsimi RPİ 21-ci PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq, 3/2-M-233 saylı xx.xx.2025-ci il tarixdə bildirilmişdir ki, araşdırma zamanı yaranmış məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Ərizədə qeyd olunan xüsusatlara əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Ona görə də, o, hüquqlarının bərpa olunmasını istəyir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ona qarşı qaldırılan iddiaya etiraz edir. Belə ki, o, 20 ildir ki Dağıstan küçəsi 11 ünvanında yaşayır. İddiaçı həyətinə giriş-çıxışına süni maneçilik törətməmişdir. İddiaçının həyətinə heç özü girmir. Yeni qapı yoxdur. İddiaçının su sayğacına, su borusuna heç toxunmamışdır və məhv etməmişdir. Orada olan işıq sayğacı özünə məxsusdur, lakin İddiaçı işıq sayğacının ona məxsus olduğunu iddiada qeyd etmişdir. Sayğac da yerindədir və onun evinin işıq sayğacıdır. İddiaçı yazır ki «2-3 ədəd antennamı məhv edib». Hansı antennalardır bilmir, amma orada onun da antennası olub, lakin kimin götürdüyünü bilmir və onun antenna məhv etməyə nə gücü və nə də vaxtı var. Gülməli vəziyyətdir. Hansı qanunsuz əməlləri var onu bilmir. Lakin iddiada qeyd edir. İddiaçı iddiada yazır ki: «Ona bu barədə bildirdikdə isə o mənə bildirir ki, mənim başqa gediş-gəliş yerim yoxdur, amma tam əksi olaraq onun evinin qabağından hər cür gediş gəliş üçün şərait vardır». Buradan belə çıxır ki, İddiaçı onun evinin qarşısını öz həyəti zənn edir və o, hava yolu ilə evinə girməlidir. Əgər elə bir giriş-çıxış prosesi varsa, onun niyə xəbəri yoxdur. İddiaçı iddiada yazır ki, «cavabdehin inşa etdiyi aynabənd mənim həyətim olan hissəyə düşmüşdür. Mən bu barədə də ona xəbərdarlıq etsəm də o bunlara məhəl qoymamışdır.» Buna da açıqlama versin ki, onun aynabəndindən heç qapısının qarşısı zorla görünür, qala iddiaçının qanunsuz tikdiyi hasarından sonrakı həyəti görə. Bu da bir yalanın sübutu. İddiaçı yazır ki, «mənimlə düşmənçilik mövqe tutur». Onun nəinki iddiaçı ilə, ümumiyyətlə kiminləsə düşmənçilik etməyə nə vaxtı, nə həvəsi, nə də səviyyəsizliyi yoxdur. İddiaçı yazır ki, «hüquqlarımın bərpa olunmasını istəyirəm». O, heç kimin hüququnu pozmamış, tam əksinə onun hüquqları belə boş adamlara görə pozulur, vaxtı israf olur. Bir xanıma bu qədər iftira atmaqda məqsədi nədir? Evinin qanunsuz divarlarla mühasirəyə alınması göstərir ki, onun mülkiyyətinə qəsd törədilib və bununla bağlı tədbir görülmür. Buradan məlum olur ki, iddiaçı sayğacı bəhanə edərək onun mülkünə göz dikib. Sonda iddiaçının tələbinə gəldikdə isə hansı özbaşınalıqdan söhbət gedir, iddiaçı bunu izah etsin, hara girişçıxış istəyir, bu hal da araşdırılaraq ona uyğun qərar verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi diskdən də görünür ki, iddiaçının məqsədi başqadır. İddiaçı onun giriş qapısına yaxınlaşaraq pəncərəsindən evin içinə baxmağa çalışır. Görünür ki, iddiaçının məqsədi sayğaca baxmaq deyildir. İş materialları: Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 08 iyul 2002-ci il tarixli 1MK-952/2002 saylı qətnaməsindən görünür ki, X1 Aydın Ramiz oğluna qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onların anası X4 tərəfindən Bakı şəhəri 13-cü Dövlət Notariat Kontorunda rəsmiləşdirilməklə İddiaçı adına verilmiş 02 sentyabr 1996-cı il tarixli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum X4 arasında 02 sentyabr 1996-cı il tarixdə Bakı şəhəri Dağıstan küçəsi 11 saylı evin 3 otaqdan ibarət mənzilinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2000-ci il tarixli 2-986/2000 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Nəticədə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2000-ci il tarixli 2-986/2000 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın rədd olunmasına dair hissədə ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə X4 arasında Bakı şəhəri Dağıstan küçəsi 11 saylı evin hər birinin sahəsi 15,2 m2 olan iki yaşayış otağı, sahəsi 18,0 m2 olan dəhlizin sahəsi 4,0 m2 olan saxlanc yeri və sahəsi 6,0 m2 olan hamamın alqı-satqı müqaviləsi notariat tərtibatı olmadan bağlanmış hesab edilmiş və həmin sahələrə İddiaçı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-yə tapşırılmış, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2000-ci il tarixli 2- 986/2000 saylı qətnaməsi qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli FM seriyalı 022881 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Dağıstan küçəsi 11 saylı evin hər birinin sahəsi 15,2 m2 olan iki yaşayış otağı, sahəsi 18,0 m2 olan dəhlizin sahəsi 4,0 m2 olan saxlanc yeri və sahəsi 6,0 m2 olan hamam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi RPİ 21-ci PB-nin 09 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı həmin PB-yə ünvanladığı müraciəti üzrə ərizədə qeyd olunan xüsusatlar PB tərəfindən yoxlanılmışdır. Araşdırma zamanı yaranmış məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Ərizədə qeyd olunan xüsusatlara əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. 28 yanvar 2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş və görüntüdən görünür ki, İddiaçı cavabdehin evinə bitişik divara bərkidilmiş sayğaca baxmaq üçün yaxınlaşır, daha sonra cavabdehin qapısına tərəf yaxınlaşaraq ora baxış keçirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın: 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.9-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər fərdi yaşayış evlərində yaşayırlar və ortaq həyətyanı sahədən istifadə edirlər, belə ki, tərəflərin istifadəsində olan sahələr tam şəkildə hasara alınmamışdır. İddiaçının istifadə etdiyi suyun həcmini ölçən su sayğacı cavabdehin sahibliyində olan divarın iç hissəsində yerləşdirilmişdir və iddiaçı həmin sayğaca baxmaq zərurəti yarandıqda, cavabdehin sahibliyində olan əraziyə keçmək məcburiyyətində qalır. Cavabdeh isə iddiaçının su sayğacına baxmaq hüququndan buna gərək olmadığı hallarda da istifadə etdiyini, həmin sayğacın yerinin dəyişdirilməli olduğunu bildirərək, iddianı əsassız sayır. Cavabdehə qeyd edilən tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki icraat çərçivəsində cavabdeh tərəfindən qeyd edilən tələblə ayrıca iddia ilə müraciət olunmamışdır. İddiaçı iddia tələbində cavabdehin hərəkətlərinin qadağan edilməsi, yaradılan maneçiliklərin aradan qaldırılması və giriş-çıxışının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbləri geniş və qeyri-dəqiq ifadə olunsa da, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının onun istifadə etdiyi suyun həcmini ölçən suölçən cihaz, yəni su sayğacına nəzarət etmək hüququ var və o, həmin sayğaca nəzarət etmək üçün cavabdehin sahibliyində olan əraziyə keçmək məcburiyyətində qalır. Belə olan təqdirdə həmin su sayğacına nəzarət etmək hüququ məhdudlaşdırıla bilməz və həmçinin iddiaçının həmin əraziyə daxil olmaq hüququ da məhz həmin sayğacdan istifadədən kənara çıxmamalıdır. Məhkəmə vurğulayır ki, nə iddiaçı, nə də cavabdeh öz hüquqlarından sui-istifadə etməməli, qonşuluq hüquqlarına riayət etməlidirlər. Odur ki, iddia tələbi yalnız həmin hissədə əsaslı hesab edilməklə təmin edilə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mənzilinə aid su sayğacından istifadəyə maneçilik törətməsi (maneə yaratması) Cavabdeh qadağan edilməlidir. Tələb etməməsi nəzərə alınmaqla ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında İddiaçı onun mənzilinə aid su sayğacından istifadəyə maneçilik yaratması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Tələb etməməsi nəzərə alınmaqla ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar