Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1918/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığortalı olduğuna görə, cavabdehə ərizəylə müraciət etmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmalara görə, yaralandığına görə Qanunun tələblərinə müvafiq olaraq 6600 manat məbləğində sığorta pulu verilməsini istəmişdir, Dövlət Sığorta Kommersiya şirkətinin xx.xx.2018-ci il tarixli məktubu ilə imtina edildiyinə görə, sığorta pulunun verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı haqlı olduğunu sübut etmək üçün, pozulmuş hüquqlarımın bərpası üçün təxminən iki il Sumqayıt şəhərindən Bakı şəhərinə məhkəmələrə getmək məcburiyyətində qalmışdır, sübutlar toplamaq məcburiyyətində qalmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat sığorta pulunun xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17\68-200892\2020 saylı məktubundan göründüyü kimi Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-446/2020 saylı İcra vərəqəsi icra olunması üçün cavabdehə verilmişdir. Göründüyü kimi, iddiaçının hüquqlarını cavabdeh pozmuşdur, bu fakt artıq qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsi ilə sübuta yetirilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsinin ikinci səhifəsində yazılmışdır ki, 6 saylı Zona TSEKin verdiyi AR seriyalı 690693 saylı arayışa əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanmadır. İddiaçıya miivafıq vəsiqə təqdim olunmuşdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsinin ikinci səhifəsinin 9-cu abzasında yazıldığı kimi, mübahisəsiz qaydada ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Daha sonra Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 446/2020 saylı qətnaməsinin ikinci səhifəsində yazılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və social deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsinin birinci səhifəsinin aşağıdan 1-ci yarımabzasında yazıldığı kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Göründüyü kimi, o, məhkəmə iclaslarına gəlməsə də, vaxtı yubatmaq üçün inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin vəsatətini təmin etməsə də, o, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6034/2019 saylı qərardadından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti iclasın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin apcllyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6034/2019 saylı qərardadına əsasən təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti qəsdən vaxtı yubatmaq məqsədi ilə digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərində olduğu kimi, inzibati məhkəmə aidiyyəti barədə vəsatəti məhkəməyə göndərmişdir və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa ela, məhkəmə iclaslarına gəlməmişdir, yazdığı vəsatətinin əsassız olduğunu, digər Qarabağ Müharibəsi əlillərinin məhkəmə işlərindən bildiyinə görə məhkəmə tərəfindən təmin edilməyəcəyini əvvəlcədən bilərək, heç bir instansiya məhkəməsində imzaladığını müdafiə etməmişdir. Göründüyü kimi, məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti vaxtı yubatmaq üçün ehtiyatsızlıqdan yox, qəstdən əməllər etmişdir və buna görə də mənəvi ziyanın əvəzi mənə daha çox məbləğdə məhkəmə tərəfindən kompensasiya təyin edilməlidir. Maddi ziyanın əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi üçün Nəsimi rayon Məhkəməsinin 2(006)-446/2020 saylı məhkəmə işində olan məhkəmə iclas protokollarına məhkəmə baxışının keçirilməsini və onların surətlərinin sübut kimi hazırkı məhkəmə işinə əlavə edilməsini xahiş edir. Həmin məhkəmə iclas protokollarından, iştirak etdiyi hər bir instansiyada məhkəmə iclaslarının sayı, itirdiyi vaxt, maddi ziyanın əsaslarını hazırkı iddia ərizəsinin qoşmasında verdiyi məhkəmə bildirişlərindən iclaslarda iştirak edibetmədiyini müəyyən etmək mümkündür, odur ki, həmin protokollar cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın sübutlarıdır, iştirak etdiyi məhkəmə iclaslarında sayını məhkəmə iclas protokollarından əldə etmək olar, yol-nəqliyyat xərclərini bu sübutlara əsasən hesablamaq mümkündür və bunu, həmin məhkəmə işini tələb etmədən, işə məhkəmə baxışı keçirmədən, müstəqil əldə etmək mümkün deyildir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2018-ci il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilmişdir. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2018-ci il tarixli 7 saylı qərarının 4-cü bəndinə əsasən Bakı-Sumqayıt (Sumqayıt- Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilmişdir. İştirak etdiyi məhkəmə iclaslarındakı sayını qeyd etdiyi tariflərə vurmaqla yol-nəqliyyat xərcləri əsaslandırılır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində, maneçiliklər törədilməsi nəticəsində məlum məsələdir ki, insan sevinməz, fiziki iztirablar keçirmiş, hüquqlarının pozulması şuuruma təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, stres keçirmiş, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və bunun nəticəsində həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə bu hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Məhkəməyə təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntuya yol verməsi, təqsirli olması, həmçinin cavabdeh iddiaçıya qarşı hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və cavabdeh tərəfin qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurması istisna edilmir. Bu xərclər cavabdehdən tutulmalıdır və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə göndərdiyi ərizənin, SS669113290AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,47 manat ödəmişdir. Ombudsmana göndərdiyi ərizənin, SS600630714AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,17 manat ödəmişdir. Binəqədi rayon Məhkəməsinə göndərdiyi ərizənin, SS513127030AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,77 manat ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinə göndərdiyi ərizənin, SS669092864AZ ştrix sıtarışh poçt göndərişi üçün Azərpoçt MMC-nin 305925183№-li mədaxil qəbzindən göründüyü kimi 1,70 manat ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinə göndərdiyi ərizənin, SS669109644AZ ştrix kodlu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin ********* saylı mədaxil qəbzindən göründüyü kimi 1,67 manat ödəmişdir. Maddi ziyanın əvəzi kimi 1500 manat və mənəvi ziyanın əvəzi kimi 3500 manat cavabdehdən tutulub, iddiaçıya ödənilməsini istəyir. Məhkəməyə bununla təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntuya yol verməsi, təqsirli olması, həmçinin cavabdehin iddiaçıya qarşı hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir və cavabdeh tərəfin qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurması istisna edilmir. Bu xərclər cavabdehdən tutulmalıdır və iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən maddi və mənəvi ziyanın əvəzi kimi 5000 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə də heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 098047 saylı vəsiqənin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-446/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddianın hüquqi əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1500 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1918/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1918/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver