Məhkəmə qərarları › İş №2(006)-219/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-219/2024

15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-219/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 60.000 (altmış min) manat ziyanın kompensasiya şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, iddia ərizəsinin yeni təqdim etdiyi formada icraata götürülməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət himayəsində olmalı 2-ci qrup əmək əlilidir. 1992-ci ildən bəri ona aylıq zərərin ödənilmə məbləği ödənilmir, pensiyası düzgün hesablanmır, mənzil hüququ pozulub və sair çoxsaylı hüquqlarının pozulması ilə əlaqədar həm dövlətdən, həm də "xxxx" ASC-dən külli məbləğdə alacağı olsa da, yaşamaq hüququnun məhrumedilmə vəziyyətindədir. Sığınacaq yeri olmayan, müavinatları ödənilməyən, borc hesabına kirayədə qalan məşkunlaşdırılmamış ermənistan qaçqınıdır. Dövlət məmurlarının və hakimlərinin terroristliyi nəticəsində pozulmuş hüquqları təmin olunmur. Hal-Hazırda iddia ərizələrinin İnsan Hüquqları üzrə Beynalxalq Avropa Məhkəməsinə göndərilməsi üçün sponsor tapmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə VTEK-dan keçərək sənədi nazirliyin tabeliyində olan Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsinə təqdim edərək avtomobil növbəsinə dayanmışdır. Sənədin bir nüsxəsini peşə xəstəliyinə tutulduğu müəssisə "xxxx" ASC-yə təqdim edərək müəssisədə də maşın növbəsinə dayanmış, növbədə birinci olmuşdur. Sonradan Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsini ləğv olsa da, onun nazirlikdə növbəsi saxlanılmalı idi. 2012-ci ilə qədər növbədə olan Qarabağ əlilləri, Əfqanistan əlilləri, Çernobl əlilləri maşınla təmin ediliblər, bəzilərinə ikinci dəfə maşın verilib. Avtomobilin istismar müddəti 10 il müddəti götürülür. İndiyə kimi ona 3 dəfə maşın verilməliydi, ancaq heç birinidə verməyiblər. Nazirlikdən bildirirlər ki, əmək əlili olmağı ilə əlaqədar Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının V bəndinə əsasən ona müəssisə tərəfindən maşın verilməli, yaxud maşınların 100% dəyəri ödənilməlidir. Nazırlik maşını o zaman verə bilər ki, 100% dəyəri müəssisə tərəfindən ödənilmiş olsun. Müəssisə “İnzibati xətalar haqqında” Qanunla maşının dəyərində cərimələnməli, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülməli idi və nazirlik tərəfindən ona maşın verilməli idi. 2000-ci ildən idiyədək hər il "xxxx" ASC-nin rəhbərliyinə, bütün yuxarı dövlət instansiyalarına və məhkəmələrinə maşınla təmin olunmağı, yaxud dəyərinin ödənilməsi üçün çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. İndiyədək ona verilməli 3 ədəd maşının 45.000 dəyəri ödənilməli, 15.000 manat da vaxt itkisinə, nəqliyyat xərclərinə avtomobilin idarə edilməsinin ödənilməsi xərclərinə, minlərlə ərizənin komputerlə yazılması, on minlərlə arayışların sürətlərinin çıxarılması xərclərinə və mənəvi ziyada görə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən vurulmuş 60.000 manat ziyanın kompensasiya şəklində ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X2 eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcud olduğundan işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-242/2021 saylı qətnaməsilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və "xxxx" ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4911/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-242/2021 saylı qətnaməsindən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışvə qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC və “Sosial Xidmətlər Agentliyi” X3rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan həmin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3959/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, iddiaçının ilk tələbi 2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi olsa da, sonrakı tələbi cavabdehlərdən maşın və çəkilmiş xərcə görə maddi, mənəvi zərər olaraq 20.000 manat kompensasiyanın ödənilməsi olmuşdur. Yəni, tələblər fərqli olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və “Sosial Xidmətlər Agentliyi” X3rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, mülki işin hallarından müəyyən edildiyi kimi “maddi zərərin ödənilməsi” tələbinə dair hazırki iş üzrə İddiaçı daha əvvəl məhkəməyə bir neçə dəfə müraciət edərək cavabdehlər tərəfindən ona maşın verilməsi və əlavə olaraq 20.000 (iyirmi min) manat digər maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq tələbləri rədd edilmişdir. Həmin qətnamədən isə apellyasiya şikayəti verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda və 2(006)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində bu məsələ ilə bağlı tərəflər məlumatlı olduğundan, maddi zərərin ödənilməsi tələbinə dair mülki işə yenidən baxılması ağlabatan deyil və iş üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar