Məhkəmə qərarları › İş №2(006)-2203/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2203/2020

16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2203/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenə qarşı "pul" tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat pulun cavabdeh Atmaca Bilgendən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iş birliyi olmuşdur. İşlərini daha yaxşı qurmaq üçün cavabdeh 2019-cu ildə ondan borc pul istəmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunda borc müqaviləsi bağlayaraq cavabdeh ondan 3000 manat borc götürmüşdür. Həmin gün müqavilə imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh 3 ay müddətində götürdüyü borcu qaytarmağı öhdəsinə götürmüşdür, lakin hal-hazıra kimi cavabdeh borcu qaytarmamış, hazırda isə qaytarmaqdan yayınır. Ona görə də məhkəməyə müraciət etməyə məcburdur. Göstərilənlərə əsasən 3000 manat pulun cavabdeh Atmaca Bilgendən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgen qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 5 saylı Notariat kontorunda bağlanılmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında ona saç ustası işləməyi təklif edən “Türk Star” gözəllik salonunun sahibi İddiaçı onun salonunda işləməyini təklif etmişdir. O da 2019-cu ilin fevral ayından həmin ilin iyul ayınadək həmin gözəllik salonunda işləmişdir. Onun həmin salonunda işlədiyi dörd ay müddətində özünü “Türk Star” gözəllik salonunun sahibi kimi təqdim edən İddiaçı onu qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan işləməyə cəlb etmişdir. O, ona həmin salonda 1 il işləməyinə görə 6000 manat verəcəyini bildirmişdir. Sonradan həmin salonda təmir işləri aparacağına görə ona təklif etmişdir ki, 6 ayın pulunu, yəni 3000 manatı indi versin. 6 aylıq müddət bitdikdən sonra isə qalan 3000 manat pulu ona verər. O, onun təklifi ilə razılaşmışdır. İddiaçı ona həmin pulu notariusda verəcəyini bildirəndə o, yenə də razılaşmışdır. Həmin gözəllik salonunda işlədiyi müddət ərzində ona görə həmin salonda çoxlu sayda müştəri artımı olmuşdur və İddiaçılə razılaşdığı kimi kassaya yığılan puldan da ona müvafiq ödəniş olmalı idi. Lakin İddiaçı həmin razılaşmanı yerinə yetirmədiyinə görə o əsəbiləşmiş və salonda işləməkdən imtina etmişdir. Sonradan o, onun yanından çıxan zaman isə digər bir gözəllik salonunda işə düzələn zaman onların onunla əmək müqaviləsi bağladığını, ona hər ay razılaşdıqları pulu müqaviləyə uyğun əmək haqqı şəklində ödədiyini görəndə, həmçinin İddiaçı ona əmək haqqı kimi ödədiyi həmin pulu notarial qaydada verib sonradan həmin pulu ondan məhkəmə qaydasında tələb etdiyini görəndə aldadıldığını başa düşmüşdür. İddiaçı ona verdiyi həmin 3000 manat pulu ona görə həmin gözəllik salonuna gələn müştərilər hesabına orada işlədiyi dörd ay müddətində artıqlamasi ilə geri qazanmış, üstəlik ona hər gün günün sonunda kassadan verilməli olan pulları belə özü götürmüşdür. O isə xarici ölkə vətəndaşı olduğu üçün yaşadığı ölkənin, yəni Azərbaycan Respublikasının qanunvericiliyini bilməmişdir, qeyd edilən gözəllik salonunda digər işçilərin də bu formada hər hansı bir işi yerinə yetirilməsinə cəlb edildiyini gördüyü üçün öz hüquqlarının konkret olaraq nədən ibarət olmasını bilməmişdir. Cavabdeh İddiaçı ilə arasında bağlanılmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun deyil və bu səbəbdən də onun etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, o, cavabdeh İddiaçı ilə ondan 3000 manat məbləğində pulu ona məxsus “Türk Star” gözəllik salonunda saç ustası kimi işləyib əmək haqqı şəklində almaq barədə razılığa gəlmişdir və aralarında bağlanan müqaviləni də bu şərtlərlə bağladığını zənn etmişdir. Lakin cavabdeh İddiaçı onun Azərbaycan Respublikasının qanunvericilyini bilmədiyini görərək, onu aldatmış, ona yuxarıda qeyd etdiyi şərtlərlə borc müqaviləsinə imza etdirmişdir. O, belə bir şərtlər nəzərdə tutan müqavilə bağlamaq niyyətində olmamış və belə bir müqavilə bağlamamışdır. Əqdin təməl qurucusu iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərinin davranışının psixi tənzimlənməsi prosesidir. O isə cavabdeh İddiaçı ilə mübahisələndirilən müqaviləni bağlamaq arzusu və istəyində olmamışdır. Elə bir niyyəti də olmamışdır. Ona görə də hesab edir ki, hazırda tərəfindən qaldırılmış qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli və ilkin iddia tələbi ilə bir icraatda baxılaraq yekun məhkəmə qərarı qəbul edilməlidir. Beləliklə, hesab edir ki, onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 5 saylı Notariat kontorunda bağlanılmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 5 saylı Notariat kontorunda bağlanılmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgen məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İlkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, İddiaçı ilə Atmaca Bilgen arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Atmaca Bilgenə 3000 manat məbləğində pulu borc verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Müqavilə Bakı şəhəri 05 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli icrarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisində 4 kv/m sahəni Atmaca Bilgenə 5 il müddətinə hər ay 80 manat ödəmək şərti ilə icarəyə verməyə öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Kiçik sahibarkarlıqla iş üzrə Baş idarəsi tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2004-cü il tarixdən və X3 (VÖEN **********) xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçotda olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə həmin Məcəllənin şamil edilmədiyi üçün müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin iddianın araşdırılmasına keçməmişdən əvvəl tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlı olub-olmamasına dair qarşılıqlı iddiada qeyd olunan hüquqi dəlillərə qiymət verilməlidir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsaslanaraq onunla İddiaçı arasında Bakı şəhəri, 05 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-230 Reyestr nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən borc müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tərəflər arasında yaranmış münasibətlərin əslində əmək qanunvericliyi ilə tənzimlənməli olmasına dair dəlili mülahizə xarakter daşıyır və iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubu ilə təkzib edilməkdədir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddia edənin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenə qarşı “pul” tələbinə dair ilkin iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borc alan” Atmaca Bilgenə 3000 manat məbləğində pulu borc verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə borc məbləğini versə də, “Borc alan” Atmaca Bilgen müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir. Məhkəmə mülki işin materiallarında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən borcun qaytarılmasını təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü onun daşıdığından məhkəmə iddianın tam təmin edilməsi qənaətinə gəlir. Belə ki, ilkin iddia üzrə cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Atmaca Bilgen öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən İddiaçı qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenə qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, borc üzrə 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3030 manat məbləğində pul ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgendən tutularaq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, Atmaca Bilgen tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Borc üzrə 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3030 manat məbləğində pul Atmaca Bilgendən tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Atmaca Bilgenin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Atmaca Bilgen tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar