Məhkəmə qərarları › İş №2(006)-2258/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2258/2021

27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2258/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi və ya dəyərinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi və ya dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 90 m2 olan 3 otaqlı mənzilin boşaldılması, ona təhvil verilməsi və ya ağlabatan kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildə ünvan 1 ünvana kirayəşin gəlmişdir. Əslində həmin yer əvvəllər qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Elə o, yaşayanda da kanalizasiya suları axırdı, rütubət idi, bir sözlə, ünvan yarızirzəmi idi. Həmin vaxt orada ayı 70 manata kirayə qalırdı. Evin sahibi rus qadın idi. Şəraitsiz də olsa yaşadığı yer 90 m2 olmaqla 3 otaqdan ibarət olmuşdur. 1988-ci ildə ev sahibi vəfat etmişdir. Mənzil Hamamlar birliyinin balansında idi. O isə Bakı şəhərində 7 nömrəli hamamda süpürgəçi işləməklə yanaşı Bakı Məişət Kondisionerləri zavodunda işləyirdi (1980-2003). 1985-ci ildə mənzil növbəsinə yazılmışdır. 1998-ci ildə BMK zavodunda mənzil növbəsində olduğundan boşalmış mənzil kimi əvvəllər yaşadığı ünvan 1 ünvanı ona verilmişdir. 2002-ci ildə mənzilin söküntü planına düşdüyü ona qonşular tərəfindən deyilmişdir. Firmadan Əli adlı şəxs gəlmişdir. Onun evinə gələn Əli kobud rəftar edərək bildirmişdir ki, «tək canına bu qədər yeri tutubsan, 3 otaq səni xarab edər». Ardınca isə evə baxmağa yad bir kişi gətirmişdir. Beləliklə, Əli və illərlə qonşuluq etdiyi şəxslər birləşərək onun təkliyindən və sakitliyindən istifadə edib, 22 il yaşadığı, 13 il növbəsində dayandığı, uğrunda məcburiyyət ucbatından hamamda süpürgəçi işlədiyi, içində ac qaldığı, kanalizasiya sularının içində yaşadığı mənzildən zorla atmışlar, evini əlindən almışlar. 90 m2 3 otağın qarşılığında isə Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay küçəsi 3 mənzil 127-də yerləşən 1 otaq vermişlər. Təbii ki, bu mənzili də sonradan əlindən almaq şərti ilə vermişdilər. Sonradan onlar həmin evi də onun əlindən almışlar. İndi isə tələb edir ki, Əli onun evindən çıxsın və ya evin dəyərini ödəsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 90 m2 olan 3 otaqlı mənzilin ona məxsus olduğunu, sonradan həmin mənzilin plana düşdüyünü, mənzilin əvəzinə digər 1 otaqlı mənzil verildiyini, sonradan bu mənzilin də əlindən alındığını bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin mənzilin hüquqi vəziyyətini müəyyən edən sənədləri, iddia tələbinin əsası kimi istinad etdiyi sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ünvan 2 ünvanda yerləşən 90 m2 olan 3 otaqlı mənzilin hüquqmüəyyənedici sənədlərini (sübutları) əldə etmək üçün müvafiq sorğu məktubu vermişdir. İş materiallarına əlavə olunmuş, məhkəmənin 03.06.2020-ci il tarixli (ünvan 2 ünvanda yerləşən 90 m2 olan 3 otaqlı mənzilin kimə məxsus olması barədə) sorğusuna Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyul 2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan haqqında daha dəqiq məlumat (mənzilin nömrəsi) verildikdən sonra müraciətə yenidən baxıla bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi və ya dəyərinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi və ya dəyərinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar