Məhkəmə qərarları › İş №2(006)-2065/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2065/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2065/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiyanın, 74 954,91 manat 67 ay ərzində faktiki aylıq qazancının, 3000 manat məzuniyyət məvacibinin, 1800 manat geyim pulunun, 4288 manat ərzaq pulu və 3685 manat kirayə pulunun, 2000 manat maddi yardımın, 5000 manat mükafat pulunun, 5000 manat məvacib üçün əlavə edilən mükafat pulunun və son haqq-hesab pulu olan 3356 manat 19 qəpik pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. İddiaçı 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandiri kursunu bitirmişdir. 2015-ci il iyun-iyul ayında Türkiyyə Respublikasında hərbi təhsilini davam etdirmişdir. 26 aprel 2013-cü ildə Ağdam rayonu ərazisində yerləşən döyüş şəraitində olmaqla döyüş tapşırıqları yerinə yetirən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 3-cü tağımın komandiri vəzifəsində xidmətə başlamışdır. İddiaçı xidmət dövründə aşağıdakı mükafatlara layiq görülüb: döyüş və ictimaisiyasi hazırlıqda əldə etdiyi naliyyətlərə görə 20 mart 2013-cü ildə N saylı hərbi hissənin komandiri Elçin Hacıyev tərəfindən fəxri fərmanla təltif edilib; 2013-cü ildə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə N saylı hərbi hissənin komandiri Raquf Orucov tərəfindən fəxri fərmanla təltif olunub; 2014-cü ildə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə N saylı hərbi hissənin komandiri Etibar Əhmədov tərəfindən fəxri fərmanla təltif olunub; 2015-ci ildə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə N saylı hərbi hissənin komandiri Vəfadar Bayramov tərəfindən fəxri fərmanla təltif olunub; 2016-cı ildə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərmanla təltif olunub; 2007-2011-kursant, 2011-ci ildə leytenant, 2014-cü ildə baş leytenant rütbələrinə yüksəlib; iddiaçı 2010-cu ildə -kursant kimi Murovda, 2011-ci ildə bir aylıq leytenant kimi Ağcabədi rayonunda TTM-də, 2012- 2013-cü illərdə Gəncə şəhərində 30 saylı Hərbi Hissədə tağım komandiri, 2013-cü ilin aprel ayından 03 may 2017-ci ilə kimi N saylı Hərbi Hissədə tağım komandiri (tabor komandiri vəzifəsi 1 həftə) xidmət edib. İddiaçının cinayət əməlində ittiham edilməsi iddiaçı 03 may 2017-ci ildə həbs edilib və ağır işgəncələrə məruz qalaraq CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3, 342.2.2, 249.2.3, 349.2.4-cü maddələrlə təqsirləndirilib. Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il hökmü ilə iddiaçı 20 il müddətinə azadlıqdan məhrum, Gəncə Apellyasiya Məhkəməsi 16 oktyabr 2018-ci ildə qüvvədə saxlamış, Ali Möhkəmə 20 iyun 2019-cu il və 29 sentyabr 2020-ci il qərarı ilə əvvəlki qərarlar qüvvədə saxlanılmışdır. İddiaçı 5 il 7 ay, cəmi 67 ay həbsdə saxlanılıb. 2018-ci ilin oktyabr ayında 2022-ci ilin may ayına kimi Qobustan həbsxanasında 24 kv metrlik otaqda 6 nəfərlə birlikdə qalıb. İddiaçı Qobustan Həbsxanasında 80, 81-ci kameralarda cəza çəkib. 2022 may maydan 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və noyabr ayına kimi orada cəza çəkib. 2022-ci ilin noyabr-dekabr aylarında isə Bakı İstintaq Təcridxanasında cəza çəkib. 06 dekabr 2022-ci ildə bəraət alaraq azadlığa buraxılıb. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr, 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasi CM-in maddələri və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmalarina dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılıb. Gəncə Hərbi Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı Azerbaycan Respublikasi CMnin maddələri və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. 12 noyabr 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. 06 dekabr 2022-ci il tarixli qərarına əsasən Baş Prokurorluğun İstintaq İdarəsi İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3,330.3, 332.3,338.1, 338.2, 341.3, 349.2.1,349.2.2,349.2.3, 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilib. Həmçinin qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 329.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqi aparılan ********* nömrəli cinayət işinin icraatına cinayət qanunu müddəalarının qüvvəsinə görə və şəraitin dəyişməsi ilə bağlı xitam verilib. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xilam verilib və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilib. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadliqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyala keçirilməsi qaydası iddiaçıya izah edilib. İddiaçı məhkəməyə bildirmişdir ki, 03 may 2017-ci ildə həbs edilib və 06 dekabr 2022-ci ildə bəraət alaraq azadlığa buraxılıb. Beləliklə, 5 il 7 ay 3 gün, yəni təxminən 2038 gün (67 ay 3 gün) iddiaçı qanunsuz, olaraq həbsdə qalıb. İddiaçı bildirmişdir ki, 2017-ci ilin 3 mayında 2018-ci ilin oktyabr ayına kimi İstintaq Təcridxanalarında, oktyabr ayında 2022-ci ilin may ayına kimi isə Qobustan həbsxanasında cəza çəkib. Yəni 5 il qapalı kameralarda saxlanılıb, gün ərzində dəqiqə ilə havaya çıxarılıb. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb cdilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqım 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1118.73 manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 67 ay ərzində faktiki aylıq qazancından məhrum edilib. Bu isə 74954,9 manat edir (1118.73x67=74954,91). Üstəlik, iddiaçı 5 il 7 ay ərzində hər il 45 günlük məzuniyyət pulunu, yəni bir aylıq vəzifə maaşı məbləğində pul təminatından məhrum edilib. İddiaçı bildirmişdir ki, zabit kimi onun illik məzuniyyət üçün nəzərdə tutulmuş pul təminatı sonuncu dəfə (2017-ci ilin may ayına kimi) 600 manat təşkil edib. Beləliklə, iddiaçı 5 il 7 ay ərizndə 3000 manat məvacibindən məhrum edilib. Zabit kimi hər il 1800 manat miqdarında geyim pulu, 4288 (67 ay X 64 manat) manat miqdarda ərzaq pulu və 3685 (67 X 55 manat) manat miqdarda kirayə pulundan, 2000 (5 il X 400 manat) manat miqdarda maddi yardım hüququndan məhrum edilib. 2013-cü ildə və 2015-ci ildə cəmi 5 düşmən əsgəri öldürdüyü üçün mükafat olaraq 5000 manat gəlirini bu günə kimi ala bilməyib. Məvacibinə hər il mükafat qismində əlavə edilən 1000 manat, cəmi 5000 manat gəlirdən məhrum edilib. Üstəlik, ehtiyata buraxılması zamanı son məvacib hesabından, yəni məvacibinin 3 qatı məbləğində müəyyən edilən 3356 manat 19 qəpikdən (1118,73 manat X 3) məhrum edilib. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim edilən pul təminatının hesablamasını əsas götürməklə, maddi ziyanla bağlı hissədə 115 642.18 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq onlara dəymiş mənəvi ziyana görə 500.000 manat, maddi ziyana görə 103.084 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bundan başqa Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirilmişdir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərər olaraq ödənilməmiş əmək haqqına görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildiririk ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı ittiham olunduğu maddələr üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ümumilikdə 20 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, həbs edilməsinin əvvəli xx.xx.2017-ci il tarixindən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasından həbsdən azad edilmişdir. İş materiallarında olan N saylı Hərbi Hissə tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2011-ci il tarixli 0256 saylı əmri ilə leytenant, Silahlı Qüvvələrin Baş qərargah rəisinin xx.xx.2014-cü il tarixli 0402 saylı əmri ilə baş leytenant hərbi rütbəsi verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə leytenant İddiaçı N saylı hərbi hissənin komandiri tərəfindən, döyüş və ictimai-siyasi hazırlıqla əldə etdiyi nailiyyətlərə görə və Novruz bayramı münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarından görünür ki, leytenant İddiaçı N saylı hərbi hissənin komandiri tərəfindən, döyüş hazırlığında, ictimai-siyasi hazırlığında, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarından görünür ki, 2015-ci il tarixdə Baş leytenant İddiaçı N saylı hərbi hissənin komandiri tərəfindən, döyüş hazırlığında, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə və Novruz bayramı münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə Baş leytenant İddiaçı N saylı hərbi hissənin komandiri tərəfindən, 2014-cü ildə döyüş hazırlığında, nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarında olan SHXÇDX-nin Xətai rayon idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hərbi bilet əvəzi 12448 saylı arayışın surətində qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət keçməsi xx.xx.2007-xx.xx.2019, hərbi rütbəsi əsgər, hərbi xidmətə yararlıdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 1123 saylı arayışdan görünür ki, İddiaçı 2017-ci il üçün nəzərdə tutulan pul təminatı: vəzifə maaşı-425.00 manat, rütbə maaşı: 125.00 manat, xidmət ilinə görə faiz əlavəsi: 10 % - 55,00 manat, məharət dərəcəsi: 63.75 manat, məzuniyyət pulu: 425.00 manat, maddi yardım:550.00 manat. 2018-ci il üçün vəzifə maaşı: 470.00 manat, rütbə maaşı: 125.00 manat, xidmət ilinə görə faiz əlavəsi: 10 % - 59,50 manat, məharət dərəcəsi 70.50 manat, məzuniyyət pulu: 470.00 manat, maddi yardım: 595.00 manat, 2019-cu il (sentyabr ayından etibarən) üçün nəzərdə tutulan pul təminatı, vəzifə maaşı: 600.00 manat, rütbə maaşı: 144.00 manat, xidmət ilinə görə faiz əlavəsi: 15 % - 90.00 manat, məharət dərəcəsi: 90.00 manat, məzuniyyət pulu:582.00 (3% vergi tutulmaqla) manat, maddi yardım:744.00 manat, 2021-ci il (iyul ayından etibarən) üçün nəzərdə tutulan pul təminatı, vəzifə maaşı: 600.00 manat, rütbə maaşı: 144.00 manat, xidmət ilinə görə faiz əlavəsi: 15 % - 90.00 manat, məharət dərəcəsi: 90 00 manat, məzuniyyət pulu: 582.00 (3% vergi tutulmaqla) manat, maddi yardım: 744.00 manat, prezident əlavəsi: 240.00 manat. Həmin arayışa əsasən yuxarıda qeyd olunan qeydləri və hərbi qulluçu üçün nəzərdə tutulan pul təminatını illər ərzində nəzərə alaraq adı çəkilən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı xx.xx.2017-ci il tarixindən 06 12.2022-ci il tarixə qədər onun sonuncu tutduğu vəzifəyə uyğun sonuncu aylıq pul təminatı (vəzifə və rütbə maaşı, məzuniyyət pullu, maddi yardım, məharət dərəcəsi, xidmət ilinə görə faiz əlavəsi) 115642.18 manat olmuşdur. Həmin arayışda həmçinin qeyd edilmişdir ki, qeyd 1: kirayə pulu: sənədlərin saxlanma müddətinin bitdiyi üçün məhv edildiyindən heç bir məlumat təqdim etmək mümkün olmamışdır. Bununla yanaşı olaraq geyim pulunun ödənişi hərbi qulluqçu ehtiyyata göndərildikdən sonra hərbi hissənin əşya xidməti tərəfindən hərbi qulluqçuya təqdim edilən müvafiq sənədlər əsasında Müdafiə Nazirliyi tərəfindən ödənişi həyata keçirilir. Qeyd 2: qeyd olunan əmək haqqı hərbi qulluqçu 1 ay ərzində tam şəkildə işə çıxdığı müddət üçün hesablanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 22 nömrəli qərarının 32.5 bəndində göstərilmiş pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi qulluqçulara bütün hallarda (məzuniyyət, hospital, həbs, hərbi hissəni öz başına tərk etmə, təhsil, müalicə, ezamiyyət və digər üzürsüz səbəblər) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Qeyd 3: Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsassən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsini nəzərə alaraq 2018, 2019 və 2021-ci illər üçün maaş artımları olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız olaraq həbsdə saxlanılmış, həmçinin ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən təqsirləndirildiyi maddələr üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasından həbsdən azad edilmişdir. İddiaçıya bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (05 il 07 ay 03 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, İddiaçı rütbəli hərbi qulluqçu olaraq xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkməsi, azadlığının əlindən alındığı 67 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 500000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanıldığı 05 il 07 ay 03 gün müddətinə iddiaçının xeyrinə ədalətli həddə - hər ayı üçün 1000 manat hesablanmaqla 67 000 manat tutulmalıdır. İddianın “vurulmuş maddi ziyan tələbi” ilə bağlı hissəsinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş arayışda İddiaçı azadlıqdan məhrum edildiyi tarixdən cinayət işi üzrə icraata xitam verildiyi tarixədək olan müddətdə alacağı pul təminatının (vəzifə və rütbə maaşı, məzuniyyət pullu, maddi yardım, məharət dərəcəsi, xidmət ilinə görə faiz əlavəsi, kirayə pulu və.s) hesablanmış məbləğini sübut kimi qəbul etməklə maddi ziyan olaraq 115 642.18 manatın tutulmasını məqsədəmüvafiq hesab edir. Odur ki, iddia bu hissədə əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 67 000 manat, maddi ziyana görə 115 642.18 manat olmaqla, cəmi 182 642.18 manat ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 67000 manat, maddi ziyana görə 115642.18 manat olmaqla, cəmi 182642.18 (bir yüz səksən iki min altı yüz qırx iki manat on səkkiz qəpik) manat ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar