Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1991/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın verilməsi və adın MKR-dən çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın verilməsi və adın MKR-dən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5881/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASCnin cavabdeh İddiaçı qarşı - cavabdehdən 24.359,16 manat məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun 19.80 manat məbləğinin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin tutulmasına, əgər girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa və ya avtomobilin tapılması mümkün olmazsa, həmin məbləğ onun digər əmlakına yönəldilib tutulmasına və "xxxx" ASCnin hesabına köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Buna baxmayaraq hələ də iddiaçının adına həmin borc mövcuddur. Onlar həmin borcun onun adından silinməsi məqsədilə müraciət etmişlər. Lakin Əmanətlərin Sığortalanması Fondunun 12-5/2- 203/2025 saylı, xx.xx.2025- ci il tarixli məktubunda qətnamədə bankın üzərinə borcun silinməsi ilə bağlı hər hansı öhdəliyin qoyulmaması göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, məhkəmədə borcun silinməsi və adın MKRdən çıxarılmasına dair qətnamə qəbul edilərsə, iddiaçının hüquqları da bərpa olunar. Göstərilənlərə əsasən İddiaçı 3130 nömrəli, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin olmaması, adın MKR-dən çıxarılmasına dair məlumatın Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzi Reyestr Xidmətinə verilməsinə dair barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, təqdim etdiyi hesabdan çıxarış məlumatlarında aydın şəkildə görünür ki, sistem üzrə hal-hazırda iddiaçının borcu mövcuddur. Bankın fəaliyyət göstərdiyi dövrdə borclu ilə tələbkar arasında barışıq sazişinin bağlanması və icra sənədinin geri qaytarılması ilə əlaqədar Xətai rayon İcra Şöbəsinə məlumat verilmiş və Xətai rayon İcra Şöbəsinin 21 avqust 2010-cu il tarixli qərarı ilə icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Bankın idarə heyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 məktub ünvanlamış və həmin məktubda avtomobilin girovdan azad edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Xətai rayon Məhkəməsində işə baxılarkən həmin məktubu təqdim etmiş və məktub əsasında iddia tələbi rədd edilmişdir. Hal-hazırda borc aktiv olaraq qalmaqdadır. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024cü il tarixli, 2(011)-5881/2024 saylı qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı – cavabdehdən 24.359,16 manat məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42.869,72 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun 19.80 manat məbləğinin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin tutulmasına, əgər girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa və ya avtomobilin tapılması mümkün olmazsa, həmin məbləğ onun digər əmlakına yönəldilib tutulmasına və "xxxx" ASC-nin hesabına köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. 7.Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən 07 yanvar 2025-ci il tarixli, 12-5/2-203/2025 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)-5881/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiası rədd edilmişdir. Qeyd edilən qətnamədən göründüyü kimi bankın üzərinə borcun silinməsi ilə bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. İddianın rədd edilməsi borcun silinməsi üçün əsas deyildir. xx.xx.2007-ci il tarixli, 3137 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği ödənildikdən sonra borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumat verilə bilər. Nəzərə alınması xahiş edilmişdir. 8.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən dövlət yol polisə ünvanlanan 29 noyabr 2010-cu il tarixli, 1564 nömrəli məktubdan görünür ki, "xxxx" ASC bildirir ki, Nissan Maxima minik markalı, **-UX-*** dövlət nömrə nişanlı, mühərrik 616637, şassi 210875 olan avtomobilin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, 25 dekabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən həmin avtomobilin girovdan azad edilməsi xahiş edilmişdir (QİŞ tərəfindən 26 dekabr 2007-ci il tarixdə qeydə alınıb). 10.Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən İddiaçı dair hesabdan çıxarış məlumatları. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 25 dekabr 2007-ci il tarixli, 3130 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)-5881/2024 saylı qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Hazırda iddiaçı Banka olan borcun olmamasını iddia edərək, adının MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın Mərkəzi Reyestr Xidmətinə məlumat verilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə hazırda sistemdə iddiaçının aktiv borcunun olmasını qeyd edərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun subyektiv cavabdeh olubolmaması araşdırılmalıdır. 13.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” 14.“Azərbaycan Kredit Bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. 15.“İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 16.Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 17.Göründüyü kimi, borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə ləğv prosesində ola "xxxx" ASC olduğundan, Əmanətlərin Sığortalanması Fondu isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, irəli sürülən iddia təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır və hazırda Bankın ləğv prosesində olması onun kreditor tələbi olmayan bu cür iddia tələbləri üzrə birbaşa məsuliyyət daşımasını istisna etmir. 18.Belə ki, Mülki Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 19.Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 20.Odur ki, qeyd edilənlərə əsasən və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi ilə bağlı məhkəmənin təklifinin iddiaçı tərəfindən dəyərləndirilməsi ilə bağlı iddiaçı (və ya səlahiyyətli digər şəxs) məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə subyektiv cavabdehlik daşımır və iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyi üçün ona cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair məhkəmə tərəfindən təklif irəli sürülə bilməmişdir. 21.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 23.Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.Hazırki iş üzrə iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)-5881/2024 saylı qətnaməsini əsas götürərək hazırki iddia tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hal-hazırda iddiaçının sistemdə mübahisələndirilən 25.12.207-ci il tarixli, 3130 nömrəli kredit müqaviləsi üzrə aktiv borc öhdəliyi (hesabdan çıxarış məlumatlarına əsasən) mövcuddur (əksi sübuta yetirilə bilməmişdir). Yəni tərəflər arasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)-5881/2024 saylı qətnaməsində göstərilən barışığın əldə edilməsi hələ iddiaçının borcunun silinməsi demək deyildir və belə bir nəticəyə gəlinməsi üçün əsas ola bilməz. 25.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın verilməsi və adın MKR-dən çıxarılması" tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın verilməsi və adın MKR-dən çıxarılması barədə məlumatın verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1991/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1991/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver