Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-213/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin həkim-travmatoloqu Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-nin həkimtravmatoloqu Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-nin həkimtravmatoloqu Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" QSC-dən, "xxxx" MMC-dən və həmin xəstəxananın həkim-travmatoloqu Cavabdeh2 müştərək qaydada ona vurulmuş 20.000 manat maddi zərərin, 80.000 manat mənəvi zərərin və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır və qeydiyyatdadır. Təqaüdçü olmaqla yaşlı qadındır. 11 avqust 2021-ci il tarixdə onu avtomobili ilə vuran Azad və sonuncunun qardaşı Rəşad adlı şəxslər şikayətçi olmaması üçün cavabdeh QSC-də tanış həkimlərinin olması səbəbindən hadisə günü onu Bakı şəhəri Nəsimi rayonu «28 May» metro stansiyası yaxınlığında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC-nin binasına gətirərək, orada onu bir neçə saat gözlətmişlər. Sonradan bildiyinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC özəl müəssisə olduğundan oraya pul köçürülməsi səbəbindən həmin şəxslər və orada işləyən həkimlər onu gözlətdirmiş və o, bu müddət ərzində ağrılar içərisində orada baxımsız vəziyyətdə saxlanılmışdır. Bir neçə saatdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC-nin həkim-travmatoloqu, adını sonradan bildiyi Cavabdeh2 ayağında sınıq ola-ola onu iki gün "xxxx"nın inzibati binasında ayağı sınıq olduğu vəziyyətdə gözlətdirib, sonradan əməliyyat etmişdir. "xxxx" MMC-nin həkim-travmatoloqu Cavabdeh2 ayağındakı əməliyyatı səhv etdiyindən və ayağındakı sınıq ilə bağlı səhv diaqnoz qoyduğundan, hazırda başa düşür ki, onu avtomobil ilə vurmuş şəxsə kömək etmək məqsədilə əməliyyatdan sonra tez-tələsik xəstəxanadan evə yazacağını tələsdirdiyindən o, ayağındakı ağrıları və ayaq barmaqlarının işləmədiyini görüb evə getməyinə özü razılıq vermişdir. Evə gəldikdən sonra ayağında irin olduğunu, ağrıların artdığını, günü-gündən ayağının şişdiyini və yeriyə bilmədiyini görüb qohumlarının köməkliyi ilə ünvan 2 ünvanda yerləşən «German Hospital»-a aparılaraq orada çalışan həkimlərə müraciət etmişdir. Rentgen müayinələrindən sonra ona oranın həkimləri ayağında ilkin olaraq səhv əməliyyat aparıldığı səbəbindən, ayağının bu səbəblərdən bitişmədiyini və onun əməliyyat edilmiş ayağının irin verdiyini bildirmişlər, dərhal ikinci dəfə yeni əməliyyata götürmüşlər. Bu minvalla ünvan 2 ünvanda yerləşən «German Hospital»-da onu ayrı-ayrılıqda iki dəfə əməliyyat etmişlər, yeni müayinələr yazmışlar. Bütün bu əməliyyat və müayinələr "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC-nin həkimtravmatoloqu Cavabdeh2 səriştəsizliyi və səhlənkarlığı nəticəsində baş verdiyindən və onun ayağına səhv diaqnoz qoyması səbəbindən ona 20.000 manat maddi və 80.000 manat mənəvi zərər dəymişdir. Bütün bu müddət ərzində o, yaşadığı evdə uzanıqlı və köməksiz vəziyyətdə qalmışdır. Evin içində hərəkət etməyi və yaxud xəstəxanaya, həkimə getməsi üçün əlavə şəxslərin köməyinə ehtiyacı yaranmışdır, həkimin səhv əməliyyat etməsi və səhv diaqnoz qoyması səbəbindən ünvan 3 ünvanda yerləşən «German Hospilal»-da ayağı üzərində iki dəfə yenidən əməliyyat keçirilmişdir. Bu səbəblərdən ayağında sağalma prosesi ləngimişdir. "xxxx" MMC və onun nəzdində həkim kimi fəaliyyət göstərən həkim-travmatoloq Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərirlər. Belə ki, onun ayaq nahiyəsində əməliyyatın səhv aparılması ilə bağlı bütün cavablar cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilir və "xxxx" MMC-nin və orada çalışan həkim-travmatoloq Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərildiyi bildirilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin həkim-travmatoloqu Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənləri əsassız hesab edir. Bunun əksini o, sənədlərlə məhkəməyə təqdim etmişdir. Xəstə, xəstəxanaya gəldiyi ilk gündən onları aldatmışdır. Hətta xəstə baş vermiş hadisənin nəqliyyat hadisəsi olması halını da onlardan gizlətmişdir. O, xəstəyə təklif etmişdir ki, bu hallarda endoprotez qoyulmalıdır. Belə ki, xəstənin yaşı çox olduğu üçün onda aparılmış əməliyyat yeri bitişməyə bilərdi. İddiaçı tərəf ona endoprotez edilməsinə razı olmamışdır. Əməliyyat düzgün aparılmışdır. Xəstə onlardan tam normal vəziyyətdə çıxıb evinə getmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı 11 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində Nizami küçəsi Avropa liseyi tərəfdə küçədə yıxıldığını qeyd edərək xəstəxanaya müraciət etmişdir. İddiaçının yaşı və travmanın ağırlıq dərəcəsini nəzərə alaraq ona endoprotez və ya DHŞ konstruksiyası ilə ostosintez əməliyyatı təklif etmişlər. Endoprotezin qiymətinin bahalı olması səbəbi ilə iddiaçı və yaxını olaraq təqdim etdiyi iki şəxs tərəfindən DHŞ konstruksiyası ilə ostosintez əməliyyatının həyata keçirilməsi qeyd edilmişdir. Əməliyyat uğurla həyata keçirildikdən sonra 3 həftə boyunca iddiaçı xəstəxanada qalmış və reabilitasiya prosesindən keçmişdir. 3 həftədən sonra xəstədə yaşına və travmanın ağırlıq dərəcəsinə baxmayaraq yaxşılaşma görülmüş və evə buraxılmışdır. İddiaçı iddia ərizəsində evə buraxıldıqdan sonra ayağında irin olduğunu, ağrıların artdığını, ayağının şişdiyini və yeriyə bilmədiyini qeyd etmişdir. Ostosintez əməliyyatı həyata keçirildikdən sonra xəstələrdə sağalma prosesi gec olduğundan, hərəkət etməməli və 6 ay müddətində yalnız qulluqçunun nəzarəti altında reabilitasiya prosesi həyata keçirilməli idi. İddiaçı tərəfindən qeyd olunan nüanslarla bağlı nə xəstəxanaya, nə də həkimə müraciət edilməmiş və hər hansı narahatçılıq və narazılıq bildirilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində avtonəqliyyat hadisəsi nəticəsində travma aldığını qeyd etsə də, xəstəxanaya müraciət edərkən küçədə yıxıldığını bildirmişdir. İddiaçı heç bir zərurət olmadan özəl xəstəxanaya müraciət edərək endoprotez əməliyyatı olmuşdur. Halbuki buna zərurət olduğu halda Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib müvafiq rəyi aldıqdan sonra sığorta ödənişi əsasında pulsuz əməliyyat ola bilərdi. Həmçinin «German Hospital»-ın iddiaçı ilə bağlı epikrizində ayağında hər hansı irinin olduğu qeyd olunmamışdır. Bununla da bir daha sübut olunur ki, xəstəxana və həkim tərəfindən bütün tibbi qaydalara uyğun şəkildə əməliyyat və reabilitasiya prosesi həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən xəstəliyin ağırlığı və ciddiyyəti, yaşına nəzərən sağalmanın gec baş verməsi nəzərə alınmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərdiyi iddiaya etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, İddiaçı iddiası aşağıda göstərilənlərə görə əsassızdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin təqsirindən ona 20.000 manat məbləğində zərər vurulmasına dair heç bir sübutu – ödəniş tapşırığı, ödəniş çeki və s. əlavə etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiklərinin əksinə olaraq özünün təqdim etdiyi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ultrasəs müayinəsinə dair sənəddə iddiaçının "xxxx" MMC-də əməliyyat olunması nəticəsində hər hansı bir fəsadın, məsələn irinin olması göstərilməmiş, eyni zamanda həmin müayinə nəticəsində təmsil etdiyi xəstəxanada qoyulmuş protezin vəziyyətinin qənaətbəxş olmaması göstərilməmişdir. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli epikrizində də iddiaçının təmsil etdiyi xəstəxanadakı əməliyyatdan sonra hər hansı bir fəsadın olması göstərilməmişdir. İddiaçının sonuncu dəfə əməliyyat olunduğu «German» xəstəxanasının xx.xx.2021-ci il tarixli rentgen müayinəsinin nəticəsində də "xxxx" MMC-də qoyulmuş protezin vəziyyətinin qənaətbəxş olması qeyd olunmuşdur. Belə olan halda iddiaçının üzərində "xxxx" MMC-də aparılmış əməliyyatın düzgün aparılmaması heç bir sübütla təsdiq edilmir, əksinə "xxxx" MMC-də iddiaçı üzərində əməliyyatın düzgün aparılması iddiaçının özünün təqdim etdiyi sənədlərlə, həm də iddiaçının "xxxx" MMC-də edilmiş rentgen müayinəsi ilə təsdiqlənir. Həmin rentgen müayinəsindən edilmiş şəkildən görünür ki, protez düzgün qoyulmuşdur, bu belə olmasa idi iddiaçı əməliyyatdan sonra gəzə bilməzdi. İddiaçının əməliyyatdan sonra ayağa durub gəzməsi də SD diskə köçürülmüş video-yazı ilə təsdiqlənir ki, həmin SD disk də məhkəməyə təqdim ediləcəkdir. Elektron qaydada həmin SD diski təqdim etmək imkanımız yoxdur. Belə olan halda iddiaçıya cavabdeh "xxxx" MMC tərəfindən hər hansı bir maddi zərərin vurulması və qanunsuz hərəkətlərin edilməsi təsdiq edilmədiyi halda hər hansı bir mənəvi zərərin əvəzinin tutulmasından söhbət belə gedə bilməz. Yəni iddiaçının məruz qaldığı ikinci əməliyyatla "xxxx" MMC-də baş tutmuş müalicə və müayinə arasında səbəbli əlaqə olmadığı üçün iddiaçının iddia tələbi həm mənəvi, həm də maddi zərərin əvəzinin tutulması hissəsində də əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 ekspert rəyi ilə razı olduqlarını qeyd edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər "xxxx" QSC-yə və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər "xxxx" QSC-nin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh2 və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" QSC-nin 15 fevral 2022-ci il tarixli 157 saylı vəkil sorğusuna verdiyi 01 mart 2022-ci il tarixli 148508 saylı məktubundan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü, ünvan 4 ünvanda yaşayan, özünü X1 təqdim etmiş şəxs, xx.xx.2021-ci il tarixdə sol budun proksimal nahiyyəsində ağrı sindromu hərəkət məhdudluğu, sol pəncənin bayıra rotasiyası, sol aşağı ətrafın kəskin dayaq hərəkət pozğunluğu şikayətləri ilə "xxxx" MMCyə müşayət ilə gətirilmişdir. Sonradan həmin şəxsin İddiaçı olduğu müəyyən olunmuşdur. Xəstəxananın həkim-travmatoloqu Cavabdeh2 tərəfindən aidiyyəti üzrə polis bölməsinə məlumat verilmiş və ambulator yardımla yanaşı rentgen müayinə edildikdən sonra sol bud sümüyünün burmaarası keçən qapalı sınığı diaqnozu ilə cərrahiyyə profilli bölməyə yerləşdirilmişdir. Təklif olunan əməliyyata razılıq alınmış, müayinələrdən keçmiş və həkimtravmatoloq Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə spinal narkoz altında DHS tipli metal konstruksiya ilə metalosteosintez əməliyyatı həyata keçirilmişdir. Əməliyyat vaxtı və sonra fəsad qeyd olunmamışdır. Yara birincili sağalmış, ailə vəziyyəti ilə əlaqədar xəstənin təkidi ilə ikin aktivləşmə və reabilitasiya kursu stasionar şəraitdə aparılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, ümumilikdə əməliyyat və stasionar müalicə üçün xəstəxanaya 1.212 manat məbləğində ödəniş olunmuş və xx.xx.2021-ci il tarixdə xəstə kafi vəziyyətdə ambulator müalicəyə (travmatoloqun nəzarəti altında) yazılmışdır. Bildirilmişdir ki, keçən müddət ərzində vətəndaş tərəfindən onun üzərində aparılan cərrahiyyə əməliyyatının nəticələrinə və ona edilmiş müalicə ilə bağlı hər hansı şikayət "xxxx" MMC-yə daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin xx.xx.2023-cü il tarixli KEŞ-546 saylı ekspert rəyindən görünür ki, 1943-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx"na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Sol bud sümüyünün proksimal burmaarası keçən qapalı sınığı» diaqnozu düzgün təyin edilmişdir.
2. İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə spinal anesteziya altında «DHS tipli metal konstruksiya ilə osteosintezi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı rentgenoqramma ilə nəzarət altında aparılmış ostesintezdən sonra kontrol rentgenoqrammada fraqmentlərin düzgün duruşu qeyd edilmişdir. Aparılmış əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.
3. İddiaçı üzərində aparılmış əməliyyatdan sonrakı dövrdə o, xx.xx.2021-ci il tarixdə «German Hospital»a müraciət etmiş və ona xx.xx.2021-ci il tarixdə spinal anesteziya altında «Total protezləşmə» cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə sol bud çanaq oynağının düz proyeksiyalı rentgenoqrammasında bud sümüyünün epifiz nahiyəsində endoprotez və bud sümüyünün sirkə kasasında subxondral skleroz qeyd olunmuşdur. İddiaçı aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra o, təkrar cərrahiyyə əməliyyatlara məruz qalmışdır. Aparılmış təkrar əməliyyat orqanizmin fərdi xüsusiyyələrindən (yaş, həyat tərzi və s.) asılı olaraq sümük toxuma regenerasiya prosesinin ləngiməsinə gətirib çıxara bilər. Bu da müalicə müddətinin uzanmasına və əlavə müdaxilələrin aparılmasına səbəb olur.
4. Endoprotez irinli toxumaya qoyula bilməz.
5. «DHS tipli metal konstruksiya ilə osteosintezi» cərrahiyyə əməliyyatından sonra xəstələrin reabilitasiya müddətinə ındividual olaraq yanaşılmalıdır. İddiaçı hazırda 80 yaşda olması da reabilitasiya müddətini bir neçə aya kimi davam etdirə bilər.
6. İddiaçı aparılmış endoprotez əməliyyatı xəstədə mövcud olan irinli proses aradan qaldırıldıqdan sonra icra edilmişdir. Müalicənin müddəti barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil, belə ki, bu orqanizmin immun sisteminin vəziyyəti ilə bağlıdır.
7. Dərman preparatlarının alınması üçün vəsaitin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 11 avqust 2021-ci il tarixdə onun avtomobil ilə vurulmasını və bu hadisəni törədən şəxsin qardaşı ilə onu "xxxx" MMC-yə gətirərək orada həkim-travmatoloq Cavabdeh2 ayağındakı sınıq ilə bağlı səhv diaqnoz qoymasını, ayağındakı əməliyyatı səhv etməsini və sonradan «German Hospital»-da Rentgen müayinələrindən sonra ona oranın həkimləri ayağında ilkin olaraq səhv əməliyyat aparıldığı səbəbindən, ayağının bu səbəblərdən bitişmədiyini və onun əməliyyat edilmiş ayağının irin verdiyini bildirmələrini, «German Hospital»-da onu ayrıayrılıqda iki dəfə əməliyyat etmələrini göstərərək "xxxx" MMC-nin həkim-travmatoloqu Cavabdeh2 səriştəsizliyi və səhlənkarlığı nəticəsində baş verdiyindən və onun ayağına səhv diaqnoz qoyması səbəbindən ona 20.000 manat maddi və 80.000 manat mənəvi zərər dəyməsini, göstərilən məbləğin cavabdehlərdən müştərək qaydada tutulmalı olmasını iddia etmiş, tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən görünür ki, həmin sənədlərdə iddiaçının yaşadığı sağlıq problemləri ilə əlaqədar tibbi prosedurlar sadalanmış, diaqnozlar göstərilmişdir. Qeyd edilən tibbi sənədlərdə cavabdeh tibb müəssisəsinin həkim-travmatoloqunun iddiaçıya səhv diaqnoz qoymaqla düzgün əməliyyat etməməsini, qeyri-düzgün müalicə etməsini, bunun nəticəsində iddiaçının sağlamlığına zərər vurulmasını təsdiq edən hər hansı bir məqam olması müəyyən edilməmişdir. Buna baxmayaraq hazırki işin xüsusiyyətlərini, iddiaçı tərəfin bütün dəlillərinin tam və hərtərəfli şəkildə araşdırılmasını təmin etmək məqsədi ilə, eləcə də mübahisənin obyektiv və ədalətli baxımından məhkəmə tərəfindən məhkəmə tibb ekspertizası təyin edilmiş və alınmış rəy tərəflərin iştirakı ilə məhkəmə baxışında tədqiq edilmişdir. Rəyin nəticə hissəsinin məzmununa əsasən İddiaçı "xxxx"nda aparılmış müvafiq müayinələrdən sonra ona «Sol bud sümüyünün proksimal burmaarası keçən qapalı sınığı» diaqnozu düzgün təyin edilmiş,onun üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş spinal anesteziya altında «DHS tipli metal konstruksiya ilə osteosintezi» cərrahiyyə əməliyyatı zamanı rentgenoqramma ilə nəzarət altında aparılmış ostesintezdən sonra kontrol rentgenoqrammada fraqmentlərin düzgün duruşu qeyd edilmiş, bir sözlə aparılmış əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Zərərin əvəzinin ödənilməsinin xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Məhkəmə baxışı zamanı iddiaçı tərəf iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı təqdim etdiyi sübut növü yalnız izahatları olmuşdur ki, məhkəmə də bununla bağlı hesab edir ki, təkcə iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin «German Hospital»-da aparılan rentgen müayinələrindən sonra ona oranın həkimləri ayağında ilkin olaraq səhv əməliyyat aparıldığı səbəbindən, ayağının bu səbəblərdən bitişmədiyini və onun əməliyyat edilmiş ayağının irin verdiyini bildirmələri iddiasının “vurulmuş maddi zərərin ödənilməsi” hissəsinin əsaslı olması üçün hüquqi əsas yaratmır. Belə ki, iddiaçının onun ayağındakı xəsarətlə bağlı ilkin olaraq qoyulan diaqnozun və aparılan əməiyyatın səhv olmasına dair dəlilləri həm cavabdeh tərəfin iddiaya olan etirazın dəlilləri, həm də ekspertiza rəyi ilə tam təkzib edilmiş, iddiaçı tərəf göstərilənlərin əksini təkzib edən və iddia tələbinin əsası kimi istinad edilən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edə bilmədiyindən cavabdehlər tərəfindən iddiaçıya mənasibətdə hər hansı bir maddi zərərin vurulması və qanunsuz hərəkətlərin edilməsi faktı araşdırma əsasında öz təsdiqini tapmamışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər törəmə tələb olan «mənəvi ziyanın tutulması» hissəsinə qiymət verməyi lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMCyə, "xxxx" MMC-nin həkim-travmatoloqu Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-nin həkimtravmatoloqu Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev