Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1898/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsi və "xxxx" ASC-dən müştərək qaydada 109288 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi bir hissədə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, bir hissədə isə geri qaytarılmalıdır. Belə ki, İddiaçı tələbində həmçinin Sumqayıt şəhər İcra İdarəsindən pul məbləğinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaların məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud tələb mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın Sumqayıt şəhər İcra İdarəsinə aid hissədə yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi pul məbləğinin "xxxx" ASC-dən tutulması hissəsində geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra İdarəsinə və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh "xxxx" ASC-yə qarşı hissədə geri qaytarılsın. İddiaçıya həmin hissədə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 327 manat (mədaxil qəbzi № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1898/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1898/2025
31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver