Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1941/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Samile Mamedovaya qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Samile Mamedovaya qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Samile Mamedovadan vurulmuş zərərin ödənilməsi kimi 9000 manat pulun alınıb ona verilməsi, eyni zamanda ona vurduğu mənəvi zərərə görə 10000 manatın, ümumilikdə 19000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Samile Mamedovaya qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə sahibliyində olan torpaq sahəsi üzərində tikinti işləri aparmaq qərarına gəlmiş və bu niyyətlə tikintini inşa edəcək ustalarla danışıb zəruri tikinti materiallarını yaxınlıqda yerləşən tikinti materiallarının alqı-satqısı ilə məşğul olan ticarət obyektlərindən alıb həmin torpağın üzərində bir mərtəbəli evi tikdirmişdir. Həmin evin dam örtüyünü də vurdurub qurtarandan sonra cavabdeh kimi cəlb etdiyi Samile Mamedova öz qohumları ilə ona hücum edib xəsarət yetirdilər, eyni zamanda onu öz vəsaiti hesabına inşa etdirdiyi evi dağıdıb istifadə olunan tikinti materiallarını sındırıb yararsız hala salmışlar. Samilə Məmmədovanın bu hərəkətləri ilə bağlı onun barəsində Suraxanı rayon Polis İdarəsində ********* saylı cinayət işi başlanmış və o, istintaqa cəlb olunmuşdur. Uzun araşdırmadan sonra onun barəsində başlanmış Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə onların barışması ilə əlaqədar olaraq xitam verilmişdir. O vaxtlar polis idarəsində onları araşdıran zaman Samilə ona vurmuş olduğu zərərlərin də əvəzinin ödənilməsini aralarınakı şifahi razılıqla öhdəsinə götürmüşdür, lakin o, cinayət işinə xitam veriləndən sonra vurulmuş zərərin ödənilməsi ilə bağlı olan öhdəliyinə əməl etməmiş və onun tikdirmiş olduğu evi dağıdıb istifadə olunan tikinti materiallarını məhv etməklə ona vurmuş olduğu 9000 manat məbləğində zərəri ödəməkdən imtina etmişdir. Cavadehlə dəfələrlə əlaqə saxlayıb ona vurmuş olduğu zəzəri ödəməyi təklif etsə də o, öz istəyi ilə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Məhkəmədə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizələrinin məzmununa uyğun izahat verdilər. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəl tərəflər arasında Suraxanı Rayon məhkəməsində iddiaçının cavabdehə qarşı evin yerləşdiyi torpaq sahəsindən və evdən istifadəyə görə maneələrnin aradan qaldırılması tələbinə dair mülki işə baxılmış və iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin işdə evin kim tərəfindən tikilməsi məsələsinə baxılmış və evin iddiçaıya məxsus olması və tikilməsinə dair hər hansı sübut təqdim etmədiyində bu fakt öz təsdiqini tapmamışdır. Mübahisə predmeti olan ev cavabdehə məxsusdur. İddiaçı cavabdehə məxsus evin dam hissəsini özbaşına olaraq tikmiş, tərəflər arasında münaqişə yaradığından cinayət məcəlləsinin 128 maddəsinə əsasən cinayət işi açılmışdır. Cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda tərəflərin izahatları alınmışdır. Eyni zamanda 9000 manat zərərlə bağlı yalnız 2000 manat qaimə fakturası və 400 manat iş materillarında sənəd mövcuddur. Qanuna və hüquqa zidd hərəkətlərin vurulması faktına əsasən cavabdeh tərəfindən hər hansı ziyanın vurulması əsassızdır. Çünki cavabdehə məxsus evin dam örtüyünün iddiaçı tərəfindən özbaşına vurulması və bunun nəticəsində cavabdeh tərəfindən tələb olunaraq sökülməsi faktı hər hansı ziyanın vurulmasına əsas ola bilməz. Həmin sökülən materiallar isə iddiaçı tərəfindən aparılmışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verimiş X4 bildirmişdir ki, cavabdeh ilə Binə qəsəbində qonşudur. Cavadehə məxsus Binə qəsəbəsində yerləşən torpaq sahəsində hörgü işlər aparıb, ev tikib və yalnız evin dam hissəsi qalmışdır. Dam işlərini də cavabdeh ona həvalə edəcəyini bildirmişdir. Səhər vaxtı işə gedən zaman cavabdehə məxsus evin yanında keçdiyi zaman evin dam hissəsində heç bir iş görülməmişdir. Lakin saat 5-6 civarı olan zamanı evə qayıdan vaxtı evin dam örtüyü işləri vurulduğunu görmüş. Daha sonra cavabdehə zəng vuraraq bildirmişdir ki, evin dam işləri görülür və bu işi ona həvalə ediləcəyi vədini xatırlatmışdır. O isə bildirmişdir ki, orada dam işləri aparmır. Evin arxa hissəsinə keçdiyi zaman taxta hissələri və 7-10 ədəd dəmir list vurulmuşdur. Cavabdeh həmin yerə gələrək mübahisə baş vermişdir. Dam örtüyünə vurulacaq materiallar qonşu Asif adlı şəxsin həyətinə yığılmışdır. Çünki cavabdehin həyətində həmin materiallar mövcud olmamışdır. Daha sonra isə evin dam örütüyünə vurulan materiallar orada olan ustalar və cavabdehin yoldaşı tərəfindən sökülərəq küçəyə yığılmışdır. Sökülən materiallar çıxarılan zamanı artıq əzilmiş və qırılmışdır. Dam örtüyünə vurulan taxta materialların təxmini olaraq 1000-1200 manat civarında olardı. Cavabdeh evin dam örtüyü işlərini ona həvalə edəcəyini bildirmiş və həmin iş görüldüyü təqdidirdə onunla 500 manat zəhmət haqqına ilkin olaraq razılaşmışlar. Sökülən materiallar səhəri gün iddiaçı tərəfindən aparılmışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verimiş X5 bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçı evin dam örtüyünə aid olan materialları Dərnəgüldən almışdır. Onda olan məlumata əsasən qonşuluqda olan Asim adlı şəxs 6-7 nəfərdən ibarət ustalar gətirərək 2-3 gün ərzində evin dam işləri vurulmuşdur. Sonra kimsə cavabdehə evin dam işlərinin görülməsi barədə məlumat vermişdir. Cavabdeh həmin əraziyə gələrək özü və yanında gələn şəxslərin köməyi ilə dam örtüyü sökülərək bir hissəsini bir tərəfə digər hissəsini isə digər tərəfə yığılmışdır. Həmin söküntü işlərinin kim tərəfindən aparılmasını görməsə də, sonradan gəlib yerə yığıldığını görmüşdür. Evə vurulan damın cavabdeh tərəfindən sökülməsini görməsə də ərazidə olan qonşular təsdiq edə bilərlər bu hal onun tərəfindən həyata keçirilmişdir. Həmin əraziyə gəldikdən sonra materialların yerdə olmasını görmüşdür. Söküntüdən sonra cavabdeh ona nalayıq ifadələr işlədərək həmin işə qarışmamasını bildirmişdir. Ərazidə kommunal xidmət kimi qaz olmadığına görə yerdə olan taxta materialları səhərə kimi naməlum şəxs tərəfindən götürülüb aparılmışdır. Dəmir listlər isə qırılıb əzilmişdir. Özü hörgü ustasıdır. Yerdə olan materiallarla evin dam örtüyü tam olaraq əhatə edilmişdir. Evin dam örtüyünün vurulmasını görməmişdir. Sadəcə olaraq gəlib artıq yerdə olduğunu görmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixli əmr № 135-dən çıxarışın surətindən görünür ki, Azərbaycan SSR-i Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 №li qərarına və bu qərarın əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23№ li qərarın tələbinə uyğun olaraq İddiaçı fərdi evin tikilməsi məqsədi ilə 0.07 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3310/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı maneələrin aradan qaldırılması və cavabdehə qanunsuz hərəkətlərin qadağa olunmasına dair iddiası təmin edilməmişdr. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaimə fakturanın surətindən görünür ki, mismar üçün 54.5 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli siyahıdan görünür ki, inşaat materiallarına görə 2200 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, inşaat materiallarına görə 4500 manat ödəniş edilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokolun surətindən görünür ki, İddiaçı (mülki iş üzrə iddiaçı) hadisə yerini göstərərək ona məxsus evin damının Quliyeva Samirə, onun yoldaşı və qardaşı tərəfindən sökülərək yararsız hala salınmış ona 7000 manat ziyan dəymişdir. İş materiallarında olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Tağıyevin xx.xx.2023-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərarın surətindən görünür ki, Quliyeva X2 Samilə İsmayıl qızı ilə barışdığını, ondan heç bir şikayət və tələbin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmanın nəticəsi olaraq hesab edir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsaəsn bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3310/2024 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin tərəflərdən heç birinin mülkiyyətində olmadığı müəyyən edilmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlərdir. İddiaçılar yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlarla yanaşı vurğulanmalıdır ki, iddiaçı istintaq materiallarında və iddia ərizəsində mübahisəli evin onun tərəfindən tikilməsini qeyd etsə də, məhkəmə iclasında mübahisəli evin cavabdeh tərəfindən inşa edildiyini bildirmiş (xx.xx.2025-ci il tarixli iclas protokolu), həmin evin damı üzərində işləri aparmağa hazırlaşarkən torpağa və evə dair hüquqlarının qeydə olınmadığı barədə xəbəri olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli ünvana dair hüquqmüəyynəedici sənədlərin olduğu halda belə iddiaçının sözügedən tələbin təmin edilməsi üçün təqdim etdiyi sübutlar mötəbər olmamaqla iddianın təmin edilməsi üçün kifayət deyildir. Belə ki, iddiaçı öz dəlillərini məhkəmədə iddia ərizəsində verdiyi izahatı və şahid ifadəsi ilə sübut etməyə çalışsa da, bu sübutlar zidiyyətli olduğundan iddianın təmin edilməsi üçün mötəbər hesab edilə bilməz. Belə ki, dam örtüyünün bağlanması zamanı iddia edilən bütün tikinti materiallarından istifadə edilib edilməməsi barədə zidiyyətli ifadələr damın sökülməsi nəticəsində vurulması ehtimal edilən ziyanın həcmini müəyyən etməyə imkan verməməklə, iddiaçı özü də tələbində göstərdiyi həcmdə (9000 manat) ziyanın vurulması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, təqdim edilən qaimələr də sadəcə inşaat materiallarının adlarının və iddianın məbləğini əhatə etməyən rəqəmdən ibarət olmaqla iddianın əsaslarının sübut edilməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Samile Mamedovaya qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1941/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1941/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver