Məhkəmə qərarları › İş №2(006)-1932/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1932/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1932/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, cavabdeh tərəf olan Cavabdeh MMC-dən iddiaçıya satılan 4 ədəd ( arxaqabaq hisssələr üçün) Pirelli P- zero Luxary-S markalı, 255/35R19 DOT 4019,255/35 R19DOT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 4 ədəd şinin cavabdeh şirkətə geri qaytarılması və onlar tərəfindən həmin şinlərin satış dövriyyəsindən çıxarılması öhdəliyinin “Radius Plus“ MMC-nin üzərinə qoyulması və təkrar satılmasının qadağan edilməsi, İddiaçı tərəfindən ümumi olaraq ödənilmiş 1712.56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat maddi, 5000 (beş min) manat mənəvi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin cavabdeh tərəf Cavabdeh MMC-dən tutularaq, 1712.56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat maddi və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin iddiaçının, mənəvi zərərin əvəzi olaraq ödənilməli olan 5000 (beş min) manat pul vəsaitinin “Yaşat Fondu” nun xeyrinə ödənilməsinə dair və Cavabdeh MMC barəsində "xüsusi qərardad “ elan edib, aidiyyatı üzrə üzrə prokurorluğa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərib, araşdırma nəticəsinin məhkəməyə təmin edilməsini tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022- ci il tarixində cavabdeh şirkət Cavabdeh MMC-nin Səbail rayon ərazisində yerləşən (Şıx Massivi, 1-ci Badamdar qəsəbəsində yerləşən) «X2 Mərkəzi” mağazasından Audi A5 2015-ci il markalı, 10BP 013 dövlət qeydiyyat nişanlı avtomobili üçün 4 ədəd (arxa-qabaq hisssələr üçün) Pirelli P-zero Luxarv-S markalı, 255/35R19 DOT 4019,255/35 R19DÜT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 4 ədəd şin almış və bunun müqabilində elə həmin tarixdə nəğd formada 1712.56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat pul vəsaiti ödəmişdir. Şinlərin hər biri 428.14 manat olmaqla ümumilikdə 4 ədədi 1712.56 ( min yeddi yüz on iki manat əlli altı qəpik) manat pul vəsaitini əhatə etmişdir. Təkərlər onlar tərəfindən avtomobilinə quraşdıırlmışdır. Həmin vaxtdan təxminən bir neçə gün sonra xx.xx.2022-ci il tarixində X1 (keçmiş Nasosnu qəsəbəsi) qəsəbəsindən şəhərə gələn ərazidə cavabdeh şirkətdən aldığı şinlərdən biri keyfiyyətsiz və təmiz fabrik istehsalı olmaması səbəbəbilə avtomobilinin idarəetməsindən çıxıb, kənara yuvarlandı və ailəcə getdiyi avtomobil son anda qəza şəraitindən qurtarmış olmuşdur. Belə ki, həmin şinin (təkər) rezin hissəsi birbaşa dairəvi bitişik hisəsi olan metal hissədən ayrılaraq qəza vəziyyətinə şərait yaratmışdır. Bu da ailəlikcə onlara həmin an böyük stress, həyəcan, mənəvi zərbə yaratmışdır. Uzun müdddət həmin hasidisənin stress vəziyyətindən çıxa bilməmişdir. Dərhal cavabdeh şirkətə məlumat verməyinə baxmayaraq, şirkət laqeyd formada yalınız qəzaya uğradan şini yenisi ilə əvəzləyəcəyini, baş verən hadisəni unutmağını təklif etmişdir. Bununla əlaqədar olaraq aidiyyatı Səbail rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsi aidiyyatı üzə Səbail RPİ 41 PB-nə göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bu da hüquq muhafızə orqanının cavabdeh şirkətin keyfiyyətsiz, insanları aldadaraq satdığı saxta məhsullarla insanların həyati təhlükə yaratmalarına dair qanuna zidd əməllərinə gözyumaraq, himayədarlıq etməsinin göstəricisidir. Həmin hadisədən bu günə qədər dəfələrlə cavabdeh şirkətə müraciətləri nəticəsiz qalmaqla yanaşı, insanlara eyni mənən verdikləri keyfiyyəti qüsurlu şinləri satmağa davam edirilər. Cavabdeh şirkətdən ümumilikdə maddi ziyan kimi 1712.56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manatı, mənəvi ziyan kimi 5000 (beş min) manat və dövlət rüsumu olaraq pul vəsaitinin tutularaq maddi ziyan və dövlət rüsumunun iddiaşının, mənəvi zuyanı isə "Yaşat Fonduna“ ödənilməsi mütləq və zəruridir. Mənəvi zərər bilavasitə zərər vuranın hərəkətlərinin nəticəsi olaraq, bu haldan zərərçəkmiş tərəfin şüuruna təsir göstərmklə, mənfi psixoloji reaksiyaya səbəb olur. Bu zaman zərər vuran tərəf zərərçəmiş tərəfə vurulmuş əmlak zərəri ilə birlikdə kompensassiya ediliməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə və maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu”na məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin və maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu”nun nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC şirkəti tərəfindən 4 ədəd təkər satılmışdır. İddiaçının iddia etdiyi tələb ki, təkər keyfiyyətsiz olub o, avtomobili darə edərkən qəza vəziyyətinə düşüb və ziyan alıbdır. Bu tələbi qəbul etmirlər belə ki, onlar əməkdaşları ilə birlidə təkərə və video görüntüyə baxdıqları zaman sürüçünün səhlənkarlığından təkər zədələnmişdir. Təkər istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən dəlik əmələ gəlmişdir. Təkərdə əmələ gəlmiş dəlik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmişdir. Şinin boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski təkəri dairəvi formada kəsərək onu iki hissəyə ayırmışdır. Həmin vaxt hər hansı keyfiyyətsiz təkər deyil sürücünün səhlənkarlığı ortaya çıxır ki, şirkət burada hər hansı bir məsuliyyət daşımır ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayonu Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 47-42A-2320/11/23 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, qeyd olunan məsələ mülki xarakterli oduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Texniki müayinə haqqında” aktın surətindən görünür ki, «**-BP-***» dövlət qeydiyyat nişanlı ağ rəngli «Audi A5 minik» avtomaşının üzərində olmuş 1 (bir) ədəd «Pirelli P- zero Luxury -S» (ölçüləri: 255/35R19) avtomobil şini (sonrakı mətndə “ş/n") müayinə olunmuş və aşağıdakılar müəyyən edilmişdir: 1.Şin istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən dəlik əmələ gəlmişdir. 2. Şində əmələ gəlmiş dəlik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. 3. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmişdir. 4. Şinin boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini dairəvi formada kəsərək onu iki hissəyə ayırmışdır. 5. Şinin təmiri və ya bərpası texniki cəhətdən mümkünsüzdür. 6. Texniki müayinə zamanı şində istehsalat qüsuru aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624-cü maddəsinə əsasən aliciya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli texniki müayinə aktının surətindən görünür ki, Şin (təkər) istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən dəlik əmələ gəlmişdir. Şində (təkərdə) əmələ gəlmiş dəlik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmişdir. Şinin (təkərin) boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini (təkəri) dairəvi formada kəsərək onu iki hissəyə ayırmışdır. Şinin (təkərin) təmiri və ya bərpası texniki cəhətdən mümkünsüzdür. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya keyfiyyətsiz malın (şinlərin) satılması barədə iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 80 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar