Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2034/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı A.S.A. qızının və cavabdehin nümayəndəsi AAA oğlunun iştirakları ilə İddiaçı A.S.A. qızının cavabdeh *** Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı A.S.A. qızı cavabdeh *** Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı A.S.A. qızı 19 fevral 2023-cü il tarixdə, saat 16:35-də “Bravo” marketdə BBB qızının hesabına pul köçürmək istəyərkən səhvən cavabdeh təşkilatın keçirdiyi “Səninləyəm Türkiyə” humanitar aksiyasına 1000 manat pul köçürmüşdür. O pulu köçürdükdən sonra BBB ilə əlaqə saxladıqda sonuncu bildirdi ki, pul hesabına köçməyib və iddiaçı pulu “Milliön” ödəniş sistemi vasitəsilə köçürməli olduğu halda, “E-manat” ödəniş sistemi vasitəsilə köçürmüşdür. İddiaçı bu barədə dərhal cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış cavab məktubunda Daxili İşlər Nazirliyinə müaciət edildiyi bildirilmiş və həmçinin məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. 1 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir məlumat verilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh *** Cəmiyyətindən 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı A.S.A. qızı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh *** Cəmiyyətinin nümayəndəsi AAA oğlu oğlu iddianı qəbul etməyərək bildirdi ki, Türkiyədə baş verən zəlzələ ilə bağlı Cəmiyyətdə hesab açılmış, hesaba gələn ianələr də Türkiyədəki AFAD təşkilatının hesabına köçürülmüşdür. A.S.A. qızı tərəfindən *** Cəmiyyətinin hesabına 1000 (bir min) manat məbləğində pulun köçürülməsi Cəmiyyət tərəfindən mübahisələndirilmir. 20 fevral 2023-cü il tarixində iddiaçı tərəfindən Cəmiyyətə səhv köçürülmüş pulun geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. Pulun geri qaytarılması mexanizmi praktiki olaraq mövcud olmadığı üçün bu məsələ ilə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu hadisədən sonra eyni qaydada bir neçə nəfər şəxs də Cəmiyyətə səhvən pulun köçürülməsi və pulun geri qaytarılması ilə bağlı müraciət etmişdir. Buna görə pulların səhv köçürülməsi onlarda şübhə doğurmuş və bu məsələlərin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Cəmiyyətə köçürülən pullar Türkiyədə zəlzələdən əziyət çəkən şəxslərə yardım məqsədilə dərhal AFAD təşkilatının hesabına köçürülmüşdür. Pulun iddiaçıya geri qaytarılması üçün gərək AFAD təşkilatından pul geri alına. Bunun da icrası mümkünsüzdür. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. *** Cəmiyyəti tərəfindən məhkəməyə göndərilən iddia ərizəsinə etirazda bildirilmişdir ki, həqiqətən vətandaş tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Cəmiyyət tərəfindən başlanmış yardım kompaniyası çərəçivəsində 19 fevral 2023-cü il tarixdə E-Mon vasitəsilə 1000 (bir min) manat məbləğində ianə edilmişdir. 20 fevral 2023cü il tarixdə vətəndaş İddiaçı pulun səhvən köçürüldüyündən geri qaytarılması barədə Cəmiyyətə müraciət etmişdir. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində daxil olmuş vəsaitlər qısa müddət ərzində Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. Buna görə də İddiaçı ianə etdiyi pulu geri qaytarmaq mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, ianə kimi köçürülmüş vəsaitlərin geri qaytarılması hallarına X2 və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, nə də *** Cəmiyyətinin praktikasında rast gəlinmədiyindən icrası mümkün görünmür. Eyni zamanda bir neçə belə fakt olduğundan və ianə edilmiş vəsaitlərin geri tələb edilməsi Cəmiyyətdə müəyyən şübhələr doğurduğundan bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18400 nömrəli qəbzdən görünür ki xx.xx.2023-cü il tarixdə “E-manat” ödəniş sistemi vasitəsilə *** Cəmiyyətinin hesabına 1000 (bir min) manat məbləğində pul köçürmüş, telefon nömrəsi olaraq +**********78 qeyd olunmuşdur. Ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində *** Cəmiyyəti tərəfindən Türkiyə Respublikasında AFAD təşkilatının hesabına 38550 AVRO ianə məqsədilə pul köçürülmüşdür. *** Cəmiyyəti tərəfindən iddiaçı A.S.A. qızına ünvanlanmış məktubdan görünür ki, iddiaçı pulun geri qaytarılması üçün müraciət etmiş, cavabdeh təşikilatdan bildirilmişdir ki, məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilmişdir, eyni zamanda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ********** mobil nömrə resursu BBB qızının adına rəsmiləşdirilmişdir. BBB qızı tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan rəfiqəsi A.S.A. qızı xx.xx.2023-cü il tarixində ondan borc aldığı 1000 (bir min) manat pul vəsaitini istifadəsində olan ********** mobil nömrəsinə terminal vasitəsilə göndərəcəyi barədə bildirmişdir. Həqiqətən də təsdiq edir ki, rəfiqəsi A.S.A. qızı xx.xx.2023-cü il tarixində təqribən saat 16:45-17:00 radələrində 1000 (bir min) manat pul vəsaitini onun mobil nömrəsi olan ********** hesabına göndərdiyini demiş olsa da, o, İddiaçı pulun onun mobil nömrəsinə gəlib çatmadığını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra rəfiqəsi A.S.A. qızı köçürdüyü qəbzə baxaraq 1000 (bir min) manat pul vəsaitini səhvən *** Cəmiyyətinin hesabına köçürdüyünü bildirmişdir. Hadisənin bu cür baş verməsini ərizəsi ilə təsdiq edir ki, həmin 1000 (bir min) manat borc olaraq aldığı pul vəsaitini rəfiqəsi A.S.A. qızı onun istifadəsində olan ********** mobil nömrəsi əsasında terminal vasitəsilə göndərməli idi. O, ərizədə yazdıqlarının həqiqiliyini və doğruluğunu imzası ilə təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş CCC oğlu ifadəsində göstərmişdir ki, A.S.A. qızı onun anasıdır. 19 fevral 2023-cü il tarixdə anası *** Cəmiyyətinə terminal vasitəsilə səhvən pul köçürmüşdür. Səhəri gün anası ilə birlikdə Cəmiyyətə getmiş və səhvən pul köçürdüklərini bildirmişlər. Orada onlara bankda hesab açmalı olduqlarını və ondan sonra pulu bank hesabına qaytaracaqlarını bildirmişlər. Daha sonra Cəmiyyətdə Ceyhun adlı əməkdaşın qəbulunda olmuşlar və pulu səhv köçürdüklərini ona da bildirmişlər. Onlara bildirilmişdir ki, pulu geri qaytarma mexanizmi yoxdur. Pulu geri qaytaran zaman səhvlik etsələr təşkilatı yoxlayanda əməkdaşlarını cəzalandıra bilərlər. Ona görə polis orqanlarına və ya məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Polis tərəfindən qərar verilmişdir ki, dələduzluq faktı yoxdur və Nəzarova Mehparə həqiqətən pulu köçürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, A.S.A. qızı 19 fevral 2023-cü il tarixində *** Cəmiyyətinə terminal vasitəsilə səhvən 1000 (bir min) manat pul köçürmüşdür. Pulun səhvən köçürüldüyünü bildikdən sonra iddiaçı pulun geri qaytarılması üçün *** Cəmiyyətinə 20 fevral 2023-cü il tarixində müraciət etmişdir. Lakin *** Cəmiyyəti tərəfindən müraciətdə qeyd olunan məsələ öz həllini tapmamış və səhvən köçürülmüş pul vəsaiti Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində daxil olmuş kimi Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəlləsi) 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Məhkəmə ilk olaraq qeyd edir ki, *** Cəmiyyətinin hesabına terminal vasitəsilə A.S.A. qızı tərəfindən 19 fevral 2023-cü il tarixində 1000 (bir min) manat pulun köçürülməsi və həmin köçürülmüş pulun geri qaytarılması üçün iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət olunması işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, BBB qızı tərəfindən poçt vasitəsilə məhkəməyə ünvanlanmış məktubun həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan qanunun mənasından və hazırkı mübahisə predmetindən görünür ki, iddiaçı hüquq normalarının ona verdiyi imkandan istifadə edərək maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki qanunvericilik mülki hüquq subyektlərinin iradə sərbəstliyinə əsaslanır və fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Hazırkı mübahisə predmeti olan ianə məbləği iddiaçı A.S.A. qızının iradəsindən kənar qaydada səhvən olaraq *** Cəmiyyətinin hesabına köçürülmüşdür. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı səhvən pulun köçürülməsini *** Cəmiyyətinə bildirsə də, həmin pul vəsaiti bank hesabında və ya digər qaydada saxlanılmamış və Cəmiyyətin hərəkətsizliyi nəticəsində hesabda olan digər ianə məbləğləri ilə birlikdə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. İddiaçının iradəsindən kənar baş verən bu köçürmə və cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində iddiaçı A.S.A. qızına 1000 (bir min) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddianın obyekti olan pul məbləğinin geri qaytarılmasının hüquqi əsası kimi borc müqaviləsi ilə bağlı olan münasibətləri tənzimləyən normalara istinad etməklə əslində tətbiq edilməli olmayan hüquq normalarına əsaslanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, ianə məbləğinin geri qaytarılması məsələsi mülki qanunvericiliklə birbaşa tənzimlənmir. Ona görə hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 13.5-ci maddəsinə əsasən Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə hesab edir ki, sözügedən mübahisəyə mülki qanunvericiliyin deliktdən əmələ gələn öhdəliklər və əsasssız varlanma ilə bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəlləsi) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Prosessual Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə işin sübut olunan hallarından göründüyü kimi iddiaçı A.S.A. qızının iradəsindən kənar olaraq *** Cəmiyyətinə 1000 (bir min) manat məbləğində ianə edilmişdir. İddiaçı səhv köçürülən pulun geri qaytarılması üçün cavabdehə dərhal müraciət etsə də *** Cəmiyyəti hərəkətsizlik göstərərək iddiaçının məhrum olduğu pul vəsaitini ona geri qaytarmamışdır. Nəticə olaraq həmin pul məbləği baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində Türkiyənin AFAD təşkilatının hesabına köçürülməklə iddiaçının gözlənilən məqsədinə uyğun olmayan hərəkət edilmişdir. Bununla da iddiaçı A.S.A. qızı səhvən *** Cəmiyyətinə köçürülmüş pul məbləğini məhkəmə qaydasında tələb etməyə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh *** Cəmiyyətindən 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı A.S.A. qızına ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh *** Cəmiyyətindən 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı A.S.A. qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-2034/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2034/2023
22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver