Məhkəmə qərarları › İş №2(006)-1927/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1927/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1927/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 qıqı və İddiaçı3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 qıqı və İddiaçı3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışlar ki, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla istifadə və sahiblik hüquqları vardır. 2021-ci ildən "xxxx" MMC qeyd edilən ünvanda yerləşən yaşayış evlərini sökərək hündürmərtəbəli yaşayış binalarının tikintisinə başlamışdır. ünvan 1 ünvanında onlarla birlikdə digər ailə üzvləri də pasport qeydiyyatında olmaqla yaşayırdılar. Onlara məxsus bir otaqlı evi isə cavabdehin istifadəsinə vermişlər. Bu səbəbdən cavabdehlə "xxxx" MMC arasında razılaşma əldə olunması üçün onların da notarial qaydada ərizələrinin təqdim olunmasını tikinti şirkəti Cavabdeh tələb etmişdir. Cavabdehlə son olaraq belə razılaşmışlar ki, o, onlara 30.000 manat pul verəcəkdir və onların da evin sökülməsi ilə bağlı "xxxx" MMC-yə qarşı etirazları olmayacaqdır. Beləliklə Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş, Cavabdeh istifadə və sahibliyində olan (onlara məxsus otaq da daxil olmaqla) 6 otaqlı, 174 kv.m. fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul vəsaitini Cavabdeh ödəyəcəkdir. Qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı 80 kv.m. mənzili Cavabdeh verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətçi (faktiki sahib) sökülməsi nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək. Ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürür.Fərdi yaşayış evi sökülməzdən əvvəl "xxxx" MMC-nin rəhbərliyi ilə görüşən zaman da bildirdilər ki, onları bir ünvana görə bir-neçə şəxslə müqavilə bağlaya bilməzlər. Bu səbəbdən müqaviləni Cavabdehlə bağlayaraq pulu ona verəcəklər və Səfərdə onların yanında vəd etdiyi 30.000 manat pul vəsaitini onlara ödəyəcəkdir. Cavabdeh qeyd edilən müqaviləni bağlayıb pul vəsaitini aldıqdan sonra onlara vəd olunmuş pul vəsaitini verməkdən imtina etmişdir. Artıq cavabdeh haqqları olan kompensasiyanı könüllü olaraq verməkdən imtina edərək hüquqları pozduğu üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Nəsimi rayon Məhkəməsində iş üzrə cavabdehə və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Nəsimi rayon Məhkəməsinin 2(006)- 4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, onların iş üzrə cavabdehlərə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə deyil, cavabdehə qarşı pul tələbinə dair hüquqları vardır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması üçün cavabdehə qarşı «pul tələbinə dair» iddia qaldırmaq niyyətində qalmışlar. Göstərilənlərə əsasən iş üzrə Cavabdeh onlara ödəməli olduğu 30.000 manat və iddia üçün ödənilmiş 180 manatın, ümumilikdə 30180 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə 1974-cü ildən həmin mübahisəli ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. O, və ailəsi həmin evdə qeydiyyatdadır. Daha sonra 1988-ci il tarixində ailədaxili münaqişələr səbəbindən həmin evi tərk etmişlər. 2021-ci ildə "xxxx" MMC qeyd edilən ünvanda yerləşən evləri sökərək hündürmərtəbəli binaların tikintisinə bağlamışdır. Qeyd edir ki, onlar ailəsi ilə birlikdə həmin evi tərk edərkən istifadəsində olan otağı cavabdehin istifadəsinə vermişlər. Bu səbəbdən "xxxx" MMC razılaşmanın əldə olunması üçün cavabdehdən onların da, notarial qaydada təsdiq olunmuş ərizələrini tələb etmişdir. Onlar cavabdehlə sonradan razılığa gəlmişlər ki, o, onlara 30.000 manat pul verəcək və onların da evin sökülməsi ilə bağlı heç bir etirazları olmayacaqdır. Daha sonra xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış və həmin evdə qeydiyyatda olan, ancaq həmin evdə yaşamayan şəxslərlə bağlı yaranacaq bütün mübahisəli hallarla bağlı bütün məsuliyyəti cavabdeh öz üzərinə götürmüşdür. Onlar "xxxx" MMC ilə bununla bağlı görüşləsər də, onlara bildirmişlər ki, bir ünvanla bağlı bir neçə şəxslə müqavilə bağlanılması mümkün deyildir. Odur ki, müqavilə cavabdehlə bağlanılacaq və pul ona ödəniləcək. Sonradan cavabdeh həmin puldan onlara çatası məbləği onlara ödəyəcəkdir. Lakin cavabdeh müqaviləni bağladıqdan sonra həmin ödənişi verməkdən imtina etmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə 1974-cü ildən həmin evdə yaşamışlar və həmin evdə qeydiyyatdadırlar. Onlar 14 il, yəni 1988-ci ilə qədər həmin evdə yaşamışlar. Odur ki, həmin evdə onların da hüquqları vardır. Cavabdehin onlara 30.000 manat pul verəcəyi ilə əlaqədar aralarında hər hansı bir yazılı razılaşma olmamışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə iddiaçıların belə bir iddia ilə müraciət etmək hüquqları yoxdur, çünki iddiaçıların mübahisəli evlə bağlı sahiblik və istifadə hüquqları olmamışdır. Həmin evin çıxarışı olmamış və qanunsuz tikili olmuşdur. Həmin evdə MMC ilə razılaşma əldə olunan vaxt hazırki mülki iş üzrə cavabdeh və ailəsi yaşamışdır. Bu hallar tərəflər arasında digər məhkəmə mübahisəsi zamanı aydınlaşdırılmışdır. Bu səbəbdən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən İcra Hakimiyyətinin sərəncamına əsasən həmin bölgədə olan evlər satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq həmin ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin çıxarışı yoxdur. Hazırki mübahisə predmeti olan mənzilin də çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə əsasən evlər MTK tərəfindən satın alınarkən həmin evlərdə yaşayan və mülkiyyətçiləri ilə razılıq əldə olunmalıdır. Buna uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərlə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən həmin müqavilə üzrə alqı-satqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bağlı öhdəliyi hazırki mülki iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh onlara bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçılarla yarana biləcək bütün mübahisəli məqamları həll edəcəkdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı2 Balaca qızı və İddiaçı1 cavabdehlər "xxxx" MMC-nin direktoru X1 və Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürsədə, iddiaçıların həmin özbaşına tikiliyə aid hər hansı bir hüququnun olması barədə sübutu məhkəməyə təqdim etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi cavabdehin faktiki sahibliyində olmuşdur. İddiaçılar həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda 1988-ci ildən mübahisəli evdə yaşamırlar (özləri tərəfindən verilmiş izahata əsasən). Həmin sahədə yerləşən yaşayış evlərdən sakinlərin köçürülməsi və həmin evlərin sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırda iddiaçılar cavabdehin müqaviləni bağlayıb pul vəsaitinin aldıqdan sonra onlara vəd olunmuş pul vəsaitinin verməkdə imtina etdiyini iddia edərək, cavabdehdən onlara ödəməli olduğu 30.000 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

14. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin evin sökülməsi ilə əlaqədar cavabdehdən onlara vəd etdiyi pul vəsaitinin tələbi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

15. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların pul tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.

16. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

17. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

18. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaçıların sözügedən mənzillə bağlı heç bir hüquqi bağlılığı da mövcud deyildir. Belə ki, həmin əmlak həm özbaşına tikili olmuş (sərəncam və istifadə hüququ – qüvvədən düşmüş xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən olmamışdır), həm əmlakla bağlı maraqlarıda aradan qalxmış (1988-ci ildən oradan çıxıb getmişlər), Cavabdeh iddiaçılara hər hansı bir vədi də rəsmiləşdirilməmişdir.

19. Məhkəmə bu halda hesab edir ki, iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir.

20. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir.

21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, 180 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb təmin edilməməli, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar