Məhkəmə qərarları › İş №2(006)-2225/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2225/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2225/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına və sifariş məktubuna əsasən Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsinin 2.752,50 manata qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 0104/23 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 565/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012ci il tarixli NRİK-1330 saylı kredit müqaviləsi üzrə iddiaçı X2 tərəfindən cavabdehin payına mütənasib surətdə ödənilmiş 3.665 manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı X1 xeyrinə ödənilməli, iddia tələbi digər iddiaçıya münasibətdə təmin edilməməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qobustan rayonu, Sədəf kəndində yerləşən 1,47 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-136/2023 saylı qərardadı ilə təqdimatın qismən təmin edilməsi, borclu İddiaçı mülkiyyətində olan Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin borcluya və başqa şəxslərə qadağan edilməsi, təqdimatın digər hissədə rədd edilməsi qərara alınmışdır. - Cavabdeh2 MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən İddiaçı məxsus əmlak qiymətləndirilərək, bazar dəyərinin 2.572,50 manat olduğu müəyyən edilmişdir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qərardadın 23-cü bəndinə əsasən, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. Qərardadın 28-ci bəndinə əsasən, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Həmin qərardada əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-565/2019 saylı qətnaməsi ilə İddiaçı X1 xeyrinə 3.665 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması məqsədilə aidiyyəti İcra şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclunun mülkiyyətində icra sənədi üzrə tələbin yönələ biləcəyi əmlak (torpaq sahəsi) aşkar edilmiş və həmin əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndirmə şirkəti, yəni Cavabdeh2 MMC cəlb edilmişdir. Cavabdeh2 MMC tərəfindən öz növbəsində əmlakın qiymətləndirilməsinə dair müvafiq rəy verilsə də, borclu İddiaçı həmin rəylə razılaşmayaraq, qeyd edilən rəyi mübahisələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak ipoteka predmetinə aid edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri tətbiq edilməli, habelə həmin məsələyə icra icraatı çərçivəsində baxılmalıdır. Belə olan halda hesab edir ki, iddiaçının hazırki tələblərinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar