Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2050/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 müştərək qaydada ona məxsus olan 58.800 (əlli səkkiz min səkkiz yüz) manat pulun tutularaq ödənilməsinə, vurulmuş mənəvi zərərə görə 1000 (on min) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, yeni tikilmiş binada ev almaq məqsədilə Cavabdeh2 təsisçisi olduğu "xxxx" MTK-nın sədri X3 müraciət etmiş və Bakı şəhəri, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 nömrəli mənzilin olmasını bildirmişdir və mənzilin qiyməti 58.800 (əlli səkkiz min səkkiz yüz) manat razılaşdırılmış və həmin vaxt pulu dollarla vermiş, lakin müqavilədə manatla göstərilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa edilən 16 mərtəbəli yaşayış binasının İ blokunda 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 saylı mənzilin ona verilməsi barədə müqavilə bağlanmışdır. 05 fevral 2014-cü il tarixdə 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pulu MTK-nın ünvan 1 ünvanında yerləşən ofisində almışlar, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını möhürləyərək iddiaçıya vermişlər. Lakin, sonra ona məlum olmuşdur ki, bu mənzil əvvəllər, 2008-ci ildə X4 60.000 ABŞ dollarına satılmışdır. Bundan da aydın olmuşdur ki, cavabdeh tərəfin təsisçisi olduğu MTK öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan məqsədli şəkildə ona məxsus külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədi güdmüş və ona məxsus külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə "xxxx" MTK-nın sədri X3 Azərbaycan Respublikası CM-nin 178.3.2., 308.2. və 313. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin, işə baxılarkən iddiaçı tərəfindən mülki iddia qaldırılmamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehlərin dələduzluq yolu ilə ona məxsus külli miqdarda pulu ələ keçirməsi nəticəsində o evsiz-eşiksiz qalmış, o həmin puldan istifadə edə bilməmiş və cavabdehlərin əməli nəticəsində o, mənəvi zərərə də məruz qalmışdır. Belə ki, uzun müddət zəhmət hesabına toplayıb əldə etdiyi pul vəsaitindən məhrum olmağı, cavabdehin onu aldatması, sonda pulu qaytarmaması səbəbindən dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuş və psixikasına ciddi şəkildə təsir etmişdir. Onun həyat yoldaşı uzun müddət bundan qabaq vəfat etmiş, uşaqları təkbaşına böyütmüş, ərindən qalan yeganə evi sataraq mənzil almaq istəyirmiş və dələduzluq nəticəsində dözülməz şərait yaranmışdır. Səhhəti tamamilə pisləşmişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat məbləğində dəyərləndirmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək bildirmişdir ki, o, Şahin Əliyev barəsində cinayət işinə baxılarkən vaxtında mülki iddia verə bilməmişdir. Belə ki, səhhətində olan problemlər ona çətinlik yaratmışdır. Onunla eyni cinayət işi üzrə zərərçəkmiş şəxslər mülki iddiaçı kimi tanınıblar və hazırda Cavabdeh2 məxsus olan əmlak satışa çıxarılıb. Əliyev Şahinə qarşı iddia qaldırmamasının səbəbi odur ki, Şahin Əliyevin heç bir əmlakı yoxdur,amma Cavabdeh2 əmlakı satılıb və əgər onun iddiası təmin olunsa, həmin əmlakın satışından o da pul ala bilər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh1 MTK-nın nizamnamə əsasında fəaliyyət göstərən icraçı direktor X6 və İddiaçı arasında xx.xx.2014-cü il tarixində imzalanan müqavilədən görünür ki, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 nömrəli mənzil 58.800 (əlli səkkiz min səkkiz yüz) manata İddiaçı satılmışdır. Cavabdeh1 MTK-nın xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın payçısıdır və Yeni Yasamal İİ yaşayış massivi 116 nömrəli mənzilin tam dəyərini 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində ödəmişdir. Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2014-cü ilin 02 nömrəli protokolundan çıxarışından görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivi, 1-ci blok, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 nömrəli mənzilin payçısı olduğu təsdiq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 MTK-nın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. xx.xx.2024-cü il tarixli 23727 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 297 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2000-ci il tarixli, 048852 nömrəli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə 2-ci qrup əlildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, X1 58.800 (əlli səkkiz min səkkiz yüz) manat alınaraq İddiaçı verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Ş.Əliyevdən 58.800 manat alınaraq zərərçəkmiş İddiaçı ödənilməsi hissəsi onun Ş.Əliyevə qarşı mülki iddiası olmadığından ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/19 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə X2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(102)- 1468/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə əsasən, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinən X3 münasibətdə zərərçəkmiş şəxs hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/19 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin bərpa edilərək zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin əmlaka yönəldilməsi, Cavabdeh2 hazırki iddia tələbi üzrə işə cavabdeh kimi cəlb edilməsinə əsas vermir. Beləliklə məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı düzgün olmayan cavabdehə qarşı iddia qaldırmışdır. Belə ki, nəzərə alınmalıdır ki, zərərin vurulması zamanı səbəbli əlaqənin gözlənilməsi zəruridir. Nəzərə alınmalıdır ki, hazırda iddiaçının hüquqlarının pozulması ilə bağlı delikti törətmiş şəxs Cavabdeh2 və ya Cavabdeh1 MTK deyil, X5r.Məhkəmə yuxarıda qeyd olunanları əsas gətirərək hesab edir ki, iddia tələbi istər maddi ziyanın, istərsə də mənəvi zərərin ödənilməsi hissəsində hazırki iş üzrə cavabdehlərin hər ikisinə münasibətdə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2050/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2050/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver