Məhkəmə qərarları › İş №2(006)-225/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-225/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-225/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X4 və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 Klinikasına əməliyyat üçün ödədiyi 5200 (beş min iki yüz) manatın və əməliyyatın onun səhhətinə vurduğu mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, hər iki bud sümüyünün baş hissəsində subxondral destruksiya və osteonekroz (avaskulyar nekroz) xəstəliyindən əziyyət çəkir. Xəstəlikdən qurtulmaq və əməliyyat olunmaq üçün Cavabdeh 1 Klinikasına müraciət etmişdir. 24.09.2020-ci il tarixində hər iki bud-çanaq oynağının koksartrozu kliniki diaqnozu həmin klinikanın həkimi Sevinc Heydərova tərəfindən əməliyyat olunmuşdur. Həmin əməliyyat üçün o, Cavabdeh 1 Klinikasına 5200 (beş min iki yüz) manat ödəmiş və ona həmin məbləğin ödənilməsinə dair qəbz verilməmişdir. Əməliyyatdan öncə həmin əməliyyata razılığının ifadə olunduğu sənəd imzalamışdır. Həmin sənədin nüsxəsi də ona verilməmişdir. Həmin razılığa əsasən, əməliyyatda və əməliyyatdan sonra onun səhhətində həkimin təqsiri olmadan yarana biləcək vəziyyətlər üçün həkimin məsuliyyət daşımayacağı qeyd olunmuşdur. Halbuki, əməliyyatdan 3 ay sonra onun səhhətində problemlər yaranmağa başladı. Belə ki, əməliyyatdan əvvəl o nisbətəndə olsa, bud-çanaq nahiyyəsini aralaya bilirdi. Lakin, əməliyyatdan sonra onun bud-çanaq hissəsi aralanmır. Sadəcə gəzə bilir. Onun bud-çanaq hissəsində yaranan və əməliyyatdan sonra daha da artan bu problem onun hərəkətini məhdudlaşdırır. Bununla bağlı Cavabdeh 1 Klinikasının həkimi Heydərova Sevincə müraciət etdikdə isə o, bunun sinirlərlə bağlı olduğunu və tez bir zamanda bu məhdudiyyətin aradan qalxacağını deyərək onu yubadırdı. 17.04.2021-ci ildə “X7”ya müraciət etmişdir. Orada rentgenə göndərmişlər və rentgen nəticəsində məlum olmuşdur ki, hər iki bud-çanaq nahiyyəsində kök hüceyrədə qığırdaq toxuması əmələ gəlməyib və daha da pisləşib. Hərəkət daha da məhdudlaşıb. Daha sonra isə Cavabdeh 1 Klinikasına əməliyyat üçün ödədiyi 5200 (beş min iki yüz) manatın geri qaytarılması üçün müraciət etmişdir, lakin onlar əməliyyatın uğurlu keçdiyini və onların bir səhvi olmadığını iddia etmişlər. Halbuki, onun səhhəti əməliyyatdan sonra daha da kəskinləşmişdir. Yenidən başqa klinikaya müraciət etdikdə isə, bildirildi ki, əməliyyat olunmağı və protez qoyulması üçün kifayət qədər pul lazımdır. Lakin, əlində olan pulu Cavabdeh 1 Klinikasına ödəmişdir. İndi isə, ödədiyi məbləği geri ala bilmir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasın və iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən Epikrizə əsasən, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı hər iki bud-çanaq oynağının koksortrozu, qığırdaq yeyilməsi diaqnozu ilə daxil olmuş, 24.09.2020-ci il tarixdə xəstə üzərində sedasiya ilə kök hüceyrə proseduru icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstə 24.09.2020-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. İş materiallarında olan “X7”nın “Bud-çanaq oynaqlarının MRT müayinə” protokoluna əsasən, hər iki bud sümüyünün baş hissəsində subxondral destruksiya və ostenekroz (avaskulyar nekroz), hər iki bud sümüyünün baş hissəsində subxondral, müxtəlif ölçülü kistalar, sağda qalça sümüyündə sümük daxili kista və sağ kiçik sağrı əzələsi daxilində iltihab xarakterli möhtəviyyat aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş İltizamnamədən görünür ki, İddiaçı ailə vəziyyəti ilə əlaqədar təyin olunan stasionar müalicə dövrünün davamından imtina etdiyini, vəziyyətin gərginləşməsi və xəstəliyin mümkün olan ağırlaşmaları haqqında onla klinikanın tibbi heyəti tərəfindən xəbərdarlıq edildiyini və buna razı olduğunu ifadə etmişdir. İş materialların əlavə edilmiş 24.09.2020-ci il tarixli Pasiyentin razılığından görünür ki, İddiaçı onun üzərində əməliyyat prosedurlarının aparılmasına, stasionarda müalicəyə və müayinəyə razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(006)-3987/2021 saylı qərardadı ilə hazırki mülki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Lakin, “Məhkəmə-tibbi ekspertiza və X3” X6 məhkəməyə 21.10.2021-ci il tarixdə məktub ünvanlayaraq, mülki iş üzrə şəxsi məhkəmə-tibbi ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2(006)-3987/2021 saylı qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 tərəfindən məhkəməyə daxil olan 17.03.2022-ci il tarixli, 97/KEŞ saylı məhkəmə-tibb ekspert rəyinə əsasən, “X2” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 24.09.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Hər iki bud-çanaq oynağının koksartrozu, qığırdaq yeyilməsi” diaqnozu düzgün təyin edilmiş, həmin tarixdə xəstənin üzərində “Sedasiya ilə kök hüceyrə” əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda hər iki bud-çanaq oynağının displastik koksartrozunun olduğu müəyyən edilmişdir. Bu baxımdan icra edilmiş “Sedasiya ilə kök hüceyrə” əməliyyatının müsbət effekti olmamışdır və bununla əlaqədar İddiaçı hər iki çanaq oynağının ikitərəfli endoprotezləşməsi cərahiyyə əməliyyatına ehtiyacı vardır. Əlavə olaraq qeyd edilmişdir ki, tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı 24.09.2020ci il tarixdə Cavabdeh MMC-yə müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “hər iki bud-çanaq oynağının koksartrozu, qığırdaq yeyilməsi” diaqnozu qoyulmuşdur. Həmin tarixdə İddiaçı üzərində “sedasiya ilə kök hüceyrə” əməliyyatı icra edilmiş və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Lakin, İddiaçı hər iki bud-çanaq oynağının displastik koksartrozu olduğu müəyyən edildiyi üçün qeyd edilən əməliyyatın xəstə üzərində müsbət effekti olmamışdır. Buradan da görünür ki, Cavabdeh MMC-nin həkimin səhvi nəticəsində deyil, məhz xəstənin hər iki budçanaq oynağının displastik koksartrozu olduğu üçün xəstə üzərində əməliyyatın müsbət effekti olmamışdır. Digər tərəfdən, iddiaçı ona cavabdeh tərəfindən hər hansı maddi və ya mənəvi ziyanın vurulması ilə bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın və mənəvi zərərin cavabdeh Cavabdeh MMC tərəfindən vurulması sübuta yetirilə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar