Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2016/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əsas borcun və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əsas borcun və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara borclu olduğu 69.853 ABŞ dolları məbləğində əsas borc və 8.185 ABŞ dolları 89 sent məbləğində vurulmuş maddi zərər olmaqla, cəmi 78.038 ABŞ dolları 89 sent məbləğində pul vəsaitinin Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar - iddiaçılar İddiaçı1 və İddiaçı2 2018-ci ildə qərara almışlar ki, tam ortaq şərikliklə iş görüb pul qazansınlar. Bu məqsədlə, 111.000 ABŞ dolları məbləğində pul toplayıb işə başlamışlar, lakin bunu bacarmadıqlarından 2019-cu ilin əvvəllərində Namiqin qardaşı Xanlar Qədirova təklif etmişlər ki, onlar pullarını sonuncuya versinlər, sonuncu isə biznesi genişləndirsin və onlara da qazanc versin. Lakin Xanlar bundan imtina etmiş və bir neçə gün sonra bildirmişdir ki, Cavabdeh adlı bir nəfər bizneslə məşğuldur, istəyirlərsə onları sonuncu ilə tanış etsin, özləri sonuncu ilə danışıb şərtləşsinlər. Lakin onlar Cavabdeh tanımadıqlarından Xanlara demişlər ki, sonuncu ilə özü danışsın, onların pulunu özü Rövşənə versin və qazancdan da paylarına düşən pulu alıb onlara versin. 2019-cu ilin fevral ayında 111.000 ABŞ dolları məbləğində şərikli pullarını Xanlara vermişlər və Xanlar da 2019-cu ilin fevral ayından başlayaraq ilin ortalarına kimi həmin pulun hamısını hissəhissə Cavabdeh vermişdir. Qazancdan xəbər çıxmadığına görə Xanlara demişlər ki, onların pullarını Rövşəndən alıb özlərinə versin. 05.09.2019-cu il tarixdə Cavabdeh İran vətəndaşı olan tanışı Staylou Bəhruzun, X5 və X1 iştirakı ilə onlara borclu olduğu 111.000 ABŞ dolları məbləğində puldan 9.000 ABŞ dollarını Qədirov Xanların vasitəsi ilə onlara qaytarmış və bu barədə öz xətti ilə aşağıda göstərilən «akt Bakı şəhəri 05.09.2019 Biz aşağıda imza edənlər Əliyev X3 Bəhruz, Qədirov Xanlar, X6 bu aktı tərtib etdik ki, götürdüyümüz (İddiaçı1 və İddiaçı2) 111.000 ABŞ dollarından mən Cavabdeh və Ostalyan Bəhruz 9.000 ABŞ dolları qaytardı, borcumuz qaldı 102.000 ABŞ dolları. Yuxarıda qeyd olunanları öz imzalarımızla təsdiq edirik. Təhvil verdim 9.000 ABŞ dolları. İmza var. Əliyev təhvil aldım 9.000 ABŞ dolları. İmza var. Qədirov. 1. Cavabdeh imzası 05.09.19. 2. Behrouz Staylou imzası 05.09.19. 3. Məmmədov Abdulla imzası 05.09.19. 4. Qədirov Xanlar imzası 05.09.19» məzmununda sənəd vermişdir. Bundan bir müddət sonra, 08.09.2019-cu ildə Rövşən onlara borclu qaldığı 102.000 ABŞ dollarından 3.000 ABŞ dollarını Namiqə qaytardı və bu barədə öz xətti ilə yazıb göstərdi ki, «Mən, Əliyev X4 Namiqə 3.000 ABŞ dolları verdim, qalıq 111.000-12.000=99.000 ABŞ dolları, Cavabdeh imza var, 08.09.2019. Mən, İddiaçı1 3.000 ABŞ dollarını Cavabdeh aldım. İmzası var. 08.09.2019». 05.11.2019-cu ildə Cavabdeh onlara 5.000 ABŞ dolları qaytarmış və 2019cu ilin oktyabr ayında da müxtəlif vaxtlarda 2 dəfəyə qaytardığı 9.030 ABŞ dolları və 4.117 ABŞ dolları dəyərində 7.000 manat pulu qaytarması barədə öz xətti ilə «Mən, Cavabdeh İddiaçı1 4.030 ABŞ dolları + 4.000 manat 1 ay bundan qabaq, 5.000 ABŞ dolları + 3.000 manat 15 gün qabaq, 5.000 ABŞ dolları indi verdim Cavabdeh imza var. Mən İddiaçı1 göstərilən pulları 05.11.19-cu ildə aldım imzası var» məzmunda sənəd yazıb vermişdir. Həmin gün sonuncu onlara 18.147 ABŞ dolları məbləğində pul vermişdir ki, bundan sonra onlara 99.000-18.147=80.853 ABŞ dolları məbləğində borcu qalmışdır. 21 yanvar 2020-ci il tarixdə Cavabdeh onlara borclu qaldığı 80.853 ABŞ dollarından 5.000 ABŞ dollarını Namiqə qaytarmış və bu barədə öz xətti ilə «21 yanvar 2020-ci il Cavabdeh 5.000 ABŞ dolları verdi Rövşən Ə. İmzası var. 21 yanvar mən İddiaçı1 5.000 ABŞ dollarını Cavabdeh borcundan aldım. İmzası var» məzmununda sənəd yazıb verdi ki, bundan sonra da sonuncunun onlara 75.853 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan başqa, bildirirlər ki, 30.08.2019-cu il tarixdə onlara borclu olduğu 111.000 ABŞ dollarından 6.000 ABŞ dollarını da X14ın iştirakı ilə qaytarıb və bu barədə də «Mən Cavabdeh İddiaçı1 və İddiaçı2 aldığım 111.000 ABŞ dollarından 6.000 ABŞ dollarını qaytardım 30.08.2019 imzası var». 102.000 ABŞ dollarından 3.000 ABŞ dollarını Namiqə qaytarmış və bu barədə öz xətti ilə yazıb göstərmişdir ki, «Mən, Əliyev X4 Namiqə 3.000 ABŞ dolları verdim, qalıq (111.000 – 12.000 = 99.000 ABŞ dolları) Cavabdeh imzası var. 08.09.2019. Mən İddiaçı1 3.000 ABŞ dollarını Cavabdeh aldım. İmzası var. 08.09.2019. Mən İddiaçı1 111.000 ABŞ dollarından 6.000 ABŞ dolları aldım, 30.08.2019 izası X14 Qədirin imzası Təsdiq edirəm» məzmunda yazı var. Hazırda Cavabdeh onlara 69.853 ABŞ dolları məbləğində borcu qalıb və o, həmin məbləğdə pulu verməkdən yayınır. Qanunvericiliyə görə Cavabdeh onlardan borc aldığı pulu qaytarmağa – verməyə borcludur və onlar da sonuncudan borclarını qaytarmasını tələb etmək hüquqları vardır. Cavabdeh pulun qalanını qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinin müəyyənləşdirdiyi qaydaya uyğun olaraq Cavabdeh onlara vurduğu zərəri sonuncudan tam ödəməsini tələb etmək hüquqları vardır. Mülki Məcəllənin bir neçə maddəsinə istinad edən iddiaçılar daha sonra qeyd etmişlər ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında isə 18.12.2020-ci il tarixdən başlayaraq Uçot faiz dərəcəsi 6,25 faiz həcmində müəyyən edilməsi göstərilmişdir. Cavabdeh qaytardığı pul vəsaitləri çıxıldıqdan sonra 2019-cu ilin mart ayından 15.01.2021-ci il tarixə kimi onlara 69.853 ABŞ dolları məbləğində borcu qalmışdır və sonuncu həmin məbləğdə pulu 22 ay 15 gün (01.03.2019-cu ildən 15.01.2021-ci il tarix də daxil olmaqla) qaytarmadığına görə onlara (69.853 : 12 = 4.365,8125 : 12 = 363,817 x 22,5 aya = 8.185,8984375) 8.185 ABŞ dolları 89 sent məbləğində zərər vurmuşdur ki, həmin məbləğdə pul cavabdehdən alınıb onlara verilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişlər ki, icraatda olan 2(006)-2016/2021 saylı mülki iş üzrə iddiaçılar İddiaçı1 və X11 Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh iddiaçılara borclu olduğu 69.853 ABŞ dolları məbləğində əsas borc və 8.185 ABŞ dolları 89 sent məbləğində vurulmuş maddi zərər kimi, cəmi isə 78.038 ABŞ dolları 89 sent məbləğində pulun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X7 cavabdehə qarşı iddia tələbi üzrə rəsmi şəkildə bəyan edir ki, onun iddiaçılarla heç bir müqavilə öhdəliyi yoxdur və o, iddiaçılardan borc pul almamışdır. Ümumiyyətlə onun iddiaçılarla heç bir iş birliyi olmayıb. Cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasında qapı-pəncərə istehsalı ilə bağlı bizneslə məşğuldur. Bu müddət ərzində öz şəxsi vəsaiti hesabına biznesini qurmuş və böyük müştəri-sifarişçi bazası yaratmışdır. Bir neçə il bundan öncə İran İslam Respublikasının vətəndaşı olan Bəhruz adlı şəxs ilə iş birliyi quraraq İrandan Azərbaycana pəncərə şüşəsinin idxalına başlamışdır. İşləri yaxşı alındığından biznesi böyütmək fikrinə düşmüş və buna görə də, əvvəllər bir neçə dəfə sifarişçisi olan X8 müraciət edərək 20.000 ABŞ dolları borc verməsini ondan xahiş etmişdir. X10 pulun təyinatı barədə ətraflı məlumat aldıqdan sonra cavabdehə bildirmişdir ki, «mən sizə borc verməyin əvəzinə, sizin biznesinizə əlavə şərik qismində cəlb edilməyimi təklif edirəm». X10 onlara bildirmişdir ki, bu şüşə biznesini artırmaq üçün onlara pul ayıracaqdır. Həmçinin, İrandakı şüşə zavodunun Azərbaycanda rəsmi dilerliyini almağa onlara tapşırmış və bu məqsədlə İran şüşə zavodunun depozitinə mədaxil edilməsi üçün onlara 50.000 ABŞ dolları vermişdir. Bundan sonra da əlavə hissə-hissə pul verərək cəmi 111.000 ABŞ dolları ümumi biznesə yatırmışdır. Beləliklə, Xanlar Qədirov ümumi qazancın 50 faizinə şərik olmaq şərti ilə onlara ortaq olmuşdur. Həmin pulların bir hissəsini X.Qədirovun qardaşı İddiaçı1 və yaxın qohumu X11 vasitəsi ilə cavabdeh və onun şəriki, İran İslam Respublikasının vətəndaşı Ostalgi Bəhruz birlikdə almışlar. Bir daha qeyd edir ki, cavabdehin İddiaçı1 və X11 ilə arasında heç bir iş birliyi olmayıb və cavabdeh iddiaçılardan borc almamışdır. Qədirov Xanlar şəriklik üçün pul qoyduqdan sonra, cavabdehlə İİR vətəndaşı olan Bəhruz adlı şəxs və X10 şərikli biznesə başlamışlar. Ümumi razılığa gələrək böyük anbar icarəyə götürülmüş, müəyyən sayda insanları işə cəlb etmişlər. Bir müddət İrandan gətirdikləri şüşələri satmış və həmin gəlirlərdən X8 pul veriləndə X10, yenə qardaşı İddiaçı1 və yaxın qohumu X11 vasitəsi ilə həmin pulları onlardan almışdır. Sonradan, X10 şəriklərinə öz adından X2 qoşmuşdur ki, Abdulla onlara köməklik etsin. Lakin, Abdulla bu işlərdə səriştəsiz olduğuna görə biznesə əngəllər yaratmış və nisyə verilən şüşələrin satış pullarını yığa bilməmişdir. Məcbur olub satış pulların yığılması ilə cavabdeh məşğul olmuş və borcların bir hissəsini bərpa etmişdir. Şərikli biznesə yatırılan pulun böyük hissəsini X8 qaytarılmış və pulun bir hissəsi anbarın icarə haqqının, işçilərin əmək haqlarının ödənilməsinə sərf edilmiş, həmçinin anbarda qalıq mal da olmuşdur. Dünyada yayılmış pandemiya ilə əlaqədar sərhədlər bağlandığı üçün Bəhruz İranda qalaraq, daha Azərbaycana gələ bilməmişdir. Ümumiyyətlə, cavabdehin işləri də dayanmışdır. Sonra, cavabdeh şəriki X8 bildirmişdir ki, birlikdə hesabat aparsınlar və özü şəxsən iştirak etsin. Həmin vaxt X10 cavabdehə bildirmişdir ki, narahat olmasın, 50-60 min onun üçün böyük bir pul deyildir və biznesdən çəkilir. Hazırda gətirilən malların bir hissəsi anbarda qalıb və əsas 50.000 ABŞ dolları İran şüşə zavodunun depozitindədir. Cavabdeh bəyan edir ki, heç kimdən borc pul almamışdır. Biznesin artırılması ilə bağlı X10 ilə şərik qismində iş birliyi qurub və biznesi idarə edə bilmədiyi üçün və səriştəsi olmayan Abdullanı onlara qoşaraq ümumi bizneslərini bərbad günə saldırıb. Cavabdehin özü də yaranmış vəziyyətlə əlaqədar külli miqdarda pul itkisi ilə üzləşmişdir. İddiaçılar iddialarında öhdəliklə əlaqədar maddi hüquq normalarına istinad edirlər. Mülki Məcəllənin 385.1, 385.2, 386.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, göründüyü kimi, iddiaçılar İddiaçı1, X7 və Cavabdeh arasında hər hansı bir müqavilə mövcud olmadığından öhdəliklərin əmələ gəlməsi üçün qanuni əsas yoxdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən şahid X10 verdiyi ifadəsində bildirmişdir ki, Rövşəni uzun müddətdir ki, tanıyır. Onunla iş barəsində danışmışlar və sonuncu ona işini artırmaq istədiyini bildirmişdir. Buna görə də ona biraz pul lazım olduğunu söyləmişdir. Namiq və Nihat isə ona pullarının olduğunu, imkan olarsa həmin puldan istifadə edə biləcəklərini bildirmişlər. Bir müddət sonra o, Rövşənlə danışaraq şüşə saxlanması üçün onun anbarına (deposuna) baxmağa getmişlər. Rövşənin böyük anbarı var idi. Orada onu İran vətəndaşı olan Bəhruzla tanış etmişdir. O, Nihata 10.000 ABŞ dolları vermişdir ki, həmin pulu Rövşənə versin. Rövşəndən ona nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu ona 20.000 ABŞ dolları məbləğində pul istədiyini bildirmişdir. O, isə razılaşaraq pulu verəcəyini demişdir. Sonradan, Rövşən ona zəng edərək, biraz daha pul lazım olduğunu, bunun qarşılığında qazancın 40% ona verəcəyini söyləmiş, o, isə Rövşənə “hələ pulu qazan sonra bu məsələyə baxarıq, əsas uşaqların pulu batmasın” söyləmişdir. Sonradan o, sübhələnməyə başlamışdır. Belə ki, Rövşən bir gün İrana, başqa gün isə Qazaxstana gedir, lakin onun pulunu geri qaytarmır. Bir qədər sonra Abdulla adlı dostuna bu məsələ barədə danışmış, şübhələndiyini və bu məsələnin araşdırmasını xahiş etmişdir. Abdulla isə bir müddət keçdikdən sonra bu işin ona da şübhəli gəldiyini bildirmişdir. Rövşənə imkan olduqca pulu qaytarmasını demiş, o da borcdan biraz ödəmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Sonradan, Rövşənin onunla tanış etdiyi İran vətəndaşı olan Bəhruzla danışmış, Rövşənin sözlərinə görə pulun bir hissəsinin onda olduğunu qeyd edərək, qaytarmasını xahiş etmişdir. Lakin Bəhruz onda pul olmadığını, hamısını Rövşənə qaytardığını söyləmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 111.000 ABŞ dolları borc almışdır. Borc 2019-cu ildə alınmışdır. Borcun bir hissəsi qaytarılmış, digər hissəsi isə qaytarılmamışdır. Tərtib olunmuş sadə yazılı formada qəbzlərin məzmunundan və sadə riyazi hesablamalardan göründüyü kimi, ABŞ dolları və manat şəklində olmaqla, cavabdeh iddiaçılara 51.000 ABŞ dolları məbləğində borc qaytarmış, 60.000 ABŞ dolları borcu qalmışdır. Cavabdeh hər dəfə tərtib edilmiş sadə yazılı formada qəbzdə aldığı və qaytardığı borc məbləğlərini müfəssəl şəkildə göstərmiş, sonuncu dəfə tərtib olunmuş 20.11.2019-cu il tarixli qəbzdə, həmçinin bundan öncəki qəbzlərdə qalıq borcu yaxın vaxtda ödəyəcəyini öhdəsinə götürmüşdür. 20.11.2019-cu il tarixli qəbzdə qeyd olunan ödənilməli 65.000 ABŞ dolları borc məbləğindən sonuncu ödəniş 21.01.2020-ci il tarixdə – 5.000 ABŞ dolları həcmində olmuşdur. Cavabdehin bu günə iddiaçılara olan borcu 60.000 (altmış min) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçılardan 111.000 ABŞ dolları borc almış, aldığı borcun qaytarılmasını təmin etməsinə dair iddiaçılar qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 60.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdehin iddiaçılara 69.853 ABŞ dolları deyil, məhz 60.000 ABŞ dolları borcu vardır. Həmçinin, iddiaçılar onlara 8.185 ABŞ dolları 89 sent məbləğində maddi zərər vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 60.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2016/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2016/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver