Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-208/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndələri X11 və X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə əlaqədar "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, bundan sonra İdarənin müstəntiqi Bayram Bayramov heç bir əsas olmadan xx.xx.2017-ci ildə iddiaçını Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və 25 yanvar 2017-ci ildə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. İddiaçının "xxxx" MTK-nə heç bir aidiyyatının olmamasına baxmayaraq, müstəntiq onun ifadələrinə əhəmiyyət verməmiş, heç bir dəlil, heç bir mötəbər sübut olmadan iddiaçını şübhəli şəxs qismində tutmuş və onu "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur etmiş, həmin məbləğdə pul vəsaiti ödəyəcəyi təqdirdə iddiaçını buraxacağına vəd vermişdir. İddiaçı müstəntiq Bayram Bayramovun onu qanunsuz saxlamasını və onun təqsirsizliyinə heç bir əhəmiyyət verməməsini görüb "xxxx" MTK-nın vergi borcu üçün həyat yoldaşı X2 25.000 manat məbləğində pul vəsaiti məcburi şəkildə ödətdirildikdən sonra xx.xx.2017-ci ildə müstəntiq iddiaçının barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçərək onu müvəqqəti saxlama yerindən azad etmişdir. Göründüyü kimi müstəntiq onu qanunsuz olaraq az ağır cinayət etməkdə təqsirləndirdiyi azmış kimi, o, iddiaçını qanunsuz olaraq iki gün müddətinə müvəqqəti saxlama yerində saxlamış, bundan sonra onun azadlığının məhdudlaşdırılmasına əsas olan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçməklə onun azadlıq hüququnu pozumuş, barəsində ittiham aktı tərtib edərək cinayət işini baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə vermişdir. İttiham aktının nəticəvi hissəsində İddiaçı X6 və X18 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı, bununla da Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi qeyd olunmuş, barəsində olan cinayət işi Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxılmış və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-4/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçıya Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilərək, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi müstəntiq Bayram Bayramovun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əsassız olaraq vergidən külli miqdarda yayınma cinayəti üzrə ittiham elan edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlanılmış və 25.000 manat məbləğində pul vəsaiti ödəməyə məcbur edilmişdir. Bütün bu hallar isə mənim maddi və mənəvi zərər çəkməsinə səbəb olmuşdur. İlk əvvəl bildirmək istəyir ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)- 692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından kassasiya protesti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Göründüyü kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Bayram Bayramovun iddiaçının barəsində elan etdiyi ittihamın əsassız olduğu, onun əsassız olaraq şübhəli şəxs qismində tutulması, 5 il müddətinə polisin nəzarəti altında saxlanmasının və 25.000 manat məbləğində vergi borcunun ödəməsinə məcbur edilməsinin əsassızlığı məhkəmə hökmü ilə sübuta yetmişdir və bu hallar işin mübahisə edilməyən hallarıdır. Hətta Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin l(010)-4/2021 saylı xx.xx.2021-ci il tarixli xüsusi qərarında da müstəntiq Bayram Bayramovun hərəkətlərinin qanunsuzluğu öz əksini tapmışdır. Bütün bu hallar isə mənə həm maddi, həm də mənəvi zərər vurmuşdur.
1. İbtidai araşdırma orqanı tərəfindən iddiaçıya Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan etməsi onu bir çox müqavilələrdən, bir çox işlərdən məhrum etməklə ona 60.000 manat məbləğində maddi zərər vurmuşdur.
2. İddiaçıya dəymiş maddi zərərdən biri də onun "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur edilməsi olmuşdur ki, bu zaman iddiaçı özünə məxsus 25.000 manat məbləğində pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödəyərək həmin məbləğdə zərərə məruz qalmışdır.
3. İddiaçının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmasında, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək 5 ildən artıq bir müddətə polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlanılmasında və işgüzar nüfuzunun ləkələnməsi ilə iddiaçıya 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı "xxxx" adlı MMC-nin həmtəsisçilərindən biri olmaqla sahibkarlıqla məşğul olur və bu baxımdan sahibkarlar, iş adamları arasında işgüzar nüfuzunun sağlam saxlanması onun birinci prioriteti olmuşdur. Hər bir sahibkar kimi iddiaçı işgüzar nüfuzunu qorumaq hüququ vardır. Məhz ibtidai araşdırma orqanı tərəfindən iddiaçıya Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan etməsi ilk əvvəl onun işgüzar nüfuzuna ləkə gətirmiş, demək olar ki, bu cinayət işinin araşdırıldığı 5 il müddətində o, bu ləkə ilə yaşamalı olmuşdur. Digər tərəfdən isə heç bir cinayət etmədiyi təqdirdə iddiaçının bir cinayətkar kimi tutulması, iki gün müddətində saxlama yerində saxlanılması, sonradan isə polisin nəzarəti altına verilməklə onun ölkədən çıxmasına qadağan qoyulması, 3 ildən artıq çəkən məhkəmə instansiyalarının hər birinə müdafiəsi üçün şəxsi hesabına vəkil tutmaq, məhkəmə iclaslarına gedib-gəlməklə hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququnun məhdudlaşdırılması ilə iddiaçı 5 il müddətində mənəvi sarsıntılar keçirmişdir. Bildirmək istəyir ki, bu müddət ərzində iddiaçı istirahət etmək üçün və öz işgüzar həyatı ilə əlaqədar xaricə gedib-gələ bilməmiş, demək olar ki, ev dustaqlığı şəraitində yaşamışdır. Göründüyü kimi Vergi Cinayətlərinin İbtıdai Araşdırılması Baş İdarəsinin müstəntiqi tərəfindən iddiaçının qanunsuz olaraq ittiham ediməsi ilə o, əldən çıxmış fayda kimi 60.000 manat məbləğində maddi zərərə, qanunsuz olaraq ödəməyə məcbur olduğu 25.000 manat məbləğində maddi zərərə və qanunsuz tutulması, barəsində qətimkan tədbirinin seçilməsi və işgüzar nüfuzunun ləkələnməsi ilə isə mənəvi sarsıntı keçirməklə 50.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin iddiaçının barəsində əsassız ittiham elan etməsi, 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, əsassız olaraq xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlaması nəticəsində əldən çıxmış fayda kimi 60.000 manat, "xxxx" MTK-nın vergi borcu üçün ödəməyə məcbur edildiyi 25.000 manat, ümumilikdə isə iddiaçıya dəymiş 85.000 manat məbləğində maddi zərərin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin həmin əməlləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər qismində 50.000 manat məbləğində, ümumilikdə isə 135.000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq iddiaçıya ödənilməsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün iddiaçıdan yazılı surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi cavabdeh qismində mülki işə cəlb olunmuşdur.
5. İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə müraciət edərək, iddia tələbini cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində geri götürərərk, həmin hissədə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində mülki iş baxılmamış saxlanılmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 həcmi azaldılmış iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, "xxxx" MTK hazırda onun direktoru olduğu "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 40 sot torpaq sahəsm "xxxx" MTK-ya verilmiş, o, isə bunun müqabilində həmin torpaq sahəsində tikiləcək olan çoxmərtəbəli binadan 8 min kv.m. yaşayış və qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. Ancaq "xxxx" MTK-ya təyin olunmuş yeni direktor bu müqaviləsi qəbul etməmiş və onu birtərəfli qaydada ləğv edərək, onlara verilməsi nəzərdə tutulan mənzilləri özü eyni anda bir neçə nəfərə satmışdır. Onlar həmin müqavilənin doğrulduğunun təsdiq olunması üçün məhkəməyə müraciət etmişlər. Bu iş gedən müddətdə həyat yoldaşı İddiaçı səlahiyyəti olmadan adı çəkilən evləri satmasına görə dələduzluqla ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də o, məcbur qalıb onu həbsdən çıxarmaq üçün həmin vurulan 86.000 manat zərəri təqsirsiz olmalarına baxmayaraq ödəmək məcburiyyətində qalmışdır. Lakin sonradan məhkəmə qətnaməsi ilə "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanan müqavilənin həqiqiliyinin tanınması ilə bağlı qətnamə çıxarıldıqdan sonra ödəmiş olduqları 86.000 manatın "xxxx" MTK tərəfindən qaytarılması ilə bağlı iddia qaldırmışlar və həmin tələbin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Ancaq "xxxx" MTK tərəfindən həmin qətnamə hələ də icra olunmamışdır. Buna görə də onun direktoru barəsində AR CM-nin müvafiq maddəsi ilə cinayət işi açılmış və təqsirli bilinmişdir. Daha sonra həyat yoldaşı barəsində vergidən yayınma ilə bağlı cinayət işi açıldı və tutuldu. Müstəntiq ona bildirdi ki, 25.000 manat ödəməlidir. O, da məcbur qalıb həmin pulu ödəmişdir. Sonradan həyat yoldaşının təqsirsizliyi sübuta yetirildi və həmin müstəntiq barəsində xüsusi qərar çıxarılmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil həcmi azaldılmış iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili həmçinin göstərmişdir ki, "xxxx" MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində AR CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, bundan sonra idarənin müstəntiqi Bayram Bayramov heç bir əsas olmadan xx.xx.2017-ci il tarixdə iddiaçını AR CM-nin 213.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və xx.xx.2017-ci ildə ona həmin maddə ilə ittiham elan olunmuşdur. Bundan sonra sərbəst buraxılmağı müqabilində heç bir əsas olmadan "xxxx" MTK-nın 25.000 manat vergi borcunun ödənilməsi ondan tələb edilmişdir. Nəticədə iddiaçının həyat yoldaşı tərəfindən həmin borc ödənilmişdir. Yalnız bundan sonra iddiaçı müstəntiq tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Yəni müstəntiq qanunsuz olaraq onu 2 gün müddətində məcburi saxlamış və polisin nəzarəti altına verməklə qanunsuz olaraq onun azadlığını məhdudlaşdırmışdır. Suraxanı rayon Məhkəməsinin 1(010)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təqsirləndirildiyi maddə üzrə bəraət verilmiş və haqqında seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Nəticədə bütün bu qanunsuz hərəkətlər nəticəsində iddiaçı ittiham olunmuş, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlanılmış və 25.000 manat məbləğində pul vəsaiti ödəməyə məcbur edilmişdir. Qeyd edilən hallar nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı təhqiqat, ibtidai-istintaq v məhkəmə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin Mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s. ) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: «Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları heyata keçirirlər». Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər iki dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarında uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli 7 No-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda vurulmuş ziyana görə ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. İndiki halda məhkəmə tərəfindən təmin edilən mənəvi ziyanın məbləği ağlabatan hesab oiuna bilməz. İş materialları əsasında sübut olunur kı, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı iddia etdiyi məbləğdə heç bir sübut göstərə bilməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real faktla əsaslanmır, əsassızdır. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, X17 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar olaraq X18 barəsində iş üzrə ibtidai istintaq və məhkəmə baxışı dövründə qətimkan tədbiri seçilmədiyi nəzərə alınması, bəraət almış X17 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsində nəzərdə tutulan hüquq və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, İddiaçıy oğluna Azərbaycan Respublikası CSnin 213.2.2-ci maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməsi, bəraət almış İddiaçı Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsində nəzərdə tutulan hüquq və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, iş üzrə maddi sübui kimi tanınmış ilkin mühasibat sənədləri, mənzillərin alqı-satqı müqavilələri, maliyyə arayışları, "xxxx" MTK-nın xəzinə kitabı, "xxxx" MTK-nın əmrlərin qeydiyyatı kitabı, kassa məxaric kitabı, kassa mədaxil kitabının iş materiallarında saxlanılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiaçı, habelə iş üzrə keçirilmiş ekspertiza təhqiqatlarının dəyəri ilə bağlı məsələlərin yekun həlli işin hazırki vəziyyətində mümkün olmadığına görə, həmin məsələlərə X3 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət təqibi çərçivəsində baxılmalı olduğunu nəzərə alınması hökm edilmişdir.
13. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 4/2021 saylı, xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırda – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) İstintaq İdarəsinin 1-ci şöbəsinin XMİÜ müstəntiqi X8 məsuliyyəti barədə məsələni həll etmək üçün hazırki xüsusi qərarın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə göndərilməsi qərara alınmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli X18 və İddiaçı haqqındakı qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti və kassasiya protesti təmin edilməmişdir.
15. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 692/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istisntaqı aparılmış cinayət işi üzrə İddiaçı, X19 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində tərtib olunmuş ittiham aktı əsasında cinayət işinin istintaqı tamamlanaraq, məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)- 4/2021 nömrəli hökmü ilə İddiaçı və X15 haqqında qeyd olunan cinayət işi çərçivəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət hökmü çıxarılmış, digər təqsirləndirilən X3 barəsində məhkəmənin həmin tarixli qərarı ilə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ayrıca icraata 1(010)-99/2021 nömrəli cinayət işi ayrılmış və sonuncunun əməlinə həmin iş üzrə hüquqi qiymət veriləcəyi göstərilmişdir. Eyni zamanda bildirirlər ki, arvadı X4 tərəfindən "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 25.000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmək hüququ vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X12 qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPMnin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilmişdir. Hazırda iddiaçı ona vurulmuş cəmi 85.000 manat maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə X7 qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
19. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
20. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
22. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
23. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
24. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
25. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
26. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
27. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
28. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
30. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
31. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
33. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).
34. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona cəmi 85.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir.
35. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
37. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
38. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona zərər vurulmuşdur.
39. Məhkəmə iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
42. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
44. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
47. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
48. Məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı ümumi qeyd olunan 85.000 (səksən beş min) manat iki hissədən ibarət olmuşdur. Bunun 25.000 manat hissəsi iddiaçının yoxlama zamanı Dövlət Vergi Xidmətinə 25.000 manat vergi borcu kimi ödədiyi məbləğ olmuş, ikinci hissəsi olan 60.000 (altmış min) manat isə əldən çıxmış fayda kimi dəyən ziyan olmuşdur.
49. Məhkəmə ilk öncə 25.000 (iyirmi beş min) manat pulun ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı qeyd olunan bu məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməmiş və bu hüquq hazırda itmədiyindən, mübahisənin olması da məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
50. Maddi ziyanın ikinci hissəsi olan 60.000 manat əldən çıxmış faydanın ona ödənilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı 60.000 manat pulun necə formalaşmasını, əldən çıxmış faydanın nələrdən ibarət olmasında dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin olunmamalıdır.
51. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni mənəvi zərərlə bağlı hissəsində 14.500 manat (on dörd min beş yüz) ( 49 ay x 1 aya görə 300 manat = 14500 yuvarlaq məbləğ) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (dörd il meddətində) «polisin nəzarəti altına vermə» qətimkan tədbiri altında saxlaması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.
52. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X7 xeyrinə mənəvi ziyana görə 14.500 manat (on dörd min beş yüz) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X7 xeyrinə mənəvi ziyana görə 14500 manat (on dörd min beş yüz) manat pul tutularaq ona verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov