Məhkəmə qərarları › İş №2(006)-2263/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2263/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2263/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 00:15-də "xxxx" ASC-yə məxsus hesabında tanışı Səbinə Mehbalıyevanın "xxxx" ASC-də olan hesabına 600 (altı yüz) manat məbləğində pul köçürmək istəyərkən kart nömrəsinin son 4 rəqəmini yanlış yazdığı üçün köçürmək istədiyi 600 manat məbləğində pul tanımadğı şəxsin hesabına köçmüşdür. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Baş ofisinə gedərək hadisə barədə məlumat vermişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanaraq yanlışlıqla köçürdüyü pulun hansı hesaba köçürülməsi barədə məlumat verilməsi, həmin hesabın sahibi ilə əlaqə saxlanılıb yanlışlığın aradan qaldrılırması xahiş olunmuşdur. "xxxx" ASC-yə də bir neçə dəfə gedərək müraciət etsə də, iddiaçıya həmin hesabın sahibinin mobil nömrəsilə əlaqə saxlasalar da, şəxsin telefon zənginə cavab vermədiyini bildirmişlər. Əlavə olaraq həmin şəxsin məlumatlarını da iddiaçıya verməyəcəklərini, bunun üçün hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu bildirmişlər. İddiaçı Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsinə gedərək müraciət etsə də, müraciətinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər.Qeyd edilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən 600 (altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh "xxxx" ASC etiraz ərizəsi ünvanlayaraq bildirilmişdir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı qeyd edir ki, iddiaçının istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartı vasitəsilə o, istifadəsində cavabdeh banka məxsus kart olan tanıdığı şəxsə 600 manat köçürmnə etmək istəmişdir. Lakin vəsaiti alacaq şəxsin kartının 16 rəqəmli PAN nömrəsini səhv qeyd etmişdir və nəticədə vəsait digər şəxsin kartına mədaxil edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi pul məbləği "xxxx" ASCnin yox, şəxsiyyəti iddiaçıya məlum olmayan üçüncü şəxsin hesabına daxil olmuşdur. Bank həmin pul vəsaitini mənimsəməmiş və istifadə etməmişdir. Bank qanuni əsas olmadan başqa şəxsin hesabında olan pul vəsaiti üzərində sərəncam verə bilməz. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsinin rədd edilmsəi barədə qətnamə qəbul etməyi məhkmədən xahiş etmişdir.

4. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək zərurət olduğundan cavabdehi əsl cavabdeh X4 ilə əvəz etməyi məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:15-də "xxxx" ASC-yə məxsus hesabında tanışı Səbinə Mehbalıyevanın "xxxx" ASC-də olan hesabına 600 (altı yüz) manat məbləğində pul köçürmək istəyərkən kart nömrəsinin son 4 rəqəmini yanlış yazdığı üçün köçürmək istədiyi 600 manat məbləğində pul tanımadğı şəxsin hesabına köçmüşdür. Daha sonra bununla bağlı həm "xxxx" ASC-yə, həm də "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəmə mübahisəsi zamanı məlum olmuşdur ki, həmin pul X1 hesabına köçürülmüşdür. Həmin şəxsə məhkəmə bildirişi göndərildikdən sonra iddiaçı ilə əlaqə saxlayaraq pulun onun hesabına köçürülməsini etiraf etmiş və bildirmişdir ki, həmin pulu hissə-hissə ödəyəcəkdir. Lakin bu hadisədən iki aya yaxın müddıt keçməsinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir .

7. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddaçı xx.xx.2022-ci il tarixdə, saat 00:15-də "xxxx" ASC-yə məxsus hesabında tanışı Səbinə Mehbalıyevanın "xxxx" ASC-də olan hesabına 600 (altı yüz) manat məbləğində pul köçürmək istəyərkən kart nömrəsinin son dörd rəqəmini yanlış yazdığı üçün köçürmək istədiyi 600 manat məbləğində pul Cavabdeh hesabına köçmüşdür. Hazırda iddiaçı cavabdehdən ona məxsus olan pul məbləğinin geri qaytarılmasını tələb edir.

b) Mülki işin materialları: 10 Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında tələb edilən məlumatı əks etdirən çıxarışdan görünür ki, 4169 73** **** 4097 nömrəli plastik kartın sahibi X3r. Qeyd edilən kartdan 600 manat vəsait xx.xx.2023-cü il tarixində məxaric edilmşidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

15. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

16. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus pulu mənimsəməsi faktı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında tələb edilən məlumatı əks etdirən çıxarışda öz təsdiqini tapmışdır.

17. Belə olan halda iddiaçı cavabdehdən ona məxsus olan pul məbləğini tələb etməkdə haqlıdır.

18. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manatməhkəmə xərci cavabdehə aid edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar