Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2066/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması və vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 əsassız varlanmaya nəticəsində əldə etdiyi 95 manat, ödənilmiş 30 manat dövlət rüsumu və mənəvi zərərə görə 1000 manat kompensasiya alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh fiziki şəxs qismində lombard fəaliyyəti ilə məşğuldur. Yuxarıda qeyd edilən ünvanda fəaliyyət göstərir. Müqaviləyə əlavə edilmiş 740885 saylı girov biletində də həmin ünvan qeyd edilmişdir. Təcili pul lazım idi. Bu məqsədlə mobl telefonunu girov qoymaqla, pul götürmək qərarına gəlmiş, cavabdehə yaxınlaşmışdır. O, şifahi olaraq şərtlərini bildirdi. O da razılaşdı. Kreditin üzərinə hər ay 10% hesablanacaq, hər gecikdirilən günə görə 0,5 qəpik cərimə hesablanacaq. O, razılığını bildirmişdir. Telefonu real qiymətindən xeyli az, 450 manat qiymətləndirdilər. Real qiyməti isə 2 dəfə yüksək olardı. Məcburiyyət qarşısında qalaraq razılaşmışdır. Bir neçə sənəd imzalamışdır. Məzmununu belə oxumamışdır. Sonradan görmüşdür ki, onu aldadıblar. 21.07.2020-ci il tarixli qəbzdə aylıq faizi 60 manat göstərmişdilər. Halbu ki, 450 manatın 10% 45 manat təşkil edir. 1 gün gecikdikdən sonra 495 manat götürərək, cavabdehə yaxınlaşdı. Bildirdi ki, 510 manat gecikməyə görə əlavə 15 manat ödəməlisən. Etiraz etmişdir ki, 450 manat əvəzinə ona 445 manat vermişdir. Müqavilənin şərtlərinə görə 3 günə qədər gecikməyə görə faiz nəzərdə tutulmamışdır. Cavabdeh isə 525 manat tələb edirdi. Bildirdi ki, başqa pulu yoxdur. Təcili rayona getməlidir, xəstə vardır, telefonunu qaytardı. Cavabdeh demişdir ki, get hara istəyirsən şikayət etmişdir. Artıq axşam idi. Evə getmişdir. Tanışlardan 30 manat götürmüşdür. Növbəti gün yaxınlaşmışdır. Cavabdeh bildirdi ki, yenə 01 gün gecikmiş, 525 manatdan əlavə 15 manat da ödəməlisən. Bir daha xahiş etmişdir ki, telefonu qaytarsın, başqa pulu yoxdur, rayon getmişdir. Yenə də, cavabdeh 540 manatı verməyəcəyi halda, telefonu görməyəcəyini bildirdi. Əlavə etdi ki, həmin məbləği ödəsin, telefonu 450 manata satacaqdır. Dedi ki, necə insansan, onu başa düşmürsən, imkanı yoxdur. Telefonun qiyməti 900 manatdan az deyildir. Heç bir faydası olmadı. Tanışlardan yenə də 15 manat tapıb, 540 manatı cavabdehə ödəmişdir. Sonda üstünə qışqıraraq, təhqir etmişdir. Həmin an özünü çox pis hiss etmişdir. Ona cəhətdən çox sarsılmışdır. Gecə səhərə qədər yata bilməmişdir. Rayondan qayıdan kimi Nəsimi Rayon Məhkəməsinə və 19-cu PB-nə müraciət etmişdir. Hər iki orqan mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildirdi. Maddi ziyanın məbləği böyük olmasa da, mənəvi cəhətdən çox sarsılmışdır. Hələ də özünə gələ bilməmişdir. Mənəviyyatına, sağlamlığına misilsiz ziyan dəymişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan GLN № 740885 saylı girov biletindən görünür ki, 450 manat pul vəsaiti əvəzinə Samsunq S10 mobil telefonu girov qoyulmuşdur. İş materiallarında olan 20.06.2020-ci il tarixli Lombard müqavilə şərtlərindən görünür ki, Samsunq S10 mobil telefonu girov qoyulmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formalı girov müqaviləsinin bağlandığını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Məhkəmə hesab edir ki, iş materiallarına əsasən tərəflər arasında hüquq münasibətlərinin olması sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formalı girov müqaviləsinin bağlandığını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında girov münasibətinin mövcud olduğunu müəyyən edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması və vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması və vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2066/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2066/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver