Məhkəmə qərarları › İş №2(006)-1962/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1962/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1962/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı Həsənsoy (Həsənov) Azər Kamal oğlunun, Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Həsənsoy (Həsənov) Azər Kamal oğlunun cavabdeh LPO Cavabdeh ASCnə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənsoy (Həsənov) Azər Kamal oğlu cavabdeh LPO Cavabdeh ASC-nə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının qanunsuz hərəkətlərini nəzərə alaraq, Mərkəzi Bankın "xxxx" ASC-nin fəaliyyətinin dayandırılması haqqında qərarından sonra iddiaçının "xxxx" ASC-yə yerləşdirdiyi (12 iyul saat 16:00-da) 35000 manat məbləğində depozitlərin dərhal ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankın ) 12 iyul 2012-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğvedilmiş və fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın 12 iyul 2012 -ci il tarixli qərarında yazılır: "Məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə «Banklar haqqında» qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, Cavabdehın bank lisenziyası ləğv edilsin.” Bu qərarla "xxxx" ASC-nin yüzlərlə əmanətçisinin, o cümlədən iddiaçının bir anda hüquqları pozulmuş və onlara külli miqdar maddi və əvəzi ölçülə bilməyən mənəvi ziyan dəymişdir. Azərbaycan vətəndaşlarına bu ağır zərbənin dəyməməsi üçün, Mərkəzi Bank əsəs kimi götürdüyü “Banklar haqqında” Qanunun bütün uyğun maddələrini ardıcıl olaraq tətbiq etməmişdir. Yəni, qanunda göstərilən bu maddələrin tətbiqinə qədər həmin maddələrdə göstərilən nöqsanların aradan qaldırılması üçün bir çox tədbirlərin tətbiq edilməsi qaydaları var, hansıları ki, tam olaraq MB tətbiq etməmişdir. Mərkəzi Bankın rəhbərliyi "xxxx"ın lisenziyasının ləğv edilməsinə və fəaliyyətinin dayandırılmasına hazırlıq apardıqları vaxt bilərəkdən “Banklar haqqında” Qanunun 47, 40, 49 -cu madddərinin tələblərinə əməl etməmiş birbaşa 49.3-cü maddəsini tətbiq edərək iddiaçıya (həmçinin yüzlərlə Azərbaycan vətəndaşına ) külli miqdar maddi və mənəvi ziyan vurmuşlar. Bütün bu hallar barədə Azərbaycan Respublikasının Mülki- Prosesual Məcəlləsinə uyğun olaraq cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna müxtəlif tarixlərdə 3 dəfə müraciət etmişdir. Lakin müraciətləri müsbət həll olunmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı Həsənsoy (Həsənov) Azər Kamal oğlu iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, banka qarşı Mərkəzi Bank tərəfndən əmanətlərin qəbul edilməsinə dair qadağa qoyulmasına baxmayaraq bank fəaliyyətini davam etdirmiş və əmanət qəbul etmişdir. Hesab edir ki, bankın əməllərində inzibati xəta tərkibi vardır, bank tərəfindən inzibati xəta törədilib, ona görə onun pulu dərhal qaytarılmalıdır. Belə ki, ona ödənilmiş kompensasiyasının hazırki tələbə aidiyyəti yoxdur, tələbi məhz bank tərəfindən pozuntu törədilməsinə görə, bankın fəaliyyəti qadağan edilməsinə baxmayaraq həmin gün 12 iyul 2012-ci il tarixdə ondan götürülən əmanətin dərhal qaytarılmasıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tələbin əsassız olduğunu bildirmiş, ümumiyyətlə iddiaya ümumi məhkəmə qaydasında baxılmalı olmadığını, habelə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki Prosesual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyilsə, hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (Həsənsoyun) LPO Cavabdeh ASC-də olan əmanətinə görə ona “Əmanətlərin Sığortalanması haqqında” Qanunun tələblərinə uyğun olaraq kompensasiya ödənilmişdir. Hazırda iddiaçı məhz xx.xx.2012-ci il tarixdə, yəni iddia etdiyi kimi Bankın ləğvi barədə qərar qəbul edildiyi gün Bank tərəfindən inzibati xəta törədilməklə ondan qəbul edilmiş 35000 manat məbləğində pulun dərhal geri qaytarılmasını tələb edir. Məhkəmə Bank tərəfindən inzibati xəta törədilməsi barədə iddiaçının irəli sürdüyü dəlillə bağlı bildirir ki, qeyd edilən hazırki məhkəmə araşdırmasının predmeti deyildir və iddiaçı irəli sürdüyü bu halla bağlı inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında səlahiyyətli olan orqanlara müraciət etmək hüququna malikdir. Həmçinin iddiaçı tələbində 35.000 manat məbləğində əmanətin cavabdeh LPO Cavabdeh ASC-dən tutulmasını xahiş etmişdir. Məhkəmə bu qənəatə gəlir ki, qeyd edilən tələb özlüyündə kreditor tələb olduğundan bu tələbə ümumi məhkəmədə baxılmalı deyildir. İddiaçı tərəfdən irəli sürülmüş LPO Cavabdeh ASC-nə qarşı olan 35.000 manat məbləğində pulun tutulması tələbinin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, o, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün aidiyyəti üzrə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı Həsənsoy (Həsənov) Azər Kamal oğlunun cavabdeh LPO Cavabdeh ASCnə qarşı "pul" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 351138428, qəbz nömrəsi: 23263, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, terminal nömrəsi: K0104011, tarix: 19.12.23, saat: 16:15) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı LPO Cavabdeh ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqana (vəzifəli şəxslərə) müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar