Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2169/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X5, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məmmədova (Zamanova) Aminət Məhəmməd qızının nümayəndəsi X7 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızına qarşı “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Zamanova) Aminət Məhəmməd qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi və s. tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızına qarşı "mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 21 saylı evin, 35 nömrəli mənzili, binanın 2ci mərtəbəsində yerləşir və həmin mənzilin üstündə, yəni 3-cü mərtəbədə cavabdeh X2 mülkiyyət hüququna malik olduğu mənzilində müxtəlif kirayəçi şəxslər yaşayır. İddiaçıya məxsus mənzil üzərində mülkiyyət hüquqları 06.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır və DƏDRX tərəfindən ona RX №193489 saylı Reyestrdən Çıxarış verilmişdir. 19 mart 2019-cu ildən - 20 oktyabr 2020-ci ilədək yuxarı qonşunun səhlənkarlığı nəticəsində iddiaçıya məxsus mənzilə çirkab su sızması halları vaxtaşırı baş vermişdir. Kirayəçilərə və cavabdehə bununla bağlı dəfələrlə məlumat verilməsinə baxmayaraq, onlar heç bir məhəl qoymayaraq preventiv tədbirlər görməmişlər. "Problem ümumi sistemdədir" deməklə məsuliyyəti öz üzərindən atmağa çalışmışdır. Bundan sonra, İddiaçı "xxxx" ASC şirkətinə və sahəyə xidmət edən 14 saylı MKİS-nə müraciət etdi və 14 saylı MKİS-in rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən 15.12.2020-ci il tarixdə hər iki mənzilə baxış keçirildi, akt tərtib edildi. Həmin akta əsasən müəyyən edilir ki, cavabdehə məxsus 37 saylı mənzilin vanna otağından alt mərtəbədə yerləşən 35 saylı mənzilə kanalizasiya xəttindən çirkab su axıntısı baş vermişdir. Nəticədə 35 saylı mənzilin vanna otağı, ayaqyolu, mətbəx və dəhlizə ziyan vurulmuşdur. İddiaçı bundan sonra tanış ustaya müraciət etdi və mənzilinin ziyan dəymiş hissəsini təmir etməyi ona tapşırdı. Usta təmir üçün sərf ediləcək inşaat materiallarının qiymətlərini hesablayaraq 500 manat material pulu və 500 manat zəhmət haqqı istədi. Bununla yanaşı nəmlənərək kiflənmiş mətbəx mebelin təmiri üçün mebel ustası 200 manat vəsait tələb etmişdir. Beləliklə, cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində iddiaçının mənzilinə 1200 manat zərər vurulmuşdur. Göstərilənlərə əsasən cavabdeh X1 iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 35 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini 1200 (bir min iki yüz) manat həcmində dəyərləndirərək, həmin məbləğin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Məmmədova (Zamanova) X6 Elman Əzizağa oğluna qarşı “mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi və s. tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçının yaşadığı binada aşağı mərtəbədə yaşayan qonşudur. O, 2019-cu ilin əvvəlində öz mənzilində təmir etmiş, mənzilin daxili konstruksiyasında buna müvafiq dövlət orqanından razılıq almadan, özbaşına dəyişikliklər edərək, yaşayış sahəsini yenidən qurulmasını və yenidən planlaşdırılmasını həyata keçirmişdir. Bu zaman cavabdeh yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər etmiş, yaşayış sahəsində arakəsmələrin sökülməsini və yerinin dəyişdirilməsini etmişdir. Nəticədə cavabdeh öz yaşayış sahəsinə girən yaşayış binasının ümumi kanalizasiya xətti borusunun bir hissəsi bağlanmış və digər hissəsinin istiqaməti dəyişmişdir. Cavabdehin mənzilinə kanalizasiyadan su axmaları məhz həmin təmirdən sonra baş verməyə başlamışdır. 2019-cu ilədək cavabdeh mənzilini təmir etməmişdən əvvəl və binanın ümumi kanalizasiya borularının istiqamətini dəyişməmişdən əvvəl, mənzildən hər hansı su axma halları olmamışdır. Beləliklə, müəyyən olunur ki, cavabdehin mənzilinə kanalizasiya xəttindən çirkab su axıntısı onun təqsiri səbəbindən baş vermişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 35 saylı mənzilində aparılmış özbaşına yenidən qurulma və yenidən planlaşdırılmaların sökülməsi və həmin mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X8 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məmmədova (Zamanova) Aminət Məhəmməd qızının nümayəndəsi X10 ilkin iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 21, mənzil 35 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 14 saylı MKİS-in rəisi E.Dinayev, mühəndisi N.Əhmədov, sahə nəzarətçisi M.Ələsgərov tərəfindən 15 dekabr 2020-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 35 saylı mənzilə baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən vətəndaş X3 məxsus 37-ci mənzilin vanna otağından alt mərtəbədə yerləşən 35ci mənzilə kanalizasiya xəttindən su axıntısı baş vermişdir. Nəticədə 35-ci mənzilin vanna otağı, mətbəx və dəhlizinə ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1439 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 37 saylı mənzilin qapısı bağlı olduğundan 35 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadı, lakin mülki iş materialında olan foto şəkillərə və Nəsimi rayonu 14 №-li MKİS-nin əməkdaşlarının 15 dekabr 2020-ci il tarixdə tərtib etdiyi AKT-a əsasən 35 saylı mənzilə 37 saylı mənzildən suyun axıdıldığı müəyyən edilmişdir və 35 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1168 manat məbləğində müəyyən olunur. Mülki iş materiallarında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 35 saylı mənzilinə dair ilkin layihə sənədləri olmadığından Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 21 saylı evin 35 saylı mənzilin kanalizasiya xəttində mənzilin ilkin layihələrindən fərqlənən yenidən qurulma və ya yenidən planlaşdırılma işlərinin həyata keçirilməsi ilə bağlı sualın cavablandırılması mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 21, mənzil 35-ə Məmmədova (Zamanova) Aminət Məhəmməd qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 21, mənzil 37-dən su axıtması baş vermiş və bunun nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı mənzilinə dəymiş zərərə görə 1200 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 37 saylı mənzildən suyun axıdıldığı müəyyən edilmişdir və 35 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1168 manat məbləğində müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, ilkin iddia üzrə iddiaçının mənzilinə vurulmuş zərərə görə 1200 manat pul tələb etməsi əsassızdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli və ilkin iddia üzrə cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1168 (bir min yüz altmış səkkiz) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin əsaslı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 21 saylı evin 35 saylı mənzilində özbaşına yenidən qurulma və yenidən planlaşdırılma işlərinin aparılması faktı öz əksini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızından Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 21, mənzil 35-ə vurulmuş zərərə görə 1168 (bir min yüz altmış səkkiz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1198 (bir min yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ilkin iddia üzrə cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızından tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızından Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 21, mənzil 35-ə vurulmuş zərərə görə 1168 (bir min yüz altmış səkkiz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1198 (bir min yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat ilkin iddia üzrə cavabdeh Məmmədova (Zamanova) Aminət Məhəmməd qızından tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2169/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2169/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver