Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2015/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən çıxarılmaqla təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi ev 34, 1-ci döngəsində olan “A” tikilisində yerləşən ümumi sahəsi 85.6 kv.metr yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və həmin sahənin ona təhvil verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 34, 1-c döngədə yerləşən 6 otaqlı, ümumi sahəsi 233.50 kv.metr olan mənzil babası X2 şəxsi mülkiyyətində olmuşdur. O, uşaqlıqda baba və nənəsinin himayəsində olmaqla, onlarla birgə qeyd olunan ünvanda yaşamışdır. Rəhmətlik babası sağlığında öz mülkiyyətində olan mənzilindən 2 otaqlı, ümumi sahəsi 85.6 kv.metr olan “A” tikilisində yerləşən yaşayış sahəsini ona bağışlamışdır. Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 34, 1-ci döngədə yerləşən “A” tikilisində olan 2 otaqlı ümumi sahəsi 85.6 kv.metr olan mənzil onun şəxsi mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla verilmişdir. Babası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Babası rəhmətə getdikdən sonra vərəsəlik əsasında “B” tikilisində yerləşən 4 otaqlı ümumi sahəsi 147.9 kv.metr olan yaşayış sahəsi əmisi Cavabdeh1 keçmişdir. Hətta bu vaxt onun atası vərəsəlik əsasında ona çatacaq paydan əmisi Cavabdeh1 xeyrinə imtina etmişdir. Babasının vəfatı ona çox pis təsir etdiyinə görə o, bir müddət atası gildə yaşamağa məcbur olmuşdur. Sonradan öz mülkiyyətində olan yaşayış sahəsinə köçmək istədikdə əmisi onu öz mənzilinə buraxmamışdır. Hal-hazırda əmisi ona məxsus yaşayış sahəsini qeyri-qanuni zəbt edib oradan istifadə edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi ev 34, 1-ci döngədə yerləşən 6 otaqlı ümumi sahəsi 233.5 kv.m olan mənzillər atası X2 mülkiyyətində olmaqla, ailələri orada yaşamışdır. O, iddiada qeyd edilən ünvanda yaşamır. Həmin mənzildə bacısı Cavabdeh3 yaşayır və qardaşı Cavabdeh2 məxsus əşyalar vardır. Qeyd edilən mənzildə iddiaçıya aid heç bir əşya yoxdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi ev 34, 1-ci döngəsində “A” tikilisində yerləşən ümumi sahəsi 85.6 kv.metr olan yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinin çıxarılması və həmin sahənin ona təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini, cavabdehlərin və ya diğər şəxslərin hərəkətlərində Cinayət Məcəlləsinin 157-ci maddəsinin əlamətləri aşkar olunduğu halda xüsusi qərardad çıxarmaqla prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1-ci döngə ev 34, ünvanın “A” tikilisi (ü/s 85.6 kv.m 2 otaq) xx.xx.2019-cu il tarixdə İddiaçı, “B” tikilisi (ü/s 147.9 kv.m 4 otaq) xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2019-cu il tarixdə X3 verilmiş paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1-ci döngə, ev 34 ünvanda yerləşən ümumi sahəsi 233.5 kv.m olan fərdi yaşayış evindəki ümumi sahə 147.9 kv.m olan qalan hissədən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, ünvan 3ngə 1, 34 saylı fərdi yaşayış evinin A tikilisi Bakı şəhəri 6 saylı notariat kontorunun 4Ə-757 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına (********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli elektron çıxarış), B tikilisi Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu A.D.Bəşirov tərəfindən təsdiq edilmiş 2V-294 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1-ci döngə ev 34, ünvanın “A” tikilisinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Məhkəmə iddia tələbinin “digərlərinin mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, sözügedən hissə qeyri-dəqiq olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə həmçinin iddianın “cavabdehlərin və ya diğər şəxslərin hərəkətlərində Cinayət Məcəlləsinin 157-ci maddəsinin əlamətləri aşkar olunduğu halda xüsusi qərardad çıxarmaqla prokurorluğa xəbər verilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, hazırki mübahisə tərəflərin mülki hüquq münasibətlərindən əmələ gəlməklə, cinayət məcəlləsi tərəfindən tənzimlənən münasibətlərin əhatə dairəsinə şamil edilmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə əsaslıdır və təmin edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1-ci döngə ev 34, ünvanın “A” tikilisində ümumi sahəsi 85.6 kv.metr yaşayış sahəsindən çıxarılmalı və həmin sahə İddiaçı təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1-ci döngə ev 34, ünvanın “A” tikilisində ümumi sahəsi 85.6 kv.metr yaşayış sahəsindən çıxarılsınlar və həmin sahə İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2015/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2015/2024
11.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver