Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2115/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Hacı oğlunun, Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobillərin mühafizə olunaraq saxlanılmasına görə vəsaitin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobillərin mühafizə olunaraq saxlanılmasına görə vəsaitin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixinədək mühafizə olunaraq saxlanılmasına görə 2007 (iki min yeddi) manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 402-158920/2022-4-9 saylı xx.xx.2023-cü il tarixli sifarişlə Cavabdeh2 məxsus “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışının həyata keçirilməsi üçün “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş məktubu ünvanlanmışdır. "xxxx" MMC-nin 127/23 saylı xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh2 məxsus “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 255 (iki yüz əlli beş) manata Cavabdeh1 satıldığı müəyyən edilmişdir. Qeyd olunan Cavabdeh2 məxsus “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildən bu günə qədər Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin “Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat” İdarəsinin Bakı şəhərində yerləşən 20 saylı müvəqqəti avtomobil dayanacağında mühafizə olunaraq saxlanılmışdır. Cavabdeh2 məxsus “Vaz 21074" markalı universal tipli, 2011-ci il buraxılışlı, ağ rəngli **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci ildən bu günə qədər (xx.xx.2023) Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin “Siqnal İxtisaslaşdırılmış Layihə- İstehsalat” İdarəsinin Bakı şəhərində yerləşən 20 saylı müvəqqəti avtomobil dayanacağına mühafizə olunaraq saxlanılmasına görə 2007 (iki min yeddi) manat borc yaranmışdır. Baxmayaraq ki, hər iki cavabdehdən qeyd olunan borcların ödənilməsini istəsələr də, borc ödənilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci ildən xx.xx.2024-cü il tarixinədək mühafizə olunaraq saxlanılmasına görə 2073 (iki min yetmiş üç) manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Hacı oğlu iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, avtomobili alsa da, avtomobili dayanacaq borcuna görə ona vermirlər. Ona qarşı iddianı əsassız hesab edir.Hərracdan aldığı avtomobilin ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 127/23 nömrəli hərrac yekunları barədə protokolundan görünür ki, Sabunçu rayon İcra Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus, “Vaz 21074” markalı, universal tipli, 2011-ci il buraxılışlı, ağ rəngli, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil 255 (iki yüz əlli beş) manata Cavabdeh1 satılmışdır. “Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat” İdarəsinin avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə xx.xx.2018-ci il tarixli aktının surətindən görünür ki, “Vaz 21074" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin duracağa saxlanca qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.i 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir.79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) nəqliyyat vasitələrinin duracaqlarda saxlanılmasının 1 gün üçün qiyməti 1 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən – Cavabdeh2 münasibətdə təmin edilməlidir. Belə ki, “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş, daha sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icra edilməsi ilə əlaqədar saxlanca təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə icranın təmin edilməsi aspektindən yanaşılaraq qeyd edilən avtomobilin xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək duracaqda saxlanmasının xərci icra sənədi üzrə borclu olan Cavabdeh2 tutulmalıdır. İddia tələbinin yönəldiyi digər Cavabdeh1 həmin avtomobilin duracaqda saxlanmasında hər hansı cavabdehliyi müəyyən edilmədiyindən iddia bu cavabdehə münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Vaz 21074” markalı universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci ildən xx.xx.2024-cü il tarixədək mühafizə olunaraq saxlanılmasına görə 2073 (iki min yetmiş üç) manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin “Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat” İdarəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2115/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2115/2024
06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver