Məhkəmə qərarları › İş №2(006)-2265/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2265/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2265/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna qarşı «pul tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı, 000084 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 193 №-li mənzil xx.xx.2015-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu həmin mənzilə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun kommunal xidmət haqqı borcu 798 (yeddi yüz doxsan səkkiz) manat təşkil edir. Bundan əlavə, avtomobil dayanacağına 669 (altı yüz altmış doqquz) manat, ümumilikdə 1467 (bir min dörd yüz altmış yeddi) manat borc formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Göstərilənlərə əsasən cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1467 manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 44,67 manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu iddia tələbinə etiraz edərək, bildirmişdir ki, məbləğlərlə razı deyildir. O, binanın 6-cı mərtəbəsində yaşayır. İddiaçı liftin birini şirkətlərdən birinə istifadəsi üçün vermişdir. 21 mərtəbəli binada yalnızca bir liftdən istifadə olunur. O, keçən il qaraj pulunu xx.xx.2021-ci il tarixində ödəmişdir. Həmin dövrə qədər kommunal ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Lakin qaraj pulunu ödədiyi halda ondan yenidən qarajın pulunun tələb olunmasına görə əsəbləşərək, kommunal ödənişləri etməkdən imtina etmişdir. Bu yaxınlarda ona məlumat vermişlər ki, 855 manat kommunal borcu vardır. O, bütün etdiyi ödənişlərlə bağlı qəbzləri saxlamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il və xx.xx.2012-ci il tarixli müqavilələrdən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. İş materiallarında olan sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və sifarişçinin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Həsən Seyidabdülhəmid Əli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğluna borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş kommunal xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun 798 (yeddi yüz doxsan səkkiz) manat kommunal xidmət haqqı borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş dayanacaq xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun avtomobil dayanacağına 669 (altı yüz altmış doqquz) manat borcu mövcuddur. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC "xxxx" Mənzil-Tikinti Kooperativi ilə aralarında bağlanmış müqaviləni əsas götürərək, cavabdehdən kommunal xidmət haqqını tələb edir. Həmin tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Eyni Məcəllənin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Göstərilən Məcəllənin 135.2 və 135.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Eyni Məcəllənin 136.3-cü və 136.4-cü maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Göstərilən Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Eyni Məcəllənin 138.4-cü və 138.5-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Göstərilən Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütanasib olaraq iştirak etməyə borcludur. Həmçinin, göstərilən Məcəllənin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı tərəfin məhkəmə baxışı zamanı verdiyi izahatı və iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. "Sifarişçi" "xxxx" Mənzil- Tikinti Kooperativi ilə "İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə ilə isə “Sifarişçi" sifariş verməyi, “İcraçı” isə əlavə muzd almadan "Sifarişçi"yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “icraçı”ya verməyi, "icraçı" isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Eləcə də həmin müqavilənin 3.1 -ci bəndinə əsasən "İcraçı” bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yerləşən 193 №-li mənzil İddiaçı MMC tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 1467 manat kommunal borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1467 (bir min dörd yüz altmış yeddi) manat əsas borc və 44,67 (qırx dörd manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1511,67 (bir min beş yüz on bir manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1467 (bir min dörd yüz altmış yeddi) manat əsas borc və 44,67 (qırx dörd manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1511,67 (bir min beş yüz on bir manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar