Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2200/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 18.11.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət göstərən «Loğman» klinikasında müalicə olunarkən tanımışdır. Sevinc həkim işlədiyini, ərinin isə hərbi hospitalın həkimi Elçin Şadlinski olduğunu bildirmişdir. Sevinclə söhbət zamanı iddiaçının ərinin xəstə olduğunu, müalicə üçün pula ehtiyacları olduğundan iddiaçıya məxsus olan qızılları satmaq istədiyini bildirmişdir. Sevinc qızıllara baxmaq istədiyini və bəyənərsə alacağını bildirmişdir. Sevinc iddiaçının yaşadığı evə gəlmiş, qızıllara baxaraq bəyəndiyini, qiymətləri ilə maraqlanmış, 29 qram 583 əyyar Rusiya istehsalı olan yolka qolbağlı briliant qaşlı saat 2.000 manata, 28,9 qram 750 əyyar qızıl qolbağı 2.450 manat, 8,1 qram 583 əyyar qızıl boyunbağını 570 manat və 11 qram 935 əyyar qızıl boyunbağı 635 manata razılaşmışlar. Sevinc tezliklə aldığı qızılların pulunu verəcəyinə söz vermişdir. Sevincin və ərinin həkim işləməsinə, həkimin yalan danışmayağacını düşündüyü üçün razılaşmışdır. İddiaçı bir müddət pulun verilməsini gözləsə də, cavabdehin pulun vermədiyini gördüyü üçün qızılları geri qaytarmasını təkidlə tələb etdiyi üçün Cavabdeh 21.06.2019-cu il tarixdə «Elmlər Akademiyası» metro stansiyasının yaxınlığında əl yazısı ilə iddiaçıya «mənim Zeynəb xanıma borcum 5655 manat» məzmunlu qəbz yazıb verərək bir müddət də vaxt istəmişdir. Sonradan iddiaçı öyrənmişdir ki, Sevinc yaşadığı ev idə sataraq başqa ünvana köçmüşdür. İddiaçı məcbur qalıb Bakı şəhəri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının müraciəti Nizami rayon Pİ-nin 25-ci Polis Bölməsində araşdırıldıqdan sonra araşdırmanın davam etdirilməsi üçün Xətai rayon Pİ-nin 34-cü Polis Bölməsinə göndərilmişdir. Sevinc polis bölməsinə izahat yazmaq üçün dəfələrlə dəvət olunsa da, heç bir nəticə olmamışdır. Göstərilənlərə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 1 ədəd 29 qram 583 əyyar Rusiya istehsalı olan Brilyant qarşı yolka qolbağı, 1 ədəd 28,9 qram 750 əyyar qızıl qolbağı, 1 ədəd 8,1 qram 583 əyyar qızıl boyunbağ, 1 ədəd 11 qram 935 əyyar qızıl boyunbağının naturada qaytarılması, naturada mümkün olmadıqda isə dəyəri 5655 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmədə izahat verərək bildirdi ki, cavabdeh onu aldatmış, qızıllarını aldığını, lakin pulunu hələdə ödəmədiyini bildirmişdir. Həmçinin cavabdehin iş yerinə getdiyini, pullarını istədiyini bildirmişdir. Odur ki, iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 da iddanın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etdi. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, Sevinc xanımın işlədiyi xəstəxanaya dərmanları vermək ilə məşğul olduğunu, cavabdehi oradan tanıdığını bildirmiş və bir gün işdə olarkən iddiaçı ilə cavabdeh arasında mübahisə olduğunun şahidi olmuş, sonradan iddiaçıdan mübahisənin nədən yarandığını soruşduqda cavabdehin ona qızıllarının qarşılığında pulun ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, qızılların cavabdehə iddiaçının evində verildiyinin şahidi olmuş, onların içində qızıl saatın, 2 ədəd İtaliya istehsalı qızılın və s olduğunu görmüşdür. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə qəbzin kserosurətindən görünür ki, «200+100=300, 11qr x 85 m= 935 m; 8.1 x 70 = 570 m.; 28,9 – 85 man = 2450 man; 2.9 – 2000 man; 635+570+2000+2450=5655 manat». İş üzrə 21.06.2019-cu il tarixli qəbzin kserosurətindən görünür ki, «mənim Zeynəb xanıma borcum 5655 man» təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı əlaqələr olmuşdur, pula ehtiyacı olması ilə bağlı iddiaçı tərəfindən satmaq məqsədi ilə cavabdehə qızıl-zinət əşyaları verilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh ona verilmiş qızıl-zinət əşyalarının dəyərini 5655 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən cavabdehə 2019cu ildə satmaq üçün iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları verilmiş, lakin cavabdeh həmin əmlakları hal-hazırki vaxtadək nə dəyərini, nə də ki, özlərini iddiaçıya qaytarmamışdır. İddiaçı həmin qızıl-zinət əşyaların dəyərini cavabdehdən tələb etsə də, sonuncu həmin qızıl-zinət əşyalarının nə özünü, nə də ki dəyərini ona ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qızılzinət əşyalarının tutulmasını və yaxud dəyərinin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan əlyazma qəbzlərindən müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdeh faktiki olaraq İddiaçı 5655 manat borclu olduğunu etiraf etmişdir. Eyni zamanda, şahid ifadələri ilə iddiaçı tərəfindən Cavabdeh qızıl-zinyət əşyalarının verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Bu baxımdan, məhkəmə, formal həqiqət prinsipini əsas götürüb, cavabdehin rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyini və iş üzrə hər hansı halı mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh İddiaçı xeyrinə 1 ədəd 29 qram 583 əyar Rusiya istehsalı olan brilyant qaşlı yolka qolbağı, 1 ədəd 28,9 qram 750 əyar qızıl qolbağı, 1 ədəd 8,1 qram 583 əyar qızıl boyunbağı, 1 ədəd 11 qram 935 əyar qızıl boyunbağı natura şəklində tutulmalı, AR MPMnin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə əmlakların dəyəri 5655 manat pul tutulmalı, Cavabdeh İddiaçı xeyrinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1 ədəd 29 qram 583 əyar Rusiya istehsalı olan brilyant qaşlı yolka qolbağı, 1 ədəd 28,9 qram 750 əyar qızıl qolbağı, 1 ədəd 8,1 qram 583 əyar qızıl boyunbağı, 1 ədəd 11 qram 935 əyar qızıl boyunbağı natura şəklində tutulsun. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə əmlakların dəyəri 5655 ( beş min altı yüz əlli beş) manat pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2200/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2200/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver