Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1926/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 (üç yüz) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 330 (üç yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 26 sentyabr 2023-cü il tarixdə ingilis dili öyrənmək üçün "xxxx" MMC-nin (VÖEN: **********) direktoru və özünü sosial şəbəkələrdə ingilis dili müəllimi kimi təqdim edən Cavabdeh ilə əlaqə saxlamışdır. Danışıqlar zamanı Cavabdeh fərdi dərslərin 300 (üç yüz) manat məbləğində olduğunu bildirmişdir. İddiaçı fərdi şəkildə məşğul olmaq istədiyini bildirərək Cavabdeh məxsus olan 5404 0852 3868 5434 nömrəli plastik bank kartına 26 sentyabr 2023-cü il tarixdə 300 (üç yüz) manat ödəniş etmişdir. Lakin, Cavabdeh ingilis dilinin tədrisi ilə bağlı öhdəliklərin icrasından yayınmış və qabaqcadan iddiaçının ödənişini etdiyi dərsləri tədris etməmişdir. Dəfələrlə iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı pulu hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Sonuncu dəfə cavabdehə pretenziya ərizəsi göndərməsinə baxmayaraq, cavabdeh yenə pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, Cavabdeh 300 (üç yüz) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 330 (üç yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddianı tam müdafiə etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli “pul köçürməsinin təsdiq edilməsi barədə” ərizədən görünür ki, iddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:33-də özünə məxsus olan 4169 7388 6785 7694 plastik bank kartından Cavabdeh məxsus olan 5404 0852 3868 5434 saylı plastik bank kartına 300 manat pul köçürmüşdür. Yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən pul köçürməsinin "xxxx" ASC tərəfindən təsdiq edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 0xx/xx/10629 nömrəli məktubundan görünür ki, iddiaçının istifadəsində olan 416973******7694 nömrəli plastik kartdan 300 (üç yüz) manat məbləğində ödəniş (M10) icra edilmişdir. İddiaçı Cavabdeh göndərdiyi xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 300 (üç yüz) manat pulun hazırkı pretenziya məktubu ünvan üzrə daxil olduqdan sonra 5 gün müddətində ona ödənilməsini tələb etmişdir. Əks halda məhkəməyə müraciət edəcəyini və məhkəmə xərclərini də, ondan tələb edəcəyini cavabdehin nəzərinə çatdırmışdır. İddiaçı və Cavabdeh arasında olan “Whatsapp” sosial şəbəkəsində yazışmalarından görünür ki, 26 sentyabr tarixində cavabdeh öz istifadəsində olan 5404 0852 3868 5434 nömrəli bank kartının şəklini iddiaçıya göndərmiş, iddiaçı da ona fərdi şəkildə ingilis dili tədris edilməsi qarşılığında cavabdehin bank kartına 300 manat pul vəsaiti köçürmüşdür. Lakin, pul köçürüldükdən sonra cavabdeh iddiaçının mesajlarına cavab verməmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumunu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də daxildir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsin əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.i 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh ona fərdi şəkildə ingilis dili tədris edilməsi üçün 300 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu hal xidmət təklif edən Cavabdeh xidmət təklifinə xidmətə görə ödəniş üzrə İddiaçı müvafiq ödənişi həyata keçirməsi ilə təsdiq olunur. Cavabdeh belə bir ödənişin olmasını inkar etməmiş, tərəflər arasında baş tutmuş yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, iddiaçı müvafiq qaydada pulun ödənişini həyata keçirsə də, cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün ödənişini geri tələb etmişdir. Bu səbəbdən, iddiaçı cavabdehin əsassız şəkildə varlandığına görə ödədiyi 300 manatın cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 330 (üç yüz otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1926/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1926/2024
06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver