Məhkəmə qərarları › İş №2(006)-2103/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2103/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2103/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc olan 15500 manat məbləğində pul və 5400 manat təmir pulu, gecikdirildiyinə görə faizlərin hesablanıb ödənilməsini, 153 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərdiyi ünvanda ailəsi ilə birgə yaşayır. Cavabdeh1 və Cavabdeh2 ilə Bakıxanov qəsəbəsi Çörək zavodunun arxasında, maşın təmir edən avto salonunda tanış olmuşdur. Vurulmuş əzilmiş 2013-cü il buraxılışı olan, qara rəngli, **-NY-*** nömrəli avtomaşın satılırdı. O, soruşmuşdur ki, maşının sahibi kimdir, Cavabdeh1 və Cavabdeh2 cavab vermişlər ki, etibarnamə ilə səlahiyyət Yusifov Aydına verilmiş, o, da cavabdehlə danışmış 15.500 manata razılığa gəlmişlər. Notariusda 15.500 manatı ödəmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci ildə Nizami rayonunda 15 saylı X1 imzası ilə maşının mülk sahibi X5 olan Cavabdeh1 tərəfindən ona xx.xx.2023-cü ilə kimi etibarnamə verilmişdir. O da vurulmuşəzilmiş maşını təmir etdirmək üçün Nərimanov rayonunda Şəki restoranı ilə üz üzə İnter- Servisə qoymuşdur. **-NY-*** nömrəli avtomaşının təmiri 4 ay çəkmiş, maşının təmirinə cəmi 5400 manat ödəmişdir. O, da maşın almışdır ki, təmir etdirib, mülkiyyətiə keçirsin. Lakin, o, aldığı əmlakı ilə və verdiyi pulla bağlı bu hüquqların heç birini gerçəkləşdirə bilməmişdir. Onun həyat yoldaşı xətə olmuşdur, o, maşını təmirdən götürdüyü vaxt, həkim bildirmişdir ki, həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir, o, da aldığı maşını satmağa məcbur olmuşdur, adına rəsmiləşdirmədən. xx.xx.2022-ci ildə yol polisi ona xəbərdarlıq etmişdir ki, ona verilən etibarnamə ləğv edilmişdir. O, bundan sonra maşını aldığı şəxslərə-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciət etmişdir. Cavabdehlər bildirmişlər ki, onun və onların heç bir günahı yoxdur bu hərəkəti mülkiyyətçinin həyat yoldaşı etmişdir. Onun narahatlığını görüb demişlər ki, narahat olmasın danışıb məqsədlərinin nə olduğunu öyrənsinlər. Öyrənmişlər ki, xx.xx.2022-ci ildə saat 11-56-da 9 saylı Notarusda ona verilən etibarnaməni ləğv etdirmişdir. Mülkiyyyətçi X6 etibarnamə üzrə nümayəndəsi X7 ilə əlaqə qurmuşlar. Görmüşdür ki, yola gələn deyildir, hətta onu hədələyir, ona deyir ki, maşının pulunu ona versin, maşını gətirsin satsın, onun pulunu qaytarar. Sonrada demişdir ki, bəlkədə heç bir pul vermir onlara. O, məcburiyyət qarşısında qalıb polis orqanına müraciət etmişdir. Nizami rayonu 25-ci PŞ-də hər iki cavabdeh izahat vermişlərki, maşını etibarnamə ilə 13500 manata mülkiyyətçidən almışlar, iddiaçı X3 da 15500 manat alıb notariusda etibarnamə verməklə satmışlar. Görmüşdür ki, onun etibarından sui-istifadə edib, pulunu mənimsəyib qaytarmırlar. Cavabdehlər pulunu qaytaracağına söz vermişdilər, artıq bir ildən çox vaxt keçmiş, maşın ondadır, ya maşınının pulunu qaytarsınlar, ya da, etibarnamə versinlər ki, maşını adına keçirə bilsin satsın. Üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdehlər onun etibarından sui-istifadə edərək onun pulunu mənimsəmişlər. Qaytarmaqda isə özlərini inandırıcı göstərsələrdə yenədə dəfələrlə onu aldatmışlar. O, pulunu tələb etsə də vermir. O, da məcbur olub Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də aralarında bağlanmış şifahi müqavilənin ləğv olunması və cavabdehin ondan aldığı 15.500 manat məbləğində əsas pulunu və təmirə xərclədiyi 5400 manat pulunu, maşını cavabdehin günahı ucbatından bu günə kimi sata bilmədiyindən, pulunu mənimsəyib faydalandığına görə üstünə hesablanmış əlavə pulun dərhal qaytarmasını istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki iş üzrə icraata “pulun Cavabdeh1 tutulması” tələbinə dair hissəsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Ülvi bəydən 13.500 manata qohumu Cavabdeh1 adına avtomobil almışdır. Aydına 1 illik etibarnamə verilmişdir. Avtomobilin bir sıra problemləri olmuşdur. Biraz avtomobili düzəltdirdikdən sonra turbo.az-a saytına satılığa qoymuşlar. Daha sonra iddiaçının kürəkəni İmran bəy onunla əlaqə saxlamış və avtomobili almaq istədiyini bildirmişdir. İmran bəylə notariusa getmişlər və Cavabdeh1 tərəfindən iddiaçıya 1 illik etibarnamə verilməklə avtomobili ona 15.500 manata satmışdır. Avtomobili mülkiyyətçidən etibarnamə əsasında aldıqdan 5 gün sonra iddiaçıya satmışdır. Daha sonra bu hadisələrdən 10 ay keçdikdən sonra İmran bəy ona zəng edib bildirmişdir ki, etibarnamənin müddəti bitməsi səbəbindən polis avtomobili saxlamış və dayanacağa qoymuşdur. İddiaçıya etibarnamə uzun müddət verilməsinə baxmayaraq iddiaçı avtomobili öz adına keçirməmişdir. Əlavə olaraq bildirdi ki, o, mülkiyyətçi X9 görməmişdir. O, yoldaşı Əliyeva Vüsaləyə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O, avtomobili Əliyeva Vüsalədən almışdır. Onun bildiyinə görə, Əliyeva Vüsalənin adına 500 manata yaxın cərimə gəlmişdir. Əliyeva Vüsalə cərimənin ödənilməsi üçün iddiaçıya müraciət etmişdir. İddiaçı cəriməni ödəməyə razı olmuşdur. Xanım ilk öncə etibarnamə verməyə razılaşmış, sonra fikrini dəyişmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 cavabdehin izahatına oxşar izahat verməklə, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, o, iddiaçının kürəkənidir. Cavabdehlərin hər ikisini tanıyır. Onlardan avtomobili almışdır. Razində onlarla görüşmüşdür. Şaiqə beh vermişdir. Səhəri günü Neftçilərdə yerləşən notariat ofisində Aydın bəy Ağalar bəyə etibarnamə vermişdir. Notariusun yanında Ağalar bəy Şaiqə pulu vermişdir. Aradan bir müddət keçdikdən sonra Ağalar bəy ona zəng edib demişdir ki, etibarnamə ləğv olunub. O, Şaiqə bunu bildirdikdə ona demişdir ki, etibarnamənin verilməsi üçün mülkiyyətçiyə müraciət etsinlər. Mülkiyyətçi etibarnamə verməməklə bildirmişdir ki, etibarnaməni Şaiqdən alsınlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai İX-35 minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X10r. İş materiallarında olan etibarnamədən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər mülkiyyətçi X14 tərəfindən Cavabdeh1 ondan da İddiaçı ötürülmüşdür. Həmin etibarnamədə həmçinin göstərilmişdir ki, həmin etibarnamə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoyma, sərəncam vermək və digər hərəkətlər etmək haqqında verilmişdir. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında Cavabdeh2 bildirmişdir ki, X6 mülkiyyətində olan Hyundai İX-35 minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə onun həyat yoldaşında olmuş 13500 manat ödəməklə baş etibarnamə ilə X4 adına almışdır. xx.xx.2022-ci il tarixdə Nizami rayon ərazisində yerləşən notariusda 15 500 manata baş etibarnamə ilə İddiaçı satmışdır. Gələcəkdə problemlər yaranmasın deyə qısa müddət ərzində avtomobili öz adına keçirməsini məsləhət görmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh2 Tofi oğluna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Hyundai İX-35 minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmış, İddiaçı həmin avtomobilə dair etibarnamə verilmişdir. Məhkəmə iclasında və Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında Cavabdeh2 iddiaçıdan 15500 almasını etiraf etmişdir. Bununla da, cavabdehin nəqliyyat vasitəsini iddiaçının istifadəsinə verilməklə əvəzində 15500 manat alması işin mübahisəsiz halıdır. Münasibətlərin mahiyyətindən görünür ki, razılaşmalar əvəzli xarakter daşımış, cavabdeh tərəfindən ümumilikdə 15500 manat müqabilində nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi hüququ iddiaçıya verilmişdir. Bununla da, alqı-satqı münasibətlərinin əsasını təşkil edən əlamətlər, yəni satıcının əşyanı verməsi, alıcının isə əşyanı qəbul etməklə ödənişin edilməsi öz əksini tapmışdır. Sonradan iddiaçıya verilən etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş, iddiaçı avtomobili idarə etmək hüququndan məhrum edilmişdir. Hazırda o, pulu bilavasitə verdiyi şəxsdən tələb etməklə, eyni zamanda təmir xərcləri və gecikməyə görə faiz məbləğini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtomobilin mülkiyyətçisi Ülvi Əliyev nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təqdim edilməsinə razılığı müqabilində müəyyən məbləği alması istisna edilmir. Belə ki, bu rəftarın qarşılıqsız qalması inandırıcı deyildir. Məhkəmə iclasında və Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında Cavabdeh2 avtomobil müqabilində mülkiyyətçiyə 13500 manat verməsini qeyd etmişdir. Lakin, mülkiyyətçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, yaxud iddiaya dair öz münasibətini bildirməmişdir. Ülvi Əliyev bir müddət sonra etibarnaməni ləğv etdirmiş, pulu geri qaytarmamış, şifahi razılaşmanı pozmuş, mülkiyyətçi hüquqlarından sui-istifadə etməsini öz davranışı ilə bəlli etmişdir. Hazırda avtomobil iddiaçıda qalsa da, etibarnamənin ləğv edilməsi səbəbindən ondan istifadə və sərəncam verilməsi mümkünsüz olmuşdur. Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Məhkəmənin gedişatında iddiaçı tərəfindən X6 cavabdeh qismində cəlb edilməsinə dair təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 15500 manat alınaraq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 509.1-ci madəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə iddia tələbinin “5400 manat təmir pulu” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə hər hansı sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirildiyinə görə faizlərin hesablanıb ödənilməsini” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, tərəflər arasında borc münasibətləri olmamaqla, cavabdehin aldığı puldan faydalanması da öz əksini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdə qüvvədə olan “X13” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə (15500 manat) mütənasib hesablanmaqla (136.5 manat) cavabdehdən tutulraq iddiaçıya ödənilməli, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 15 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136.5 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar