Məhkəmə qərarları › İş №2(006)-206/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-206/2024

07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-206/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 14000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük, 1 cüt 750 əyyar ağ qızıl sırğa və dövlət rüsumu kimi ödədiyi 150 manat pulun tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi bir yaxın rəfiqəsi vasitəsilə tanımışdır. Maddi vəziyyəti çətin olduğundan, cavabdeh ona məxsus qızıl əşyalarını satmaqda köməklik edəcəyini bildirmişdir. Əvəllər bir neçə dəfə bu işdə köməklik göstərmişdir. Lakin sonuncu dəfə ona olan etibarından sui-istifadə edərək, 14000 manat məbləğində qızıl əşyalarını, 1 cüt 750 əyyar ağ qızıl sırğa, 1 ədəd 21 qramlıq italyan qızılı üzüyü satmış və satışdan əldə etdiyi pulu geri ödəməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək, qızılların satışından əldə etdiyi pulu qaytarmasını tələb etmiş, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirirək pulu verməkdən boyun qaçırmışdır. Sonuncu dəfə Türkiyəyə müalicəyə getmişdir. Ondan sonra iddiaçı ilə bütün əlaqəsini kəsmişdir. Belə olduğu halda iddiaçı çıxılmaz vəziyyətdə qalaraq hüquq mühafizə orqanına müraciət etmişdir. Polisdə iş araşdırılan zaman polis əməkdaşları Cavabdeh tapıb gətirib izahatını almışlar. Polisə verdiyi izahatında borcu olduğunu, qızıl sırğa və üzüyün onda olmasını etiraf etmiş və borclu olduğu pulu bir il müddətində qaytaracağını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh borclu olduğunu etiraf edib, 1 il müddətinə qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş ekspert Mətanət Muradova izahatında bildirmişdir ki, yalnız “Axundova” yazısı və imzalar cavabdehə aiddir. Lakin mətn deyil, çünki xətt nümunələri təqdim edilməmişdir. Cəmilə xanımın xətt nümunələrini iş materiallarında mövcud olan şəxsiyyət vəsiqəsi və etibarnamə ilə müəyyən etmişdir. 147-ci vərəqdə mövcud olan xətt nümunələri ilə digər iki vərəqdəki xətt nümunələrinə şübhə etmir, lakin hər ikisindəki xətt nümunələri bir-birindən fərqlidir. Bu səbəbdən də tədqiqat aparmaq mümkün olmamışdır. Ümumi və xüsusi hallara əsasən müqayisəli tədqiqata əsasən, qarşılaşdırılma üsulu ilə ekspertiza aparılaraq və imzanın cavabdehə məxsus olduğu ortaya çıxmışdır. Məhkəmə iclasına dindirilmiş şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid ifadəsində bildirmişdir ki, izahatı o yazdırmışdır. Faizə xanımı əvvəl tanımamışdır. Borcla bağlı ərizə yazdıqdan sonra tanımışdır. Cavabdeh keçirdiyi avtoqəza nəticəsində şöbəyə gələ bilməmiş və bu səbəbdən onun izahatınının alınması üçün Leyla Şıxlinski adına xəstəxananın arxa qapısı ilə üzbəüz restoranın birinci mərtəbəsindən içəri daxil olan zaman sağ tərəfdə əyləşmişlər. İzahatını almış, imzanı özü çəkmişdir. Lakin izahatı Nümayəndə1 yazmışdır. Faizə xanımın ərizə il bağlı izahatı isə şöbədə olmuşdur. İzahatın alınma tarixini xatırlamır. Cavabdeh izahat verən zaman borcunun olduğunu etiraf edərək, bir ildən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir. Boyunbağını Yasamal ərazisində kiminlə görüşərək götürdüyünü bilmir. İddiaçı ilə cavabdeh arasında qızıl alış verişi olmuşdur. Cavabdeh izahat verərkən orada iş yoldaşı Amur Məmmədli, sürücü Fərid bəy, o və Nümayəndə1 olmuşdur. Həmin vaxt o, xidməti formada olmuşdur. Nümayəndə1lə olan söhbətin məzmununu xatlrlamır. İzahatdakı imza və Axundova sözü Cəmilə xanıma məxsusdur. İzahatın məzmununu Nümayəndə1 yazmışdır. Cəmilə xanım səhhəti ilə bağlı izahat yaza bilməyəcəyini bildirmişdir. Nümayəndə1 özünü Cəmilə xanımın yaxını kimi təqdim etmişdir. Məhkəmə iclasına dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 18 yaşından rəfiqədirlər. Faizə xanımın sahibliyində olan paltar mağazasında birlikdə işləyiblər. Cavabdeh Faizə xanımın mağazasına gəlib gedirdi. Təxminən cavabdehi 9- 10 ildir ki, tanıyır. Cavabdeh müştəri kimi gəlmişdi. Rusiyadan gəldiyini və qızıl işi ilə məşğul olduğunu bildirmişdir. Cəmiləni iddiaçı ilə o tanış etmişdir. Cəmiləni ilk öncə müştəri kimi tanımışdır. O və Faizə xanım qızıl biznesi ilə məşğul olmamışlar. Cəmilənin Faizəyə pul verməsini görmüşdür. Faizə xanım cavabdehə qızılı onların mağazasında verirdi. Hansı məbləğdə olmasını xatırlamır. Faizə Cəmiləyə sırğa, üzük və sepini taxmaq üçün vermişdi. Faizə xanım üzüyü mağazada verdi. Üzük 21 qram idi. Hadisə 2022-ci ilin mart və ya aprel ayında olmuşdur. Ağ qaşlı üzüyü Cəmiləyə taxmağa vermişdi. Təxminən 2-3 il əvvəl olardı. Həmin vaxt o və işçilər də orada idi. Sırğa və üzüyü Cəmiləyə toya taxmaq üçün vermişdir. Qızılı satış və istifadə üçün verirdi. Daha sonra Cəmilənin telefonuna zəng çatmadı. Cavabdeh mağaza tərəfdə Zoğal restoranının arxasında kirayədə qalırdı. Cəmilə qızılı lombarda onun iştirakı olmadan qoymuşdu. X2 yanında yerləşirdi və Cəmilə ilə birlikdə gedib sepi lombarddan çıxarmışlar. Cəmilə xanımın pasportunun şəklini orada çəkmişdir. Lombarda iki və ya üç dəfə getmişdir. Üzük və sırğa lombardda qalmışdır. Daha sonra Cəmilə xanım Türkiyəyə getdi. Lombarddakı şəkilləri o, çəkmişdir. Cavabdeh Faizə xanıma qızıl alışverişindən qalan borcu 14 min manat və toy zamanı müvəqqəti istifadə edilməsi üçün verdiyi qızıl üzük və bir cüt sırğa olmuşdur. Məhkəmə iclasına dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən Faizə xanımın yanında işləmişdir. 2 ildir ki, moda evində işləyir. Faizə xanım qadın paltarı satır, o, sahibkardır. Cəmiləni Çiçək xanım tanıyırdı. Cəmilə 2016-2017-ci il tarixdən gəlib-gedirdi. Cəmilənin ən çox Çiçəklə əlaqəsi olurdu. Cəmilə onların işlədiyi mağazadan paltar alırdı. Cəmilə 2016-2017-ci il tarixlərdən mağazaya qızıl ilə gəlib-gedirdi. O, son vaxtlar Faizənin qızıllarını satırdı. Daha sonra isə Faizənin qızıllarını taxmaq adı ilə alırdı. Yanında qızıl alğı-satqısı olmuşdur. Cəmilə onlardan nisyə mal alırdı. Faizə Cəmilədən pulunu güclə alırdı. Cəmilənin Faizəyə borcu var. Lakin pulun miqdarını bilmir. Sep lombarddan götürüləndə orada iştirak etməmişdir. Üzük və sırğanı taxmaq üçün almışdı. İş materiallarında olan İddiaçı Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, təxminən may ayında rəfiqəsinin tanışı olan Cəmilə adlı xanıma satmaq məqsədilə özünə aid qızılları vermişdir. Həmin xanım qızılları sataraq pulunu vermişdir. Lakin sonradan ona satmaq üçün verdiyi qızıllardan yığılaraq qalan 14000 manat pulu və 1 ədəd üzüyü bu günə qədər verməkdən boyun qaçırır. İş materiallarında olan İddiaçı Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi digər izahatdan görünür ki, təxminən may ayında Cəmilə adlı xanıma özünə gəlininə məxsus qızılları satmaq üçün vermiş, ümumilikdə Cəmilənin ona 14000 manat borcu yaranmışdır. Sonuncu dəfə onunla görüşəndə tanışım onun qızıl alverçisi olduğunu sübut etmək üçün onun üzərindəki 32 qram boyunbağı və 20 qram üzüyü ona göstərib ondan 10000 manat alacağını ona bildirmiş, lakin həmin gündən müxtəlif bəhanələr gətirərək, pulunu və qızılı verməkdən yayınmışdır. İş materiallarında olan Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, Faizəni rəfiqəsi vasitəsilə tanıyıb. Aralarında qızıl-zinət əşyalarının alış verişi ilə əlaqədar münasibətləri yaranıb. İlk öncə hər şey yaxşı olsa da sonradan öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var. Türkiyədə keçirdiyi avtoqəza ilə əlaqədar olaraq səhhətində ciddi problemlər yaranıb. Başı müalicəsinə qarışıb, heç bir yerdən gəliri yoxdur. Ona görə də borcunu hissə-hissə qaytaracaq. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı aışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur. Adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqinin Cavabdeh məxsus olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlətarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/897 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmaları – Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 138 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mülki işə məhkəmədə baxılması üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tərəflərin izahatlarına, şahid ifadələrinə və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehi bir yaxın rəfiqəsi vasitəsilə tanımışdır. Maddi vəziyyəti çətin olduğundan, cavabdeh ona məxsus qızıl əşyalarını satmaqda köməklik edəcəyini bildirmişdir. Əvvəllər bir neçə dəfə bu işdə köməklik göstərmişdir. Lakin sonuncu dəfə ona olan etibarından sui-istifadə edərək, götürdüyü qızılların ödənişini iddiaçıya verməmişdir. İddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq edərək, qızılların satışından əldə etdiyi pulu qaytarmasını tələb etmiş, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirirək pulu verməkdən boyun qaçırmışdır. Məhkəmə ilk növbədə iddia ərizəsinin pul tələbi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 14000 manat məbləğində pul tələb etsə də həmin məbləğin həqiqətən də 14000 manat olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materiallarını araşdırmış, tərəflərin, şahidlərin ifadələrini almış və nəticədə həmin məbləğin 10000 manat olması qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var. Beləliklə cavabdeh iddiaçıya 10000 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə gedişatında iddiaçı tərəfindən polis şöbəsində verilmiş izahatın cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən yazıldığını bildirmişdir. Cavabdeh bu səbəbdən də məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/897 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmaları – Cavabdeh tərəfindən icra edilmişdir. Həmçinin ekspert məhkəmə iclasına dəvət olunaraq izahatı alınmış və o, izahatında bildirmişdir ki, yalnız “Axundova” yazısı və imzalar cavabdehə aiddir. Lakin mətn deyil, çünki xətt nümunələri təqdim edilməmişdir. Cəmilə xanımın xətt nümunələrini iş materiallarında mövcud olan şəxsiyyət vəsiqəsi və etibarnamə ilə müəyyən etmişdir. 147-ci vərəqdə mövcud olan xətt nümunələri ilə digər iki vərəqdəki xətt nümunələrinə şübhə etmir, lakin hər ikisindəki xətt nümunələri bir-birindən fərqlidir. Bu səbəbdən də tədqiqat aparmaq mümkün olmamışdır. Ümumi və xüsusi hallara əsasən müqayisəli tədqiqata əsasən, qarşılaşdırılma üsulu ilə ekspertiza aparılaraq və imzanın cavabdehə məxsus olduğu ortaya çıxmışdır. Məhkəmə qeyd edir ki, Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İstənilən mülki işdə irəli sürülə biləcək hüquqi arqumentlər sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırıla bilər. Bu ifadələrdə və ya digər sübutlarda kifayət qədər detallar təqdim edilməzsə, insan hüquqlarının pozulması haqqındakı iddia təmin olunmaya bilər. Məhkəmə sübutların təqdim olunmamasından iddianın əsaslı olubolmaması ilə bağlı nəticələr çıxara və ya iddianı əsaslandırılmamış hesab edə bilər. Belə ki, məhkəmə iclaslarında dindirilmiş şahid ifadələrindən göründüyü kimi onlar ifadələrində 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün cavabdehə verildiyini gördüklərini təsdiq etmişlər. Lakin iddiaçıya olan borc pulla bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi pulun və qızılların həqiqətən cavabdehə verildiyinin sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iddiaçı Cavabdeh ona borclu olduğu 14000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğanı tələb etsə də, iddiasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Lakin cavabdehin iddiaçıya 10000 manat pulun borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad etmişdir. Lakin qalan 4000 manat hissədə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi pul tələbinin yalnız 10000 manat hissəsində təmin edilməlidir. İddia tələbinin digər hissəsi yəni 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğa tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin cavabdehin iddiaçıya 1 ədəd 21 qramlıq üzük borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı da sübut etmə vəzifəsindən azad etmişdir. Digər qızıla (1 cüt 750 əyyar ağ qızıl sırğa) münasibətdə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul və 1 ədəd 21 qramlıq italyan qızılı üzük alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 75 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 288 manat məbləğində pulun 144 manat hissəsi İddiaçı, 144 manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və 1 ədəd 21 qramlıq italyan qızılı üzük alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 288 (iki yüz səksən səkkiz) manat məbləğində pulun 144 (yüz qırx dörd) manat hissəsi İddiaçı, 144 (yüz qırx dörd) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu- 3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar