Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-209/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi və mənəvi zərər" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh X5 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi və mənəvi zərər" tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tərəfindən vurulmuş maddi zərərə görə 5.100 manat, mütəxəssis rəyi ilə bağlı ödənilmiş 350 manat, mənəvi ziyanla bağlı 10.000 manat olmaqla, ümumilikdə 15.450 manat məbləğində pulun tutularaq ona ödənilməsinə, eləcə də ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, 74 saylı evin 6 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçının adına xx.xx.2008-ci il tarixdə çıxarış verilmişdir. İddiaçıya məxsus mənzilin üst hissəsində yerləşən və cavabdeh X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, 74 saylı evin 10 saylı mənzilindən dəfələrlə iddiaçıya məxsus mənzilə su axıdılmışdır. Belə ki, qonaq otağına, mətbəxə, eyvan hissəsinə mütəmadi olaraq suyun axıdılması tavanın, mətbəxin və otağın divarlarının, divar kağızlarının, döşəmənin parketinin sıradan çıxması ilə nəticələnmişdir və nəticədə, iddiaçı maddi zərərə məruz qalmışdır. Bakı şəhəri 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən iki dəfə, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə baxış keçirilmiş və müvafiq olaraq aktlar tərtib edilmişdir. Əvvəllər də mütəmadi su axıdılması səbəbindən iddiaçı 2023-cü ilin sentyabr ayında mənzili əsaslı şəkildə öz vəsaiti hesabına təmir etmiş və yenidən su axıdılması nəticəsində təmir sıradan çıxmışdır, parketlər şişərək sıradan çıxmış, divar kağızları tökülmüşdür, Çexiya istehsalı olan 8 şamdanlı kristal çilçıraq və Türkiyə istehsalı olan ortopedik döşək yararsız hala düşmüşdür. Mənzil yenidən təmir edilməlidir. Cavabdehdən dəfələrlə su axıdılmasının qarşısının alınması və vurulmuş maddi zivanın ödənilməsini tələb etsə də, əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, 74 saylı evin 6 saylı mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və 12 fevral 2024-cü il tarixdə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyi verilmişdir. 3.Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh X7 əsl Cavabdeh ilə əvəz edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona məxsus mənzilin üst mərtəbəsində cavabdehin qardaşı yaşayır. Onun mənzilindən 1 ay ərzində 3-4 dəfə evinə su axmışdır. Bu səbəbdən Azərsu-dan əməkdaşlar gəlmiş və bütün binaya gələn suyu bağlamışdır. Mətbəxə su axıdılması nəticəsində ərzaqların xeyli bir hissəsi sıradan çıxmış və atmaq məcburiyyətində qalmışdır. Bu hadisələrə görə çox stress keçirmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə 2 il əvvəl mənzilinə su axdıqda, cavabdehin valideyninin ona 190 manat pul vermək istədiyini, onun isə bu pula ehtiyacının olmadığını, sadəcə evini təmir etmək istədiyini, daha sonra ona 350 manat pul verdiklərini bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ekspertizanın nəticəsi ilə razılaşmır. İddiaçının evinə girməmişdir. Ancaq bilir ki, həmin mənzillər çox köhnədir və təmir olunmağa ehtiyacı vardır. İddiaçının sadəcə eyvanına ziyan dəydiyinə görə bu qədər xərc ödəməli olduğunu düşünmür. Sadəcə bir-iki dəfə su axması nəticəsində divarda, döşəmədə çatlaqların əmələ gəlməsini mümkün hesab etmir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə evin onun mülkiyyətində olduğunu, iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yaşadığını, su sızmanın 2 dəfə baş verdiyini, ilk dəfə 1 il yarım əvvəl kanalizasiya tutulduğundan, paltaryuyandan su axdığını, ikinci dəfə isə kombinin borusu partladığına görə iddiaçının balkonuna su axdığını, lakin dərhal suların bağlandığını və borunun bərpa edildiyini bildirmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində istifadədə olan 0.03951 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 9 mərtəbəli binada, 57,43 kv.m ümumi, 38.45 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 714 nömrəli reyestr kitabının 67034 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********75-05101-093008, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008). 9.Mülki işin materiallarında olan 23 saylı MKİS-in rəisi, Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin binada X5 məxsus 10-cu mənzilin kombi aparatında yaranmış nasazlıq səbəbindən qonşu mənzilin qonaq otağının eyvan hissəsini su basmış, nəticədə İddiaçı mənzilinin qonaq otağının, eyvan hissəsinin tavan və döşəməsinə ziyan dəymiş, tavanda suyun izi qalmış, döşəmənin parketi qismən şişərək aralanmışdır. 10.Mülki işin materiallarında olan 23 saylı MKİS-in rəisi, Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin binada X5 məxsus 10-cu mənzilin paltaryuyan maşınında yaranmış nasazlıq səbəbindən qonşu mənzili su basmış, nəticədə qonaq otağının, mətbəxin tavan və divarlarının aboy kağızları qopmuş, döşəmənin parketi islanmışdır. 11.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 12 fevral 2024-cü il tarixli, QCM/F 002-017/24 nömrəli dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləği xx.xx.2024-cü il tarixi üçün 4835,30 manat təşkil edir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 148609 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dəymiş ziyanın hesablanmasına görə 150 manat məbləğində "xxxx" MMC-yə pul ödənilmişdir. 13.Mülki işin materiallarında olan 23 saylı MKİS-in rəisi, Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, mətbəxdə (əvvəllər yataq otağı olmuş) tavan və divarında suyun sarı qurumuş izləri aşkar olunmuşdur. Ehtimal edilir ki, su həmin binada X5 məxsus 10-cu mənzilin sanuzel otağından axmışdır. 14.Mülki işin materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74, 10 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. 15.Mülki işin materiallarında olan 23 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışa əsasən ünvan 3 ünvanda hal-hazırda X2 və X4 qeydiyyatdadırlar. Sonuncunun şifahi sözünə əsasən mənzil satılıb, yeni sahib isə heç bir sənəd təqdim etməyib. Mənzildə kimlərin yaşaması barədə 23 saylı MKİS-də rəsmi sənəd yoxdur. 16.Mülki işin materiallarında olan ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6210 nömrəli ekspert rəyinə əsasən ünvan 1 tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 6 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 10 saylı mənzildən su sızma nəticəsində zərər dəydiyi müəyyən edilir. 6 saylı mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 6 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 4 saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməmək məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 17.Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. 18.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 15 iyul 2025-ci il tarixli, UNİ/İ 55-385/2025 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74 ünvanında yerləşən 6 nömrəli mənzildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6210 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən görülməli olan söküntü, təmir işlərinin xərcinin (malmaterialların dəyəri, usta pulu xərclərinin) məbləği 5100 (beş min yüz) manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 200 (iki yüz) manat təşkil edir. 19.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, 317305 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində "xxxx" MMC-yə pul ödənilmişdir. 20.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 21.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 iddiaçının, həmin mənzildən üstdə yerləşən, 10 saylı mənzil isə cavabdehin mülkiyyətindədir (öz izahatına əsasən). İş materialları əsasında müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən mənzilə su axıntısı olmuş və nəticədə, mənzilə zərər dəymişdir. 22.Hazırda iddiaçı mənzilə dəymiş ziyana görə 5.100 manat, mütəxəssis rəyləri ilə bağlı ödəmiş olduğu 350 manat, mənəvi ziyanla bağlı 10.000 manat olmaqla, ümumilikdə 15.450 manat məbləğində pulun, eləcə də məhkəmə xərcinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 24.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının: 2-ci bəndi “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.” 4-cü bəndi Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8-ci bəndi “..Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. 25.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Hazırki iş üzrə işin faktiki hallarından görünür ki, iddiaçının mənzilinə su sızmış, bu susızma nəticəsində onun mənzilinə zərər dəymişdir. İddiaçının iddiasına görə bu susızmaya görə məsuliyyəti cavabdeh daşıyır. Cavabdehə görə isə iddiaçının mənzilinə qeyd edilən məbləğdə ziyan vurulması ağlabatan deyildir, belə ki, onun bildirdiyinə görə susızma halı 2 dəfə baş vermiş, sadəcə iddiaçının balkonuna su axmışdır. 27.Məhkəmə tərəfindən cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıbaxıdılmaması və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyinə əsasən ünvan 1 tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 6 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 10 saylı mənzildən susızma nəticəsində zərər dəydiyi müəyyən edilir. Lakin, cavabdehə məxsus 10 saylı mənzilin qapısı bağlı olduğundan susızma halının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 28.Göründüyü kimi ekspert rəyində iddiaçının mənzilinə axan suyun məhz cavabdehin mənzilindən axdığı müəyyən edilmişdir. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən də görünür ki, iddiaçıya məxsus mənzildə baxış keçirilən zaman mənzildə mərtəbəarası susızmanın əlamətləri müşahidə edilmişdir. Bununla belə bu sızıntının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. 29.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilinə axıdılmış suya görə məsuliyyəti məhz cavabdeh daşımalıdır. Ona görə ki, iddiaçının mənzilinə məhz cavabdehin yaşadığı mənzildən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdehin hərəkətləridir. Məhkəmə hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü sübuta yetirmiş, su basma halı baş verən zaman MKİS-nin nümayəndələrini dəvət etmiş və mənzilə suyun axıdılması ilə bağlı aktlar tərtib olunmuşdur. Beləliklə də o sübut etməsi mümkün olan bütün halları - mənzilinə yuxarıdan su sızdığını sübuta yetirmişdir. Buna baxmayaraq cavabdeh ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmadığını və bu axıntıya görə təqsiri olmadığını qeyd etsə də, sübuta yetirə bilməmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin təqsirindən onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir. Belə olan halda cavabdeh iddiaçının mənzilinə vurduğu zərərin əvəzini ödəməlidir. 30.Lakin, məhkəmə iddiaçı tərəfindən cavabdehdən tələb edilən zərərin məbləğinə münasibətdə iddia tələbi ilə qismən razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi: 1) iddiaçı məhkəməyə müraciət etməmişdən öncə tərtib edilmiş müstəqil ekspert rəyinə əsasən (xx.xx.2024-cü il tarixli) iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləği smeta üzrə 4835,30 manat təşkil edir; 2) sonradan məhkəmə araşdırması zamanı təyin edilən müstəqil ekspert rəyinə (xx.xx.2025-ci il tarixli) əsasən isə Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74 ünvanında yerləşən 6 nömrəli mənzildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6210 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən görülməli olan söküntü, təmir işlərinin xərcinin (mal-materialların dəyəri, usta pulu xərclərinin) məbləği 5100 manat təşkil edir. 31.Məhkəmə təqdim edilmiş hər iki mütəxəssis rəyi arasında müəyyən uyğunsuzluq olduğunu və təmir-bərpa xərclərinin hesablanmasında fərqli yanaşmalar tətbiq edildiyini nəzərə alaraq, obyektiv və ədalətli yanaşma kimi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilən zərər məbləğlərinin nəzərə alınmasını daha müvafiq hesab edir. Belə ki, hər iki mütəxəssis rəyi üzrə məbləğlər arasında təqribən 300 manat fərq mövcuddur. 12 fevral 2024-cü il tarixli mütəxəssis rəyinə diqqət yetirilikdə görünür ki, həmin mütəxəssis rəyi hər bir iş üzrə (həm tavan işləri, həm döşəmə işləri, həm də avadanlıq, tullantıların daşınması, yüklənməsi, çılçıraq eləcə də digər işlər üzrə) daha ətraflı şəkildə qeyd edilməklə və ağlabatan məbləğlər müəyyən edilməklə tərtib edilmişdir. Həmin rəydən görünür ki, təmir-bərpa xərcləri və görüləcək işlərin sayı digər rəylə müqayisədə çoxluq təşkil etməsinə baxmayaraq ümumi məbləğ bütün işlər üzrə cəmi 4835,30 manat müəyyən edilmişdir. Göründüyü kimi sözügedən rəy üzrə dəymiş ziyan məbləği daha dəqiq və əsaslandırılmış şəkildə izah edilmiş, daha obyektiv qiymətləndirmə təqdim olunmuşdur. Son, yəni 15 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən isə göründüyü kimi qiymətlər hədsiz şişirdilmiş (parket- 875 manat (ilkin rəy) və 1443 manat (ikinci rəy), parket vurulma 245 manat (ilkin rəy)- 546 manat (ikinci rəy), divar kağızı 200 manat (ilkin rəy)- 500 manat (ikinci rəy), rənksaz- 350 manat (ilkin rəy)- 800 manat (sonrakı rəy), eləcə də yalnız görülməli olan təmir işləri qeyd edilmiş, ilkin rəydən fərqli olaraq avadanlıq xərcləri, həmçinin digər işlərə (məsələn, nəqliyyat xərcləri, inşaat materiallarının və zibilinin maşınlara yığılması və boşaldılması (fəhlə haqqı ilə birlikdə)) dair xərclər hesablanmamışdır. Göründüyü kimi sonuncu rəy üzrə xərc növləri az olmasına baxmayaraq məbləğ ilkin rəydən hətta 300 manat artıq hesablanma aparılmış və müstəqil ekspert tərəfindən nəyə görə qeyd edilən məbləğ əldə edilməsi üzrə kifayət qədər əsaslandırma aparılmamış, yalnız telefon zəngləri ilə qiymət müəyyən edilmişdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ilkin olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli, QCM/F 002-017/24 nömrəli mütəxəssis rəyi hazırki iş üzrə mötəbər sübut növü olaraq qəbul edilməli (ilkin rəy) və iddianın bu hissədə qismən – iddiaçının mənzilinə vurulmuş zərərə görə cavabdehdən 4835.30 manat məbləğində pul tutulması hissəsində təmin edilməsi nəticəsinə gəlir. 32.Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, həmin rəy iddiaçının öz təşəbbüsü əsasında tərtib edilmiş və iddiaçı bu məbləğlə razılaşaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı keçirilən ekspertizalar isə cavabdehin yox, məhz məhkəmənin öz təşəbbüsü ilə olmuşdur və bundan sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, son rəyə uyğun olaraq məbləği artırmışdır. Məhkəmə iddiaçının bu tələbini hüquqdan sui-istifadə kimi qəbul edir. Belə ki, iddiaçı 4835.30 manata razı olmasına baxmayaraq, son rəydə məbləğ artıq hesablandığından tələbini əsassız və bundan istifadə edərək artırmışdır. 33.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında keçirilmiş ekspertiza rəyləri ilə razı olmadığını və yenidən ekspertizanın keçirilməsini bildirmişdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə əsasən ekspertizanın keçirilməsi barədə vəsatət şifahi formada deyil, yazılı formada əsaslandırılmaqla məhkəməyə təqdim edilməlidir. Lakin cavabdehə məhkəmənin iclası barədə əvvəldən məlumat verilmiş, bundan xəbəri olmuş, lakin vəsatəti yazılı formada təqdim etmədiyindən və məhkəmə iclaslarının uzun müddət uzanması ehtimalından məhkəmə tərəfindən yenidən ekspertizanın keçirilməsinə zərurət bilinməmişdir. 34.Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində 10.000 manat məbləğində mənəvi ziyan vurulduğunu iddia etsə də, iddiaçının bu tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulsa da, həmin zərər qəsd nəticəsində deyil, ehtiyatsızlıq nəticəsində baş vermişdir. İddiaçı onun mənzilinə su axıdılması nəticəsində ona zərər vurulması və mənəvi zərər çəkməsini göstərsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir. 35.Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 36.Daha sonra məhkəmə iddia tələbinin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən mütəxəssis rəyləri ilə bağlı ümumilikdə 350 (150 manat xx.xx.2024-cü il tarixli rəyə, 200 manat isə xx.xx.2025-ci il tarixli rəyə münasibətdə) manat və dövlət rüsumu kimi isə 135 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sonuncu rəyə dair 200 manat məbləğində pul ödənilməsi iş materialları əsasında öz təsdiqini tapır, lakin qeyd edildiyi kimi məhkəmə tərəfindən həmin rəy hazırki iş üzrə mötəbər sübut növü hesab edilmədiyi üçün onun cavabdehdən tutulmasını məhkəmə ədalətli və məqsədəmüvafiq hesab etmir və iddiaçı tərəfindən ödənildiyindən özünə aid edilir. Lakin, məhkəmə tələbin ilkin rəy üçün iddiaçı tərəfindən ödənilən 150 manat hissəsini əsaslı hesab edir, belə ki, həmin rəy hazırki iş üzrə mütəbər sübut hesab edildiyindən və iş materialları ilə həmin pulun iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapdığından həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, hazırki iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 135 manat məbləğində pul vəsaiti də cavabdehə aid edilməli və tutularaq iddiaçıya ödənilməlidir. 37.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 4835,30 (dörd min səkkiz yüz otuz beş manat, otuz qəpik) manat və mütəxəssis rəyinə dair ödənilmiş 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 4985,30 (dörd min doqquz yüz səksən beş manat, otuz qəpik) və dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 38.Həmçinin, iş üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi isə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktını təsdiq etdiyindən, həmin ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 39.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 4835,30 (dörd min səkkiz yüz otuz beş manat, otuz qəpik) manat və mütəxəssis rəyinə dair ödənilmiş 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 4985,30 (dörd min doqquz yüz səksən beş manat, otuz qəpik) və dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-209/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-209/2025
21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver