Məhkəmə qərarları › İş №2(006)-2135/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2135/2023

20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2135/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətinə qarşı "pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətinə qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən səhvən cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətinə “E-manat” ödəmə terminalı vasitəsi ilə ödənilmiş 3840 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Dəllər qəsəbəsinə yaşayır. Onun qardaşı X6 isə Bakı şəhərində "xxxx" MMCdə satış üzrə menecer vəzifəsində çalışır. 2023-cü il mart ayının əvvəllərində qardaşı ona zəng edərək borcu olduğunu və 4000 manat məbləğində pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı isə qardaşına 4000 manat məbləğdə pulunun olmadığını, lakin anası ilə danışıb əgər anası razı olarsa, onun adına bankdan kredit götürə biləcəklərini bildirmişdir. O, anasına qardaşının pula ehtiyacı olduğunu bildirmiş, anası bankdan kredit götürülməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə anası tərəfindən "xxxx" ASC-nin Gədəbəy Filialından 4000 manat məbləğində kredit götürülmüş və həmin pul qardaşına göndərilməsi üçün ona verilmişdir. O, 07 mart 2023-cü il tarixdə, saat 21:22-də Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən marketdə qardaşı X2 hesabına pul köçürmək istəyərkən səhvən cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətin hesabına 3840 manat məbləğində pul köçürmüşdür. İddiaçı pulu köçürərkən qardaşı pulu necə köçürmək lazım olduğunu telefonda ona izah etmiş, o, isə əməliyyatı səhv icra etmişdir. O, pulu köçürsə də qardaşı pulun hesaba köçmədiyini bildirmişdir. O, ödəmə çekini qardaşına göndərdikdən sonra pulun səhv köçürüldüyü məlum olmuşdur. Sonradan o, bilmişdir ki, pulu “Milliön” ödəniş sistemi vasitəsilə köçürməli olduğu halda, “E-manat” ödəniş sistemi vasitəsilə köçürmüşdür. İddiaçı bu barədə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış cavab məktubunda təşkilatın keçirdiyi “Səninləyəm Türkiyə” humanitar yardım aksiyası çərçivəsində Qızıl Aypara Cəmiyyətinə səhvən ianə edilmiş 3840 manat məbləğində pulun qaytarılması barədə müraciətinə baxıldığı və məsələnin araşdırılması üçün tərəflərindən Daxili İşlər Nazirliyinə müaciət edildiyi bildirilmiş, həmçinin məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətindən 3840 manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən məhkəməyə göndərilən iddia ərizəsinə etirazda bildirilmişdir ki, həqiqətən vətəndaş tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Cəmiyyət tərəfindən başlanmış yardım kompaniyası çərəçivəsində 07 mart 2023-cü il tarixdə “E-Manat” vasitəsilə 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində ianə edilmişdir. 11 mart 2023-cü il tarixdə vətəndaş İddiaçı pulun səhvən köçürüldüyündən geri qaytarılması barədə MPAY QSC-yə müraciət etmişdir. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində daxil olmuş vəsaitlər qısa müddət ərzində Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. Buna görə də İddiaçı ianə etdiyi pulu geri qaytarmaq mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, ianə kimi köçürülmüş vəsaitlərin geri qaytarılması hallarına X10 və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, nə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin praktikasında rast gəlinmədiyindən icrası mümkün görünmür. Eyni zamanda bir neçə belə fakt olduğundan və ianə edilmiş vəsaitlərin geri tələb edilməsi Cəmiyyətdə müəyyən şübhələr doğurduğundan bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi X7 oğlu etiraza uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 6019 nömrəli qəbzdən görünür ki xx.xx.2023-cü il tarixdə “E-manat” ödəniş sistemi vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul köçürmüş, telefon nömrəsi olaraq +**********90 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 4000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pulu yanlışlıqla köçürdüyünü bildirmiş və həmin pulun ona geri qaytarılmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ********** fakturalı xətt abunəçi "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində çalışır və MMC-yə məxsus ********** mobil nömrə fərdi istifadə üçün X5 verilmişdir. Ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Türkiyə Respublikasında AFAD təşkilatının hesabına 19070 AVRO ianə məqsədilə pul köçürülmüşdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən X5 ünvanlanmış məktubdan görünür ki, o, pulun geri qaytarılması üçün müraciət etmiş, cavabdeh təşikilatdan bildirilmişdir ki, məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilmişdir, eyni zamanda ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşıdır. O, borcunu ödəmək və eyni zamanda yeni bir iş qurmaq üçün qardaşından 4000 manat məbləğində pul istəmişdir. Qardaşında istədiyi məbləğdə pul olmadığından onlar xx.xx.2023-cü il tarixdə anası X1 adına "xxxx" ASC-cin Gədəbəy Filialından 4000 manat məbləğində kredit götürmüşlər. Qardaşı həmin pulu ona göndərmək istəyərkən əməliyyatı səhv icra etmişdir. Belə ki, həmin pul “Milliön” ödəniş sistemi vasitəsilə köçürməli olduğu halda, “E-manat” ödəniş sistemi vasitəsilə əməliyyat yanlış icra edilərək köçürüldüyündən, 3840 manat məbləğində pul onun hesabına yox Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülmüşdür. 11 mart 2023-cü il tarixdə o, "xxxx" QSC-yə ərizə ilə müraciət edərək yanlışlıqla ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Həmçinin bu barədə onlar xx.xx.2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də müraciət etmiş, lakin cavabdeh təşkilat ianə edilmiş vəsaitin qaytarılmasının mümükün olmadığını, məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edildiyini bildirmiş, həmçinin ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 07 mart 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə terminal vasitəsilə səhvən 3840 (üç min səkkiz yüz qırx) manat pul köçürmüşdür. İddiaçı anası X1 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülmüş 4000 manat məbləğində kredit vəsaitini qardaşı X5 göndərmək istəyərkən yanlışlıqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürmüşdür. Pulun səhvən köçürüldüyünü bildikdən sonra iddiaçı pulun geri qaytarılması üçün 09 mart 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət etmişdir. Lakin Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən müraciətdə qeyd olunan məsələ öz həllini tapmamış və səhvən köçürülmüş pul vəsaiti Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində daxil olmuş kimi Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəlləsi) 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına terminal vasitəsilə İddiaçı tərəfindən 07 mart 2023-cü il tarixində 3840 (üç min səkkiz yüz qırx) manat pulun köçürülməsi və həmin köçürülmüş pulun geri qaytarılması üçün iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət olunması işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan qanunun mənasından və hazırkı mübahisə predmetindən görünür ki, iddiaçı hüquq normalarının ona verdiyi imkandan istifadə edərək maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki qanunvericilik mülki hüquq subyektlərinin iradə sərbəstliyinə əsaslanır və fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Hazırkı mübahisə predmeti olan ianə məbləği İddiaçı iradəsindən kənar qaydada səhvən olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülmüşdür. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı səhvən pulun köçürülməsini Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bildirsə də, həmin pul vəsaiti bank hesabında və ya digər qaydada saxlanılmamış və Cəmiyyətin hərəkətsizliyi nəticəsində hesabda olan digər ianə məbləğləri ilə birlikdə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində Türkiyənin AFAD təşkilatının hesabına köçürülmüşdür. İddiaçının iradəsindən kənar baş verən bu köçürmə və cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində İddiaçı 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, ianə məbləğinin geri qaytarılması məsələsi mülki qanunvericiliklə birbaşa tənzimlənmir. Ona görə hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 13.5-ci maddəsinə əsasən Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə hesab edir ki, sözügedən mübahisəyə mülki qanunvericiliyin deliktdən əmələ gələn öhdəliklər və əsasssız varlanma ilə bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəlləsi) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Prosessual Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə işin sübut olunan hallarından göründüyü kimi İddiaçı iradəsindən kənar olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində ianə edilmişdir. İddiaçı səhv köçürülən pulun geri qaytarılması üçün cavabdehə dərhal müraciət etsə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti hərəkətsizlik göstərərək iddiaçının məhrum olduğu pul vəsaitini ona geri qaytarmamışdır. Nəticə olaraq həmin pul məbləği baş vermiş zəlzələ ilə bağlı yardım kompaniyası çərəçivəsində Türkiyənin AFAD təşkilatının hesabına köçürülməklə iddiaçının gözlənilən məqsədinə uyğun olmayan hərəkət edilmişdir. Bununla da İddiaçı səhvən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə köçürülmüş pul məbləğini məhkəmə qaydasında tələb etməyə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətindən 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Qızıl Aypara Cəmiyyətindən 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar