Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1995/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" İB-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 aprel 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında” 23.07.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 628 manat məbləğində borcun əsassız sayılması, ödədiyi 10,00 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, "Qaz təchizatı haqqında" AR Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" 23.07.2020-ci il tarixli, 01-1684 nömrəli Müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. Həmin müqavilə 7.3-cü bəndinə əsasən indiyədək qüvvədədir. İstehlak etdiyi təbii qazın haqqını həmişə ödəmişdir. Nəsimi Rayon Qaz idarəsinin laqeyd yanaşmasına görə qaz sayğacında olmayan 628 manat borcu yazıblar. Tərəfindən 30.10.2020-ci il tarixində qaz idarəsinə rəsmi qaydada ərizə ilə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Onun iştirakı olmadan akt tərtib ediblər və cərimə tətbiq ediblər. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və deşik izləri aşkar olunmamışdır. O, sayğacının dəyişdirilməsinə etirazını bildirmiş və onlara demişdir ki, sayğaca əl vurmamışdır, sayğac küçədədir, sayğacın üstü örtülməmişdir, qutuda yerləşdirilməmişdir, sayğaca müdaxilə olunmamışdır, təzə sayğacın qoyulmasına heç bir ehtiyac yoxdur və təzə sayğac qoyulsa belə, təzə sayğacın pulu məndən alınmamalıdır. Buna baxmayaraq, onlar bildirmişlər ki, sayğacın dəyişdirilməsinə icazə verməsə evinə gedən qaz dayandırılacaq. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 628 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında 23.07.2020-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01- 1684 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23.07.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus fərdi evə sayğac quraşdırılmış, yoxlanılmış və təhvil verilmişdir. İddiaçı tərəfindən Cavabdeh Bakı X1 Departamentinin rəisi Zamin Mehrəliyevə ünvanlanmış 30 oktyabr 2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı yaşadıqları ünvanda qaz sayğacında olmayan borcun araşdırılmasını xahiş etmişdir. **********12000 saylı abonentin saldosundan görünür ki, sərf edilmiş təbii qaza görə həmin abonent koduna 794,80 manat cari borcu vardır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Ə.Rüstəmov tərəfindən verilmiş 23.12.2020-ci il tarixli, X-34 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı istəmədən evin qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçının sözlərinə görə sözügedən sayğac işlək vəziyyətdə olmuşdur. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıdan əvəz edilmiş qaz sayğacına görə pul məbləği tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini və bu səbəbdən sayğacın əvəz edilməsi zərurəti yarandığını təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, sayğaca müdaxilə edilməsi və ya hər hansı bir nasazlığın olması barədə akt tərtib edilməmiş, tərtib edilsə də iddiaçıya və daha sonra məhkəməyə bu faktla bağlı heç bir sənəd, həmçinin borcun hesablanma qaydasını əsaslandıran hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 628 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 628 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1995/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1995/2021
05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver