Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2085/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 10 000 manat, mənəvi ziyana görə 150 000 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri təqsirli bilinib barəsində olan cinayət işinin baxılması üçün Lerik Rayon Məhkəməsinə verilmişdir. Həmin ittihama görə, "Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunaraq qeydiyyatda olduğu Lerik rayonunun Kəlvəz kəndinə gəldikdən sonrakı müddətdə həmkəndlisi X4 ilə rastlaşıb söhbət etdiyi zaman ona "Türmədən çıxmışam, hamı mənə hörmət edir, sən də mənə hörmət etməlisən, mənə pul lazımdır inək almaq istəyirəm, mənə kömək etsən bu qədər torpaq əkmişən, imkanın genişdir, pulun çoxdur, mən reketəm mənə haqq verməlisən” demişdir. X13 Şükürovun tələbi ilə razılaşmadığına görə sonuncu onu kənddən köçmədiyi təqdirdə başını kəsəcəyi ilə hədələmiş, 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Anar Əliyev və icra məmuru X9 kənd sakinləri X8 Əliyev arasında mübahisə yaranmış torpaq sahəsinə gəlib tələbkar və cavabdehi həmin əraziyə dəvət edib icra işini başa çatdırdıqları zaman İddiaçı at üstündə əlində xəncər Fizuli Əliyevin üzərinə gələrək ona «Sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm” kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb onu öldürəcəyi ilə hədələmiş, Fizuli Əliyev həmkəndlisi İddiaçı onu ölürmək istədiyinin real olduğunu bilərək məcbur olub avtomobilinə oturub ərazini tərk etmişdir. Bundan əlavə İddiaçı 28 iyul 2022-ci il tarixdə həmkəndlisi X1 Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayonunun Kələxan kənd sakinləri X5 və qeyrilərinə (21 təsərrüfat başçısı) rayonunun Kəlvəz kəndinin yaxınlığında, İran İslam Respublikası ilə olan dövlət çəpər xəttinin daxilində, N saylı hərbi hissəsnin 4-cii sərhəd zastavasının mühafizəsində olan ərazidə verilmiş kənd təsərrüfat təyinatlı pay torpaq sahələrində 2021-ci ilin payız aylarında payçıların şifahi razılıqlarına əsasən əkdiyi 20.0 ha çovdar sahəsindən zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək oğlu Şəhriyar Şükürzadəyə çovdarı biçmək üçün Fizuli Əliyevlə razılaşdığını bildirməklə onu kombayınçı Cəlilabad rayon sakini X7 ilə birikdə həmin sahəyə göndərib 10,0 hektarını zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdıraraq öz istifadəsinə keçirdikdən sonra bir hissəsini sataraq qazanc əldə etməklə X2 ümumilikdə 11060,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir.” İbtidai istintaq tərəfindən elan edilmiş ittiham yuxarıda qeyd etdiyi kimi olmuşdur. Lerik Rayon Məhkəməsinin 1(048)-01/2023 saylı, 18 yanvar 2023-cü il tarixli Hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Qeyd edilən hökmdən o və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-211/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə verilmiş olan apellyasiya şikayətləri təmin edilməmiş və Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından müdafiəçisi və zərərçəkmişin nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(102)-1815/2023 nömrəli Qərarı ilə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli 1(106)- 211/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(06)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş. Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü onun Cinayət Məcəlləsinin 134-ci maddəsi təqsirli bilinməsi hissədə ləğv edilmiş, əməlində Cinayət Məcəlləsinin 134-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə, ona həmin ittiham üzrə bəraət verilmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü onun Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, onun Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 18 yanvar 2023-cü il tarixdən 24 may 2024cü il tarixə qədər 01 il 4 ay 06 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilərək, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən kassasiya protesti və kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(102)-162/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, onun 58 yaşı var və xəstəlikdən əziyyət çəkir. Heç bir əsas olmadan cinayət təqibinə məruz qalmışdır, sonda əməli böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilərək, o, 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baxmayaraq ki, o, özünü ümumiyyətlə təqsirli bilməmiş, lakin barəsində olan ittiham hökmü qanuni qüvvəsini almışdır. Ona görə də, tələbi böyük ictimai təhlükə törətməyən cinayətə görə 01 il 04 ay 06 gün həbsdə saxlanıldığı, həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, cəzasını çəkmiş hesab edilməyi və məhkəmənin qanunsuz qərarı ilə 11 ay 06 gün həbsdə qalması bağlıdır. Beləliklə məhkəmənin qanunsuz hökmü ilə 11 ay 06 gün azadlıqdan məhrum edilmişdir. Bununla kifayətlənməyən dövlət ittihamçısı baraət hökmü çıxdıqdan sonra kassasiya protesti verdiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Həmçinin qeyd etmişdir ki, o, birinci Qarabağ Müharibəsi veteranıdır və qardaşı 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Belə ki, qanunsuz olaraq həbsdə saxlanıldığına görə, qardaşının ailəsinin yanında ola bilməmiş, ona həsr olunmuş tədbirlərdə iştirak edə bilməmişdir, bu da onu çox sarsıtmışdır və hal-hazırda da sağlamlığı bərpa olunmamışdır. Cinayət təqibi zamanı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 11 ay 06 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 150000 manat pul tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasını, həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar 160.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən aidiyyəti dövlət orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə’’də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Məhkəmə iddia tələfin, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(048)- 01/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı cəzasınının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(048)-01/2023 saylı saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1815/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı və müdafiəçisi Vəkil Hələməlı oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməklə, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü İddiaçı Cinayət Məcəlləsinin 134-ci maddəsi təqsirli bilinməsi hissədə ləğv edilmiş, İddiaçı əməlində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına görə, ona həmin ittiham üzrə bəraət verilmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023cü il tarixli 1(048)-01/2023 saylı hökmünün İddiaçı Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, İddiaçı Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilindiyi əməlin həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı 18 yanvar 2023-cu il tarixdən 24 may 2024-cü il tarixə qədər 01 il 04 ay 06 gün həbsdə saxlanıldığı müddətin ona təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi yə onun məhkəmə icias zalından dərhal həbsdən azad olunması hökm edilmişdir. Qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-162/2025 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı cinayət məsuliyyətinə cəlb olunmuş, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(048)- 01/2023 saylı hökmü ilə İddiaçı qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, sonradan həmin hökm qismən ləğv edilməklə, cəzası 5 ay müddətinə endirilmiş, məhkəmə iclas zalından azad edilmişdir. Lakin, o, əsassız olaraq 11 ay 06 gün azadlıqdan məhrum edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 11 ay 06 gün (Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-210/2024 saylı hökmü) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 11000 manat məbləğində müəyyən olunmalıdır. İddiaçının maddi ziyanın vurulmasının əvəzinin tələb etməsinə münasibətdə məhkəmə hesab edir ki, qanunsuz həsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 11000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 11000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2085/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2085/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver