Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1964/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona dəyən mənəvi ziyan kimi 10000 manat və 20730 manat maddi ziyanın, cəmi 30730 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu, Məşədilər kəndi ünvanında yaşayır. Belə ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən fərdi yaşayış evi əmisi X3 məxsus olmuşdur. 15 ildir ki, əmisinin razılığı ilə həmin evdə yaşamışdır. Təxminən 8 il bundan qabaq əmisi vəfat etdikdən sonra əmisi oğlu X19 həmin evdə yaşamasına icazə vermişdir. xx.xx.2022-ci il tarixində saat 10 radələrində Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında həyat yoldaşı ilə birlikdə su motorunu təmir edərkən “şaqqıltı” səsi eşitmiş və bu zaman evin yandığını görmüşlər. Dərhal hadisə yerinə gedərək qonşularla birlikdə yanğını söndürməyə çalışmışlar, lakin söndürə bilməmişlər və bir müddətdən sonra yanğınsöndürənlər yanğını söndürmüşlər. Evə baxış keçirən zaman evin və içərisindəki əşyaların yanaraq yararsız hala düşdüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisədən 3-4 gün əvvəl Cəlilabad rayon Elektrik Şəbəkəsinin işçiləri yaşadığı ünvana gələrək evin elektrik sayğacı yeni, “smart" tipli elektrik sayğac ilə əvəz olunacağını bildirmişlər. O, yeni sayğacın elektrik açarı ilə təmin olunacağı barədə soruşduqda iddiaçıya dəqiq cavab verməmişlər. 09 oktyabr 2022-ci tarixdə axşam saatlarında evə qayıdan zaman dəmir qutunun içərisinə artıq yeni, “smart” tipli elektrik sayğacının quraşdırıldığını, dəmir qutunun açar ilə bağlı olduğunu görmüşdür. X5 işçisi ilə əlaqə saxlayaraq elektrik sayğacının "smart” kartının harada olduğunu soruşduqda şəbəkənin işçisi cavabında elektrik sayğacının "smart" kartın qutunun içərisində elektrik sayğacının yanında olduğunu dedikdə, həmin qonşulardan açarı götürməsini hamısının eyni olduğunu ona bildirmişlər. Qutunu açdıqda sayğacın elektrik xəttlərinin açıq vəziyyətdə, yəni üzərində izolyasiya qatının olmadığını və sayğacın elektrik avtomat açarı ilə təmin olunmadığını görmüşdür. Bu barədə elektrik şəbəkəsinin işçisinə telefon bildirdikdə ona qeyd olunan işlərin iddiaçının özünün etməli olduğunu bildirdilər. Onun yaşadığı evin elektrik sayğacı yeni, “smart” tipli sayğac ilə əvəz olunarkən onunla hər hansı sənədləşmə işləri aparılmadı, yeni “smart' tipli elektrik sayğacı ona təhvil verilməmişdir. Yalnız yanğın hadisəsindən 20 gün sonra elektrik şəbəkəsi tərəfindən yeni sayğaca elektrik avtomat açarı quraşdırılmışdır. Hadisəyə səbəb X5 işçiləri tərəfindən hadisədən bir gün əvvəl yaşadığı evin elektrik sayğacını yeni, "smart” tipli sayğac ilə əvəz edərkən sayğacda elektrik avtomat açarının quraşdırılmaması və sayğacın elektrik xətlərinin izolyasiya olunmaması nəticəsində elektrik xəttlərində əmələ gəlmiş qısaqapanma olmuşdur. Hadisə nəticəsində evin mülkiyyətçisi olmuş mərhum X3 9828 manat maddi zərər dəymişdir. Hal-hazırda iddiaçının yaşamağa öz evi yoxdur, qohum-əqrəbanın evində yaşayır, bu da onu çox əlverişsiz bir vəziyyətə gətirib çıxarmışdır. Bundan əlavə baş vermiş hadisə nəticəsində həmin evdə onun 11000 (on bir min) manat pulu da yanmışdır. Bu faktı şahid də təsdiq edə bilər. Baş vermiş yanğın hadisəsi ilə bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Lakin, Cəlilabad rayon Prokurorluğu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək bu barədə rayon məhkəməsinə müraciət edilməsi hüququnun olduğu ona izah edilmişdir. İddiaçı da bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də, baş vermiş hadisə nəticəsində mənəvi sarsıntı keçirmiş, bu da onun səhhətində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Göstərilən səbəblərdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərərlə yanaşı, mənəvi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Ona dəymiş zərər Cəlilabad rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla da təsdiq edilmişdir. Hətta həmin qərarda təlimatın pozulması öz əksini tapmış və səlahiyyətli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın verilməsi qeyd edilmişdir. İddiaçı hazırda ailəsi ilə birlikdə çadır quraraq yaşayır, vəziyyətləri çox acınacaqlıdır. Maddi əzabla birlikdə mənəvi əzab da çəkirlər. İddiaçı ailəsi ilə birlikdə ona dəyən mənəvi ziyanı 10 000 qiymətləndirmişdir. Həmçinin maddi ziyan kimi evdə olan 11 000 manat pulun yanmağın və əşyalarına dəyən ziyanı isə 9730 manat qiymətləndirmişdir. Əşyalarına dəyən ziyan qərarda da öz əksini tapmışdır. Mənəvi ziyanı isə onunla əsaslandırır ki, evsiz qalmaqla uşaqlar əziyyət çəkir, tez-tez xəstələnirlər, şəraitsiz çadırda yaşayırlar, qış günü onlara lap çətindir. Bir sözlə iddiaçı ailəsi ilə birlikdə mənəvi əzab çəkirlər. Tərəflərin iştirakı və izahatı: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hal-hazırda o və ailəsi çətin şəraitdə yaşayırlar, hazıradək o mənzil şəraitini bərpa edə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və ona dəymiş ziyanın cavabdeh tərəfindən tam həcmdə tərəfindən ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, qardaşı İddiaçı və ailəsi "xxxx" ASC-nin səhlənkarlığından əziyyət çəkir. Yanğın zamanı bütün əmlakı yandı və indi evsiz qalıblar. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, qarşı tərəfin iddiası əsassızdır. İşə etiraz ərizəsini və Şirvan Apellyasiya Məhkəməsinin qərarını əlavə etmişlər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Cəlilabad rayonu Məşədilər kəndində yaşayan İddiaçı istifadəsində olan “Smart” tipli sayğacın quraşdırılması elektrik enerjisi haqqında qüvvədə olan normativ tələblərə uyğun quraşdırılmışdır. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 20-ci hissəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına (istilik enerjisinə münasibətdə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarında müəyyən edilmiş hallar istisna olmaqla) həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”-nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin qərarın 2.2-ci və 2.2.3-cü bəndində qoyulmuş sualla əlaqədar bildirmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X15 məxsus İddiaçı yaşadığı evdə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatı quraşdırılmalıdır. Lakin, həmin mühafizə aparatının quraşdırılması "xxxx" ASC-nin səlahiyyətinə aid edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”-nın 1.6.2.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin elektrik enerjisi istehlakçıları ilə hesablaşması üçün olan sayğacları enerji təchizatı müəssisəsi ilə istehlakçı şəbəkəsinin ayrılma sərhəddində (balans mənsubiyyəti üzrə) quraşdırmaq tövsiyə olunur. “Elektrik qurğularının quraşdırılması” Qaydası”-nın 7.1.5.7-ci bəndinə əsasən, bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 5.3-cü yarımbəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət hava budaqlanmasında -binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda, kabellə daxil olduqda-binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. Həmin “Qaydaların” 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələblərindən göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarına qədər müəyyən edildiyindən yaşayış evlərinə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmasında və xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən enerjitəchizatı müəssisəsi yaranmış qüsur və baş vermiş hadisələrə görə məsuliyyət daşımır. Bu səbəbdən də, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X15 məxsus İddiaçı olğunun yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin əməkdaşları məsuliyyət daşımır.Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları: Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X28 Xidmətinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 330 nömrəli arayışın surətindən görünür ki, İddiaçı mərhum qardaşı X16 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, X16 "Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilmişdir. Cəlilabad rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X20 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış 44C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 7.1.5.7-ci bəndinin bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır kimi tələbini pozan "Azərişıq ASC-nin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndis vəzifəsində işləyən X13, "Azərişıq” ASC-nin məsul şəxs(lər)i və "xxxx" ASC-nin Cənub RETSİ X5 rəhbər işçiləri və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "xxxx" ASC-yə təqdimat verilməsi və Cabbar Həsənova 9828 manat, İddiaçı 9730 manat maddi ziyan dəyməsi faktı ilə bağlı zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4 və 24-cü maddələrinə əsasən dəymiş maddi ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Cəlilabad rayon Boyxanlı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 69 nömrəli arayışının surətindən görünür ki, Məşədilər kənd sakini Səfərov X1 qeydiyyatda olan X15 məxsus olan ümumi sahəsi 120 kv.m olan evdə 2007-ci ildən 10 oktyabr 2022-ci il tarixinə kimi həmin ev yanan günədək yaşamışdır.Həmin günü Boyxanlı Bələdiyyəsi hadisə yerində olmuşdur. Yanğın elektrik xəttində baş verən qısaqapanma səbəbindən olmuşdur. Vətəndaş İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. Həmçinin hadisə zamanı İddiaçı dediyinə görə 11000 manat pulu da yanğın zamanı yanmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Boyxanlı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 557 nömrəli arayışının surətindən görünür ki, İddiaçı, Məşədilər kəndində qeydiyyatda olan X15 məxsus olan ümumi sahəsi 120 kv.m olan evdə 2007-ci ildən 10 oktyabr 2022-ci il tarixinə kimi həmin ev yanan günədək yaşamışdır. Yanğın elektrik xəttində baş verən qısaqapanma səbəbindən olmuşdur. Vətəndaş İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. Həmçinin hadisə zamanı İddiaçı dediyinə görə 11000 manat pulu da yanğın zamanı yanmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti Boyxanlı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli sərəncamından çıxarışından görünür ki, Cəlilabad rayonunun Məşədilər kəndində X2 3 otaqlı 1 mərtəbəli 1987-ci ildə inşa edilmiş olduğu evin həyət tikililərinin 3500 kv.m torpaq sahəsi ilə onun adına təsdiqlənməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli yanğın haqqında aktın surətindən görünür ki, akt Azərbaycan Respublikası FHN DYNX-nin Cənub regional DYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət leytenantı X25, Cəlilabad rayon Məşədilər kənd sakinləri İddiaçı və X17 tərəfindən tərtib edilmişdir. 10 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yanğın baş vermişdir. Yanğın nəticəsində İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. İddiaçı verdiyi məlumata görə 11000 manat pulu da yanğın zamanı yanmışdır. Hadisə yerinin müayinəsindən və alınmış izahatlardan güman edilmişdir ki, yanğın hadisəsinin baş verməsinə səbəb evin daxilinə çəkilmiş elektrik naqillərinə baş vermiş qısaqapanma olmuşdur. "xxxx" ASC-nin Cəlilabad rayon Sayğac quraşdırma və uçota nəzarət dairəsinin 280547 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolunun surətindən görünür ki, abunə kodu **********00040 olan İddiaçı məxsus Məşədilər kəndində yerləşən yaşayış evindən 17849426 nömrəli sayğac çıxarılaraq **********27 nömrəli sayğac quraşdırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 38 nömrəli məktubun surətindən görünür ki, məhkəmə tikinti-texniki obyektlərin tədqiqi və yanğın və texnoloji partlayışların tədqiqi ekspertizalarının təyin edilməsi haqqında qərarlar müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Mərkəzə daxil olmuş, qoyulmuş sualların həlli üçün yaranmış zərurətlə əlaqədar olaraq tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli vəsatətlər göndərilmişdir. Vəsatətə cavab olaraq ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış xx.xx.2022-ci il tarixdə keçirilmiş və müvafiq ölçü işləri aparılıraq qərarda qoyulmuş sualların həlli üçün zəruri olan məlumatlar əldə edilmişdir. Ekspert rəyinin qısa müddətdə tərtib olunaraq təhqiqat orqanına göndərilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası FHN-in Əməliyat-istintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Nuruyev Rüfət Babaş oğlunun materialın aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10\7165 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 9828 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9\7943 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 10 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği 9730 manatdır. xx.xx.2023-cü il tarixli sözügedən qərarla toplanmış materialların araşdırmanın davam edilməsi üçün aidiyyəti üzrə Cəlilabad rayon Prokurorluğuna göndərilməsi məsələsinə baxılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilməsi qərara alınmışdır. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli S-8212-097/2-711 nömrəli məktubun surətindən görünür ki, 10 oktyabr 2022-ci il tarixdə baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X22 Xidməti Cənub regional X22 İdarəsinin Dövlət Yanğından Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş aktda yanğının baş verməsində təqsirli şəxsin müəyyənləşdirilmədiyi göstərilmişdir. Həmçinin iddiaçıya müvəqqəti yaşayış çadırının verilməsi üçün rayon fövqəladə hallar komissiyasının sədri tərəfindən Fövqəladə Hallar Nazirliyinin X18 müraciət edilmişdir. 39 inventar nömrəli 1/02 qeyd nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, 3500 kv.m torpaq sahəsində yerləşən Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən 3 otaqlı 1 mərtəbəli 1987-ci ildə inşa edilmiş yaşayış evi və həyət tikililərinin sahibi X4r. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 13-13/2-2/06-S-1351- 5/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”-nın 9.1. bəndinin tələblərinə uyğun olaraq istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına məsuliyyət daşıyır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 6(106)-23/2024 nömrəli qərarından görünür ki, "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 6(055)-4/2024 nömrəli qərarı ləğv edilmiş, Cəlilabad rayon prokurorluğunun müstəntiqi X20 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 44C-23 nömrəli material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqda qərarın 2-ci bəndi qanunsuz hesab edilmiş, yəni “Elektrik qurğularının quraşdırılması Qaydalarının 7.1.5.7-ci bəndinin bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır kimi tələbini pozan "xxxx" ASC-nin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndisi vəzifəsində işləyən X13, "xxxx" ASC-nin məsul şəxsləri və "xxxx" ASC-nin Cənub RETSİ X5 rəhbər işçiləri və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "xxxx" ASC-yə təqdimat verilsin.” hissəsində ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinin İ hisssinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarının: 2.1.1.14-cü bəndinə əsasən binaların və tikililərin konstruktiv elementləri, qapalı kanallar və naqillərin, kabellərin çəkilməsi üçün istifadə olunan boşluqlar yanmayan olmalıdırlar. 2.1.1.15-ci bəndinə əsasən naqillərin və kabellərin damarlarının birləşmələri, budaqlanmaları və damarların uclanması müəyyən olunmuş qaydada təsdiq olunmuş, qüvvədə olan təlimata uyğun, presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılmalıdır. 2.1.2.10-cu bəndinə əsasən yanan materiallardan örtükləri olan mühafizə olunmuş naqillərin (kabellərin) və mühafizə olunmamış naqillərin qapalı taxçalardan, tikinti konstruksiyalarının boşluqlarından (məsələn, divarla divar üzlüyü arasında), şırımlardan və s., yanan konstruksiyalar mövcud olan yerlərdən gizli çəkilmələr aparılarkən, naqilləri və kabelləri hər tərəfdən yanmayan materialdan olan bütöv qat ilə mühafizə edilməlidir. 7.1.5.7-ci bəndinə əsasən bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması və iş materiallarından məlum olmuşdur ki, Səfərov X10 rayonu, Məşədilər kəndində yerləşən X14 (varislik qaydasında X19) oğluna məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə yaşayaraq həmin yaşayış evindən yaşayış sahəsi kimi istifadə etmişdir. Rayon üzrə elektrik enerjisi təchizatı sahəsində aparılan tədbirlər çərçivəsində xx.xx.2022-ci il tarixdə həmin yaşayış evində mövcud olmuş sayğac müvafiq qurumun əməkdaşları tərəfindən yeni smart tipli sayğacla əvəz edilmişdir. Yeni sayğac quraşdırıldığı zaman yüksək gərginlikli elektrik enerjisinin verilişi və təhlüksizliyinə məsul olan cavabdeh qurum müvafiq Qaydaların tələblərinə riayət olunmasını təmin etməmiş, yaşayış evinə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmasına və xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət etməmiş və iddia ərizəsində qeyd olunan yaşayış evində yanğın baş vermişdir. İddiaçının yanğın baş verən yaşayış sahəsindən faktiki istifadəsi işin mübahisəsiz halıdır. İddiaçının faktiki istifadəsində olan yaşayış sahəsində baş vermiş yanğının səbəbləri, yanğının baş verməsində təqsirli şəxslərin və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə təhqiqat orqanında aparılan araşdırma zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7210 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən, X15 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin ikinci mərtəbəsinin dəhlizinin tavan hissəsində olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza halında baş verməsi üçün xarakterikdir. Yanğının baş vermə səbəbi ilə bağlı verilmiş ehtimalı nəticə təhqiqat orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi halda, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş fərdi yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra isə mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılmasını təmin etmiş qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur. Həmin araşdırma çərçivəsində keçirilmiş əlavə məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2993 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X3 məxsus, İddiaçı yaşadığı və istifadəsində olan fərdi yaşayış evində baş vermiş yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək keçid müqaviməti və s.) halında baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10, 7.1.5.7-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Fərdi yaşayış evinin elektrik xətlərini mövcud norma və qaydaların tələblərinə uyğun olmayan üsulla, yəni yanar materialların birbaşa üzəri ilə çəkdiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs (lər) tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə mühafizə aparatının quraşdırılmasını təmin etməli olan qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur.Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X15 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının səbəb və şəraitini, həmçinin mühafizə aparatının təyinatını nəzərə aldıqda, elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmaması ilə həmin evdə yanğın hadisəsinin baş verməsi ilə nəticələnən hadisə arasında səbəbli əlaqə mövcud olmuşdur. Belə ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş yaşayış evində eletkrik sayğacından sonra mühafizə aparatının quraşdırılması texniki cəhətdən baş vermiş hadisənin qarşısını ala bilərdi. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X15 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı Cəlilabad rayon prokurorluğunda aparılmış araşdırma çərçivəsində təyin edilmiş müvafiq ekspert rəyləri ilə fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan məbləğinin 9828 manat, əmtəə üzrə dəymiş ziyan məbləğinin isə 9730 manat təşkil etməsi müəyyən edilmişdir.Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, cinayət təqibi orqanının qərarında da müəyyən edilmiş ziyanların tələb olaraq irəli sürülməsi müvafiq olaraq fərdi yaşayış evinin sahibi Cabbar Həsənova və fərdi yaşayış evində olan əmlaklara dəyən zərərin ödənilməsini tələb etmək hüququ isə fərdi yaşayış evində faktiki yaşayan İddiaçı aid edilmişdir. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğunu bu baxımdan müəyyən edir ki, şəxsə ziyan vurulması ilə nəticələnən yanğın hadisəsində hansı təqsirli əməlin bu nəticəyə səbəb olması iş üzrə aparılmış təhqiqat zamanı müvafiq ekspert rəyi ilə tam müəyyən edilir. Məhkəmə əlavə məhkəmə yanğın-texniki ekspertizasının 10/2993 nömrəli, xx.xx.2023-cü il tarixli rəyini əsas tutaraq hesab edir ki, hazırki iddia həmin iddiaya cavab verməli olan cavabdehə qarşı düzgün olaraq irəli sürülmüşdür. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə sanki həmin qərarla "xxxx" ASC-nin məsuliyyətinin aradan qalxmasını əsas gətirməsi və qeyd edilən məhkəmənin qərarı ilə cinayət təqibi orqanının qərarının bir hissədə ləğv edilməsi təqsirli şəxsləri müəyyən edən adıçəkilən ekspert rəyinin mötəbərliyini aradan qaldırmır. Məhkəmə bu qənəatə gəlir ki, işin faktiki halları və təqdim edilmiş sübutlar İddiaçı 9730 manat məbləğində ziyan vurulmasını tamamilə sübuta yetirir. Məhkəmə iddia tələbinin yanğın zamanı yanması irəli sürülən 11000 manat pul məbləğinə münsaibətdə qeyd edir ki, həmin hal nəinki cinayət təqibi orqanında aparılan araşdırma zamanı, həmçinin hazırki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı iddia ərizəsində qeyd etdiyi 11000 manatın yanğın hadisəsi zamanı yanması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçıya baş vermiş hadisə nəticəsində mənəvi zərər dəyməsi faktdır, 2008-ci ildən ailəsi ilə yaşayaraq yeganə yaşayış sahəsi olan evin və istifadəsində olan daşınar əmlakların yanması nəticəsində iddiaçının ailəsi ilə birlikdə yaşayışını təmin etmək üçün keçirdiyi mənəvi iztirab danılmazdır. Lakin, məhkəmə bu məbləğin 2000 manat həddində müəyyən edilməsini ədalətli kompensasiya hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 9730 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 9730 (doqquz min yeddi yüz otuz) manat məbləğində maddi zərərin əvəzi və 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1964/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1964/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver