Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1962/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 220.000 manat, mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 320.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: B.Pənahov) 1(006)-32/2019 №-li, xx.xx.2019-cu il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, fərdi əməklə məşğul olan İddiaçı Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Həmin hökmdən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmü ilə təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilərək iddiaçının əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020ci il tarixli qərarı ilə təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirmişdir ki, 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsalı “Candela GentleLase” markalı lazer-epilyasiya aparatı alıb, onlardan birini əvvəlcə Neftçilər metrostansiyasının yaxınlığındakı gözəllik salonunun, 2015-ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Əminə” gözəllik salonuna yerləşdirib işlədərək gəlir əldə etmişdir. Həmin vaxtlar “Nazim 1001” şirkətinə olan borcuna görə müvəqqəti istifadə üçün qarşılıqlı razılıq əsasında Rasim Tanrıverdiyevə vermiş və sonuncu xx.xx.2017-ci ilə kimi həmin aparatdan istifadə etmişdir. xx.xx.2017-ci ildə gözəllik salonunun iddiaçıda olan açarlarından istifadə edərək həmin aparatı salondan götürüb yük avtomobilinə qoyub apamışdır. Aparatı bir müddət “Həzi Aslanov” adına metrostansiyanın yaxınlığında yerləşən yerdə saxlamış, xx.xx.2017-ci ildən Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “Əminə” gözəllik salonuna apararaq orada istifadə etməyə başlamışdır. X1 şikayəti əsasında iddiaçı barəsində Nəsimi rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Nəsimi Rayon Polis İdarəsində aparılan istintaq zamanı müstəntiqin “Maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarına əsasən iddiaçının mülkiyyətində olan 9914-9015-1441 seriyalı “Candela GentleLase” markalı lazerepilyasiya aparatı saxlanılması üçün zərərçəkmiş X5 təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmü ilə qeyd edilən aparatın iddiaçıdan alınaraq saxlanılması üçün Nazim Tanrıverdiyevə verilməsi qanunsuz hesab edilərək həmin aparatın iddiaçıya qaytarılması göstərilmişdir. İddiaçı həmin aparatdan xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər istifadə etmişdir. Aparatdan istifadə ilə bağlı olan bütün əməliyyatlar, o cümlədən əldə olunan gəliri ayırdığı ayrıca dəftərdə qeyd etmişdir. İddiaçı hər ay aparatdan orta hesabla 10.000 manat gəlir əldə edirmiş. Aparatın iddiaçıdan götürüldüyü gündən Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü çıxarıldığı günədək, yəni 22 ay ərzində 220.000 manat gəlirdən məhrum olmuşdur. Heç bir əsas olmadan iddiaçı şübhəli şəxs kimi 48 saat polis idarəsinin təcridxanasında saxlanılmış, sonradan əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinə tövsif edilərək cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bütün bu müddət ərzində iddiaçı və ailə üzvləri sarsılmış, böyük narahatlıqlar keçirmişlər. Etmədiyi əmələ görə Nəsimi Rayon Məhkəməsi iddiaçını təqsirli bilməklə onun işgüzar nüfuzuna, ləyaqətinə böyük zərbə vurmuş və bütün bunlar onun səhhətində problemlər yaratmışdır. İddiaçının barəsində bəraət hökmü çıxarıldıqdan sonra kassasiya şikayəti verildiyindən məkhəmə istintaqı davam etdirilmiş, bu da iddiaçının və onun ailə üzvlərinin mənəvi sarsıntı keçirməkdə davam etmələrinə səbəb olmuşdur. Nəticədə iddiaçıya qeyd edilən səbəblərdən 100.000 manat mənəvi ziyan vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsi barədə etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. İlk növbədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, mülki qanunvericiliyə görə, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Lakin mülki qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında o da sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Maddi zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) tələbin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, ibtidai istinaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 240.000 manat, mənəvi zərərə görə 100.000 manat, əmlakının qanunsuz saxlanmasına görə 34.214 manat faiz, ümumilikdə 374.324 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo 8 c ünvanında yerləşən ticarət obyektinin ümumi sahəsi 30 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəçi İddiaçı müddətli istifadəsinə vermiş, müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği 200 (iki yüz) manat təşkil etmişdir. Müqavilənin xx.xx.2016-cı ilədək qüvvədə olması müəyyən edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin şübhəli şəxs qismində tutmaq haqqında xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-607/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin vəsatətinin rədd edilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi qərara alınmışdır. Nəsimi Rayon Polis İdarəsinin qətimkan tədbiri seçmək haqqında xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-257/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmalı olan, hadisə vaxtı talanmış “Candela GentleLase Pro” lazer epilyasiya aparatının saxlanıldığı “Şəms” gözəllik salonunda baxış keçirilməklə götürülməsi, zərurət olduqda həmin gözəllik salonunda axtarışın aparılması, axtarış və götürmənin aparılmasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2017-ci il tarixli protokolundan görünür ki, 9414-9015-1441 seriyalı, 2014-cü il istehsallı “Candela GentleLase Pro” markalı epilyasiya aparatı götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Protokol iki nəfər hal şahidi – Musayeva, İsgəndərova və 5 nəfər iştirakçı – Musayev, Şamilov, Məmmədov, Piriyev və Mustafazadə tərəfindən imzalanmışdır. Nəsimi Rayon Polis İdarəsinin maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərarından görünür ki, 9914-9014-1441 seriyalı, “Candela GenteLase Pro” lazer epilyasiya aparatının İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X6 təhvil verilməsi qərara alınmışdır. Tanırverdiyev Nazim tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli iltizamdan görünür ki, o, “Candela GentleLase Pro” lazer aparatının məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxana qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını bildirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2017-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, Nəsimi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbsdən imtina edilmiş, həmin tarixli qərarla təqsirləndirilən şəxs İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər prokurorluğunun xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2018ci ilədək uzadılmışdır. Həmin qərar ilə isə ibtidai istintaq müddətinin 03 ay, yəni xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək uzadılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-32/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı zərər çəkmiş şəxs X3 istifadəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1068/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, X4 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı ondan alınıb İddiaçı qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-582/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2017-2018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 14238.75 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2015-ci il tarixdə **********- 20001 kodu ilə uçota alınması barədə məlumat müəyyən edilmişdir. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2017-ci il tarixdə **********-20002 kodu ilə uçota alınması və xx.xx.2019-cu il tarixdə uçotdan çıxarılması barədə məlumat müəyyən edilmişdir. İddiaçı (VÖEN: **********) 2017-2018-ci illər ərzində əsas fəaliyyət növü “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” (96020), əlavə fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” (93290) kimi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında “1. “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik “GenteLase Pro” markalı cihazın (epilyasiya aparatı) 2014-2015-ci illər üzrə orta bazar qiyməti nə qədər təşkil etmişdir? 2. Həmin cihazın 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı nə qədər təşkil etmişdir?” məzmununda suallar qoyulmuşdur. Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLase Pro” markalı epilyasiya aparatının 2014-2015-ci illərə orta bazar qiyməti təxminən 75000-85000 manat müəyyən olunmuşdur. Təmir-bərpa xərcləri icarəyə verən şəxs tərəfindən qarşılanmaqla həmin cihazın, yəni “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLase Pro” markalı epilyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı təxminən 4500-5000 manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. 180050261 №-li cinayət işinin materiallarına (cild №: 6) əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçədən görünür ki, epilyasiya aparatının istifadəsindən avqust ayında 3171 manat, sentyabr ayında 3063 manat, oktyabr ayında 2061 manat, noyabr ayında 2416 manat, dekabr ayında 2075 manat, yanvar ayında 2597 manat məbləğində gəlir əldə edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə isə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o, dərhal məhkəmə iclasından azad edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə maddi sübut kimi tanınmalı olan, hadisə vaxtı talanmış “Candela GentleLase Pro” lazer epilyasiya aparatının saxlanıldığı “Şəms” gözəllik salonunda baxış keçirilməklə götürülməsi, zərurət olduqda həmin gözəllik salonunda axtarışın aparılması, axtarış və götürmənin aparılmasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilməsi qərara alınmış, xx.xx.2017-ci ildə isə 9414-9015-1441 seriyalı, 2014-cü il istehsallı “Candela GentleLase Pro” markalı epilyasiya aparatı götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Candela GenteLase Pro” lazer epilyasiya aparatının cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X6 təhvil verilməsi qərara alınmışdır. Tanırverdiyev Nazim həmin tarixdə iltizam yazaraq, “Candela GentleLase Pro” lazer apratının məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxana qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı zərər çəkmiş şəxs X3 istifadəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş, iddiaçının əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Nazim Tanrıverdiyevin istifadəsində saxlanılan “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı alınıb iddiaçıya qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının xx.xx.2017-ci ildə götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılması, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə isə iddiaçıya bəraət verilməsi ilə aparatın ona qaytarılması iş materialları ilə öz təsdiqini tapan mübahisəsiz haldır. Deməli, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan müddət ərzində iddiaçı istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş, nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi maddi gəlirdən məhrum olmuşdur. İddiaçı ona dəymiş maddi zərəri aparatdan istifadə etdiyi müddət ərzində bütün maliyyə əməliyyatlarını yazdığı dəftərçə ilə əsaslandıraraq, ayda orta hesabla 10 000 manat gəlir əldə etdiyini bildirməsinə baxmayaraq, həmin dəftərçəni məhkəməyə təqdim etməmiş, yalnız dəftərçənin surəti olduğunu bildirdiyi əlyazmalarını sübut qismində təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş surətləri ona görə mötəbər hesab etmir ki, həmin surətlərdə bütün məlumatlar əl yazısı ilə öz əksini tapmış, buna görə də təqdim edilmiş surətlərin dəftərçənin əsli ilə düz olub-olmaması, yazılar üzərində düzəlişlərin edilib-edilməməsi, qeydlərin, həqiqətən də, iddia edilən dövrlərdə yazılması, yazılanların doğru olub-olmaması müəyyən edilə bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən cavab məktubuna əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı dövriyyə məbləğinin 14238.75 manat təşkil etməsi müəyyən edilmiş, lakin 2017-2018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Qeyd olunan dövriyyə məbləğinin aylıq ortalamasını hesabladıqda təxminən 1780 manat əldə olunur. Məhkəmə hesab edir ki, İddiaçı “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı vasitəsilə hər ay fərqli məbləğlərdə qazanc əldə etməsi daha ağlabatandır. Yəni iddiaçının 2017- 2018-ci illərdə müvafiq müddət ərzində əldə etdiyi xalis gəlir onun başqa vaxt da həmin qazancı əldə etməsi qənaətinə gəlməyə əsas vermir. Həmçinin qeyd etmək zəruridir ki, aparatın bazar qiymətini, obyektin icarə haqqını, aparatın aylıq icarə haqqı məbləğini və obyektdə işləyən işçinin əmək haqqını nəzərə aldıqda, iddiaçının orta aylıq qazancının 10 000 manat olması (bu halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir) ağlabatan hesab oluna bilməz. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün ********* №-li cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçəni araşdıraraq mötəbər olduğu qənaətinə gəlmişdir. Həmin dəftərçəyə əsasən müəyyən edilmişdir ki, aparatın istifadəsi nəticəsində avqust ayında 3171 manat, sentyabr ayında 3063 manat, oktyabr ayında 2061 manat, noyabr ayında 2416 manat, dekabr ayında 2075 manat, yanvar ayında isə 2597 manat gəlir əldə edilmişdir. Beləliklə, sadalanan 6 ay ərzində aparatdan istifadə edilməklə aylıq orta hesabla (3171 + 3063 + 2061 + 2416 + 2075 + 2597) / 6 = 2563.83 manat gəlir əldə edilmişdir. Deməli, iddiaçı aparatdan məhrum edildiyi 23 ay 3 həftə 4 gün müddətində təxminən 61530 manat gəlirdən məhrum olmaqla ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən lazer aparatının iddiaçıdan qanunsuz götürülərək başqa şəxsə verilməsi ilə iddiaçının qazanc əldə etmək qabiliyyəti tamamilə məhdudlaşdırılmamışdır. Bununla iddiaçı yalnız lazer aparatı vasitəsilə əldə edəcəyi qazancdan məhrum olmuşdur. Məhkəmənin qənaətinə görə maddi ziyanın məbləği fərziyyələr və ehtimallara görə deyil, tərəfin (iddiaçının) təqdim etdiyi bütün mötəbər sübutlar əsas götürülməklə müəyyənləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin ədalətli kompensasiyası 61530 manatdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının qanunsuz olaraq başqa şəxsdə saxlanıldığı 23 ay 3 həftə 4 gün müddətində iddiaçıya 61530 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 61530 (altmış bir min beş yüz otuz) manat məbləğində maddi zərərin əvəzi İddiaçı verilməlidir. İddia tələbinin “əmlakın qanunsuz saxlanmasına görə 34.214 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu məbləği bank uçot dərəcəsinə əsaslanmaqla tələb etsə də, onun bu tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki işin faktiki halları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan hallara uyğun deyil və həmin normaya əsaslanaraq 34.214 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılması düzgün deyildir. Məhkəmə qeyd edir ki, sözügedən norma məhz pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edərək, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər ödənilməli olmasına dair məsələni tənzimləyir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bu tələblə bağlı məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq cinayət işinin istintaqının aparılması, 18 ay 3 həftə 4 gün müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, həmçinin, qazanc yeri olan aparatın ondan alınaraq başqasına verilməsilə aktiv gəlirdən məhrum olması iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzabəziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100000 manat deyil. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 2.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı X7 əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının maddi və mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dair dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, qanunsuz olaraq barəsində cinayət icraatı aparılması nəticəsində iddiaçı aktiv gəlirdən məhrum olmuş, bir sıra hüquqları pozulmuşdur. Məhkəmə onu da qeyd edir ki, aparat ondan alınanadək işləmiş və keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının maddi və mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi maddi gəlirindən məhrum olması və inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 61530 (altmış bir min beş yüz otuz) manat və mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat olmaqla, cəmi 63530 (altmış üç min beş yüz otuz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh məhkəmə xərclərini ödəməkdən azad olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.3-cü maddəsinə müvafiq olaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 77 manat hissəsi məhkəmə xərclərini ödəməkdən azad edilmiş İddiaçı iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 61530 (altmış bir min beş yüz otuz) manat və mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat olmaqla, cəmi 63530 (altmış üç min beş yüz otuz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 77 (yetmiş yeddi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1962/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1962/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver