Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2214/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi MƏmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 12330 manat, mənəvi ziyana görə 50000 manat Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli hökmü (hakim Ş.Məmmədova) ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi qərara alınmışdır. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, o, isə apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 19.01.2018-ci il tarixli qərarı (sədrlik edən H.Nəbiyev) ilə apellyasiya protesti və şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Barəsində olan Abşeron rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli hökmü qanuni qüvvəyə mindiyindən 04.05.2018-ci il tarixdən həmin hökm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməyə başlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 19.01.2018-ci il tarixli qərarından müdafiəçisi Vəkil tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02.10.2018-ci il tarixli qərarı (sədrlik edən F.Kərimov) ilə kassasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 19.01.2018-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yenidən baxılması üçün Apellyasiya İnstansiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 27.06.2019-cu il tarixli hökmü (sədrlik edən F.Zeynallı) ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilməyinə dair Abşeron rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli hökmü ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Barəsində bəraət hökmü qəbul edilən gün, yəni 27.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsindən azadlıqa buraxılmışdır. Həmin hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasına kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 05.02.2020-ci il tarixli qərarı (sədrlik edən T.Kazımov) ilə kassasiya protesti və şikayəti təmin edilməmiş, barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 27.06.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi baş verənədək “xxxx” MMC-də sürücü işləmiş, həmin yol nəqliyyat hadisəsi 24.07.2014-cü il tarixdə, saat 18:50 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində “xxxx” MMC-yə məxsus “Hyundai Kounty” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla əmək funksiyasını idarə edərkən baş vermişdir. İstintaq orqanı tərəfindən tərtib və təstiq olunmuş onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirildiyinə dair “İttiham aktı”nın 1-ci səhifəsinin 2-ci abzasından göründüyü kimi baş vermiş hadisə ilə bağlı 24.07.2014-cü il tarixdə müstəntiq tərəfindən cinayət işi başlanmış, həmin ittiham aktının 2-ci səhifəsinin 1-ci abzasından göründüyü kimi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 16.12.2014-cü il tarixdə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman “xxxx” MMC-də sürücü işləyir və aylıq əmək haqqı 200 manat olmuşdur. Hadisədən dərhal sonra iş icraatında olan müstəntiq tərəfindən idarə etdiyi avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi qanunsuz olaraq ondan alınmış və idarə etdiyi “xxxx” MMC-yə məxsus “Hyundai Kounty” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin cərimə meydançasına qoyulduğundan o, işəgötürən qarşısında əmək funksiyasını icra etməkdən, gəlirlərindən məhrum olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xxxx” MMC-nin AN-003 №-li, 14.01.2021-ci il tarixli arayışın əslindən göründüyü kimi sonuncu əmək haqqını 31.07.2014-cü il tarixdə almışdır. Göründüyü kimi istintaq və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində 31.07.2014-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 27.06.2019-cu il tarixli hökmü ilə ona bəraət verilən günədək işləməmiş və əmək haqqı almamış, yəni həmin dövr ərzində 4 il 11 ay əmək haqqı almaq hüququndan məhrum olmuşdur (4 il 11 ay=59 ay*200 manat=11.800 manat), yəni istintaq və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində o, 11.800 manat gəlirdən məhrum olmuşdur. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş fərdi qaydada fəaliyyət göstərən Vəkil ilə bağlanmış 17.02.2015-ci il tarixli, 15/15 №-li; 07.12.2015-ci il tarixli 67/15 №-li; 17.05.2018-ci il tarixli, 47/18 №-li; 15.11.2018-ci il tarixli, 85/18 №-li; 12.01.2021-ci il tarixli, 02/21 №-li hüquqi yardımla bağlı müqavilələrin və həmin müqavilələrə müvafiq olaraq 17.02.2015-ci il tarixli, 031273 №-li; 07.12.2015-ci il tarixli, 185625 №-li; 17.05.2018-ci il tarixli, 520616 №-li; 15.11.2018-ci il tarixli, 520647 №-li mədaxil qəbzinin kötüyünün və eManat ödəniş sistemi vasitəsi ilə 18.01.2021-ci il tarixli, əməliyyat nömrəsi ********** olan ödəniş qəbzinin müvafiq qaydada təsdiq olunmuş surətləri ilə təsdiq olunur ki, o, yuxarıda göstərilən cinayət işi üzrə hüquqi yardıma görə müdafiəçiyə 400 manat, hazırki iddia tələbinin məhkəməyə hazırlanıb verilməsi və məhkəmədə müdafiəsinə görə 100 manat, iddia ərizəsinin məhkəmədə baxılmasına görə 30 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa barəsində olan Abşeron rayon Məhkəməsinin 23.09.2015ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 19.01.2018-ci il tarixli qanunsuz qərarlarına görə, 04.05.2018-ci il tarixdən 27.06.2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. O, qanunsuz olaraq 1 il, 1 ay, 23 gün müddətində məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qanunsuz saxlanılmışdır. Bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı anlayış yoxdur. Hüquq mühafizə orqanlarının təqsiri üzündən o, azadlığını itirmişdir. Azərbaycan dövlət olaraq normal ədalət mühakiməsi yaratmalı olduğu halda bunu etməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyəti daşıyır. O, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanılar, qohumları onu vicdanlı bir şəxs kimi tanımışdır. Onun barəsində cinayət işinin başlanması və ittihamedici hökm qəbul edilməsi, uzun müddət məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qalmağı cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Nəzərə almaq lazımdır ki, bu cinayət işi ilə bağlı təxminən 30 dəfədən çox məhkəmə iclası keçirilmiş, hər məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisləri hər dəfə, hətta hər gün ərzində bir neçə dəfə “oğullarının qatili” deyərək və barəsində təhqiramiz ifadələr işlətməklə onu alçaltmışlar. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Əvvəlki vəziyyətin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu “cinayətkar” damğası altında yaşayacdıq. Ona vurulan mənəvi sarsıntılardan bir də səhv etmiş hüquq mühafizə orqanları əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənəvi sarsıntıları heç bir pulla ölçmək mümkün deyil. Lakin, mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 50 000 manat həcmində dəyərləndirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 1(012)-63/2015 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 1(105)-06/2018 saylı qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 23 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilmədən və həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən şəxs İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli 1(102)-1073/18 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2019-cu il tarixli 1(105)-53/2019 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2020-ci il tarixli 1(102)-129/2020 saylı qərarından görünür ki, İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 14 yanvar 2021-ci il tarixli AN-003 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MMC-də 01 iyun 2012-ci il tarixdən 23 iyul 2015-ci il tarixinədək sürücü vəzifəsində işləmiş, ona hər ay 200 manat əmək haqqı ödənilmiş, sonuncu əmək haqqını 31 iyul 2014-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli qərarının 14-cü bəndinə görə mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşın şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qanunsuz həbs etməyə görə vurulmuş mənəvi ziyana görə ona 2.500 manat məbləğində kompensasiya ödənilməsi barədə tələbi qismən təmin edilməlidir. İddia məbləği qalan hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 2.500 (iki min beş yüz) manat maddi ziyan və 500 (beş yüz) manat məbləğində vurulmuş mənəvi ziyan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 2.500 (iki min beş yüz) manat maddi ziyan və 500 (beş yüz) manat mənəvi ziyan məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2214/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2214/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver