Məhkəmə qərarları › İş №2(006)-2026/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2026/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2026/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən onun barəsində əsassız olaraq həbsqətimkan tədbiri seçildiyi və qanunsuz olaraq xitam edilməli olan cinayət işini xitam etmədiyi üçün ona vurulmuş 20.000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Polis İdarəsi İŞ-nin müstəntiqi, polis kapitanı Ülvi Hadıyev 10 dekabr 2021 ci il tarixdə heç bir ilkin təhqiqat aparmadan iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 maddəsi ilə ********* saylı cinayət işi başlamış və həmin cinayət işini öz icraatına qəbul etmişdir. Bundan sonra müstəntiq 13 və 14 dekabr 2021 ci il tarixlərdə telefon nömrəsinə zəng edərək onu «xırda bir izahat vermək» adı ilə bir növ aldadaraq Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdir. 15 dekabr 2021 ci saat 12-00 radələrində iddiaçı Nəsimi rayon Polis İdarəsinin 301 ci otağına gəlmiş və özünü müstəntiqə təqdim etmişdir. Bu zaman müstəntiq dərhal öz iş otağına bir neçə əməliyyatçı dəvət edib onun azadlığını faktiki olaraq məhdudlaşdırmış və ona qarşı mənəvi psixoloji təsir etməyə başlamışlar. Müstəntiq nədə təqsirləndirildiyini izah etmədən, ona heç bir şikayət, habelə cinayətdə şühbəli olmağı ilə bağlı hər hansı bir əlamətlər təqdim etmədən onu öz otağında faktiki həbs etmişdir. Hətta onun dəvət etdiyi polislər onu tualetə də buraxmamışlar. Halbuki, hələ o zamana qədər barəsində «tutma protokolu» yox idi. Bu isə heç bir əsas olmadan azadlığının məhdudlaşdırılması demək idi. Bundan sonra müstəntiq onun barəsində şikayət olduğunu və onun ifadə verməli olduğunu bildirdi. Məhz o zaman ona məlum oldu ki, müstəntiq artıq barəsində cinayət işi də qaldırıb. Bu zaman o müstəntiqə vəkilsiz heç bir ifadə verməyəcəyini bildirdikdə ona istədiyi vəkili dəvət etməyinə də mane olmağa başladı və yalnız «onların ərazisində yerləşən vəkil bürosunun növbətçi vəkilini» dəvət edə biləcəyini bildirdi. Buna baxmayaraq təkid elədikdə o çağırmaq istədiyi 3 vəkilin heç biri ilə onu təmin eləmədi. Bundan sonra əl telefonlarını da müsadirə elədi. Axırda o məcbur oldu ki, növbətçi vəkildən birini seçsin. Təyinat əsasında çağrılmış vəkil gəlib çıxandan sonra müstəntiq ona qarşı verilən şikayəti ona oxumadan və ona qarşı qaldırılmış cinayət işinin mahiyyəti barədə izah vermədən onu «şübhəli şəxs» kimi tanıyaraq şübhəli şəxs kimi də dindirməyə başladı. Təbii ki, o özünü təqsirli saymadı və bu faktın məhkəmədə mülki xarakterli mübahisənin predmeti kimi müstəntiqin nəzərinə çatdırdı. Müstəntiq onu şübhəli şəxs kimi dindirəndən və «tutma protokolu» tərtib edəndən sonra onu 48 saat saxlamaq üçün kameraya göndərməzdən əvvəl o ondan həmin gün barəsində tərtib etdiyi prosessual sənədlərin surətləri tələb elədi. Amma müstəntiq barəsində tərtib etdiyi prosessual sənədləri ona təqdim etmədi və bu barədə tərtib etdiyi sənədləri saxladı. Müvəqqəti saxlama kamerada 48 saat saxlayandan sonra 17 dekabr 2021 ci il tarixdə müstəntiq vəkili ilə bərabər saxlandığı kameraya gələrək ona AR CM in 182.2.4 maddəsi ilə ittiham elan elədi və ifadəsini aldı. Bundan sonra müstəntiq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə onu əvvəl rayon prokuroru Həsən Hənifəyevin yanına apardı. Onun bu tələbi Nəsimi rayonundan əvvəl də Səbail Polisinin müstəntiqi və Səbail rayon məhkəməsi tərəfindən araşdırılaraq Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə həm də müəyyən etmişdir ki, onunla Dadaşov arasında təkcə 30 min dollarla yox, digər pullarla da bağlı iddiası B. Dadadşov sadəcə olaraq ona qarşı qərəzli olaraq bilə-bilə yalan məlumat vermişdi. Məhkəmə Kollegiyası nəinki ona qarşı həbs qətimkan tədbirinin düzgün tətbiq edilmədiyini müəyyən etmiş, hətta əməlində AR CM nin 182.2.4 maddəsinin tərkibin olmadığı qənaətinə gəlmişdir. Bu bir mülki mübahisə idi. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Nəsimi rayon məhkəməsinin barəsində seçdiyi 17 dekabr 2021 ci il tarixli həbs qətimkan tədbiri barədə qərarı ləğv edərək onu məhkəmə zalından dərhal azadlığa buraxdı. Hazırda həmin cinayət işi hələ də öz qüvvəsində olsa da 17 dekabr 2021-ci ildən bəri müstəntiq tərəfindən heç bir prosessual hərəkətlər aparılmır. Onun prosessual vəziyyəti hələ də «təqsirkar şəxs» dir. Barəsində isə “başqa yerə getməmə» barədə qətimkan tədbiri tətbiq edilib. Əslində, həmin işlə bağlı bütün faktlar faktiki olaraq araşdırılmışdır. Ona min dollar məbləğində ziyan vuran ona qarşı dələduzluq edən zərərçəkmiş” Bəxtiyar Dadaşova qarşı heç bir “hədə qorxu ilə tələb” etmə cinayəti olmamışdır. B.Dadaşov sadəcə olaraq ona məxsus pullarını qaytarmamaq üçün onun qanunsuz həbsinə nail olmağa çalışmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iş materiallarından göründüyü kimi iddiaçı cinayət prosesini həyata keçirən orqanları hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Lakin, iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçın hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüqu şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini om hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.” Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirlik mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazir hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidia istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 563/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı ilə, AR CM-nin 182.2.4-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, 23.12.2021-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X4 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsilə təqsirləndirilərək 4 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, 23.12.2021-ci il tarixli qərarı ilə isə Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı ləğv edilərək İddiaçı dərhal azadlığa buraxılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı barəsində ibtidai istintaq davam edir, cinayət təqibi üzrə icraata xitam verilməmişdir. Hazırda İddiaçı əsassız həbs qətimkan tədbirinin seçilməsi əsasında ona vurulmuş 20000 manat həm maddi, həm mənəvi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iddia tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Eyni zamanda mənəvi ziyanın vurulması ilə bağlı məhkəmə qeyd edir ki, pozulmuş və ya pozulmasını ehtimal etdiyi hüquqlarının bərpa olunması və ya müdafiə edilməsi üçün hər kəs məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bu hüququn hər hansı formada məhdudlaşdırılması yolverilməzdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə olan halda məhkəməyə müraciət edilməsi və ya ona qarşı qaldırılan iddia tələbi ilə əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə edilməsinə görə mənəvi zərər tələb edilməsi əsassız hesab edilməlidir. Çünki bu, şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdən çəkinmələrinə və nəticədə Azərbaycan Resublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar