Məhkəmə qərarları › İş №2(006)-1959/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1959/2021

17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1959/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Sığorta Şirkətini cəlb etməklə Cavabdeh qarşı «yol-qəza hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Sığorta Şirkətini cəlb etməklə Cavabdeh qarşı «yol-qəza hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 etibarnamə əsasında idarə etdiyi **-GE-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” minik avtomobili ilə şəhər və şəhərətrafı sərnişindaşıma-taksi xidmətləri sahəsində fəaliyyət göstərir. Bu məqsədlə fiziki şəxs qismində fərdi sahibkarlıqla məşğuldur. 08 dekabr 2020-i il tarixində, axşam saat təxminən 19:30 radələrində sözügedən avtomobil vasitəsilə xidməti vəzifəsini yerinə yetirərkən, Füzuli küçəsində hərəkətdə olduğu həmin küçənin kəsişməsində yerləşən Bülbül prospektindəki yol ilə işıqforun qırmızı işığına məhəl qoymadan hərəkətini davam etdirən “Hunday Sonata” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zəncirvari yol qəza hadisəsi törədərək əvvəlcə qarşısına çıxan ilk avtomobili yan hissədən vurmuş, bundan sonra zərbənin təsirindən həmin a/n vasitəsi onun yanında hərəkət edən X2 idarə etdiyi avtomobilə və o, isə idarə etdiyi avtomobil paralelində də hərəkətdə olan avtomobilə çırpılmış və nəticədə 3 avtomobil zədələnərək, onlara ciddi ziyan dəymişdir. Hadisədən dərhal sonra hadisə yerinə YPX əməkdaşı olan hadisə üzrə müfəttiş və müvafiq sığorta şirkətinin əməkdaşları gəlmişlər. Aidiyyatı üzrə yerində aparılan araşdırmalar nəticəsində “Hunday Sonata” markalı avtomobilin yol hərəkət qaydasını pozaraq zəncirvari qəzaya səbəb olan yol hadisəsi törətdiyi müəyyən edilmişdir. Bundan sonra təqsirkar şəxs qismində “Hunday Sonata”nın sürücüsü Cavabdeh barədə YPX əməkdaşı tərəfindən inzibati protokol tərtib edilərək, onu inzibati məsuliyyətə cəlb etmişlər. Dəymiş ziyanın müəyyən edilməsi məqsədilə “Ulduz” Avtoservis şirkətinin mütəxəssisləri X2 avtomobilini müayinə edərək onun zədələnməsi nəticəsində mənə 3714 manat ziyan dəydiyini hesablamış və bununla bağlı “Qüsur aktı” tərtib etmişlər. Cavabehin avtomobilini icbari sığorta etmiş "xxxx" MMC ona dəymiş ziyana görə 3714 manatın müqabilində cəmi 1327 manat pul ödəmişdir. Belə olan halda o, avtomobilini tam təmir etdirərək saz vəziyyətdə gətirə bilmədiyi üçün dəymiş maddi ziyanın qalan hissəsinin cavabdeh şəxsdən tutulmasını məqsədəuyğun hesab edir. Avtomobillə taksi xidmətləri göstərərkən iddiaçı hər gün orta hesabla 40 manat gəlir əldə edirdi, hal-hazırki dövrə qədər əldən çıxmış qazanc 1200 manat təşkil edir. Eyni zamanda, avtomobilin olmaması ailəsinin və özünün sərbəst hərəkətini və istirahətini pozmuşdur. Belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 4000 manat dəyərləndirir. Göstərilənlərə əsasən, yol-qəza hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın qalan 2387 manat pul vəsaitinin, əldən çıxmış faydaya görə avtomobil tam saz vəziyyətə gətirilən günə qədər 08 dekabr 2020-ci il tarixdən etibarən hər gün 40 manat olmaqla cavabdehdən tutulması, dəymiş mənəvi ziyana görə 4000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Sığorta Şirkəti məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Ulduz” avtoservis tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli qüsurluq aktından görünür ki, “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci 3714 manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 04.06.2020-ci il tarixində verilmiş, AD № 799097 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X6 ona məxsus olan “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 25.08.2021-ci il tarixədək X2 istifadəsinə vermişdir. İşin materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 08.12.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Hunday Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 9/2724 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan “Ulduz” avtoservisin 18.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxışlı “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3294 manat müəyyən edilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, zərərdəymiş avtomobilin mülkiyyətçisi iddiaçı olmasada, nəqliyyat vasitəsi onun sahibliyində və istifadəsində olmuşdur. Həmçinin mülkiyyətçi tərəfindən iddiaçıya verilən etibarnamədə də avtomobil üzərində sərəncam vermək, ərizə vermək, qeydiyyatdan çıxarmaq kimi hüquqlar etibar edilmişdir. Bu hüquqlar hal-hazırda iddiaçıya qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün əsas olmuş və iddiaçının subyektiv hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı X4 məhkəmə iclasında ona vurulmuş zərərin 1327 manatının artıq ödənildiyini bildirmişdir. Ona görə Cavabdeh maddi zərərə görə 1967 manat (3294-1327=1967) məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir. Həmçinin, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış fayda kimi 08 dekabr 2020-ci il tarixindən avtomobilin tam saz vəziyyətə gətirilən günə qədər hər gün 40 manat pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, hər hansı bir möcvud müqavilə və s olmadığından həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. İddianın mənəvi zərərin tələb edilməsi hissəsini hüquqi cəhətdən əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddiaya tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını məhkəməyə bildirməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, bu mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh 1967 (min doqquz yüz altmış yeddi) manat məbləğində maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1997 (min doqquz yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı X3 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1967 (min doqquz yüz altmış yeddi) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1997 (min doqquz yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar