Məhkəmə qərarları › İş №2(006)-1926/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1926/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1926/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanla bağlı pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanla bağlı pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Eyni zamanda, yaşadığı ərazidə fermer təsərrüfatı var. Belə ki, cavabdeh xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində iddiaçıya məxsus fermer təsərrüfatına daxil olaraq, televizoru, peyk antenanı, qapı pəncərəni sındıraraq, əkin sahəsini dağıdaraq, iddiaçıya maddi ziyan vurmuşdur. Baş vermiş bu hadisə ilə bağlı olaraq, iddiaçı şikayət ərizəsi ilə Hacıqabul rayon Polis Şöbəsinə müraciət etdi. X1 sahə rəisi, polis mayoru Asif Həsənov tərəfindən MN-№ ******* saylı protokolu tərtib edildi. Bundan başqa, cavabdeh barədə Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə Hacıqabul RPŞ-dən daxil olmuş İnzibati Xəta haqqında materiala baxaraq, Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(071)-481/2020 saylı qərarı ilə Cavabdeh təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, cavabdeh iddiaçıya 500 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 500 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın tam əsaslı olması səbəbindən onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, 3(071)-481/2020 saylı qərar qəbul edildiyi üçün onun məhkəmə iclasında iştirakı məqsədəuyğun deyildir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(071)-481/2020 saylı “inzibati xəta haqqında” qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1-də yaşayan İddiaçı fermer təsərrüfatına daxil olaraq, televizoru, peyk antenanı, qapı pəncərəni sındıraraq, əkin sahəsini dağıdaraq 500 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı 500 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh maddi ziyana görə 500 (beş yüz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 500 (beş yüz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar