Məhkəmə qərarları › İş №2(006)-227/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-227/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-227/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir xərcləri ilə bağlı 500 manat pul vəsaitinin tutulması və su sızmasının qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 mülki iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və iddiaçının ərizəsi təmin edilərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mətbəxin, hamam otağının və dəhlizin tavanından onun evinə suvaq tökülür və su sızır. İlhamə isə təmir işlərini aparmaq istəmir. O, hər dəfəsində usta çağırır. Usta isə tavanı təmizləyir, suvaq işləri görür, lakin bir ay sonra yenidən su sızır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun mənzilinə üst mərtəbədə yerləşən mənzildən su sızır. Bu hal hələ də arada davam edir. Cavabdeh1 mənzilinin təmir edilməsi ilə bağlı müraciət etsə də, o, yaşadıqları mənzilin onlara məxsus olmadığını qeyd etmişdir. Ekspert rəyi ilə razıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 60 nömrəli mənzil ona məxsus deyildir. Belə ki, rəsmiyyətdə həmin mənzil onun adında olsa da, əslində bacısı İlhaməyə məxsudur. Yəni bacısı mənzilin əsl mülkiyyətçisi olmaqla, orada öz ailəsi ilə yaşayır. O, Bakı şəhərində qeydiyyatda olduğu üçün həmin mənzil onun adına alınmışdır. Mübahisəli mənzildən su sızdığını belə bilmir. Bu barədə məlumatı yoxdur. Bacısı ona bu haqda məlumat verməmişdir. Göstərilənlərə əsasən iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi. Cavabdeh1 tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı cavabdeh hesab etdiyi ona qarşı iddia qaldıraraq bildirir ki, onun mənzilinin mətbəx, hamam və dəhlizinin tavan hissəsindən su sızır və suvaq başına tökülür. Cavabdeh bu problemi həll etmir və tavanın həmin su sızan hissəni təmir etmir. Ona görə də, iddiaçı cavabdehdən su sızıntısının qarşısının alınmasını və su sızıntısı nəticəsində ona dəymiş maddi ziyana görə 500 manat pul ödənilməsini tələb edir. Hesab edir ki, iddia ərizəsi əsassız hesab edilərək, iş üzrə icraata məhkəmə tərəfindən xitam edilməlidir. Məhkəmənin diqqətinə çatdıraraq bildirir ki, iddiaçı tərəfindən əvvəlcə 2015-ci ildə Nəsimi Rayon Məhkəməsində Nadir Quliyevə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi qaldırılsa da, sonradan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 26 saylı evin 60 saylı mənzilin onun mülkiyyətində olduğu müəyyən olunduğundan, iddiaçının ərizəsi əsasında cavabdehin əsl Cavabdeh1 ilə əvəz olunmasını xahiş etməsi əsasında cavabdeh Nadir Quliyev əsl Cavabdeh1 ilə əvəz edilmişdir. Hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 26 saylı evin 60 saylı mənzilinin mülkiyyətçisi X4 olduğu müəyyən olunmuşdur və onun əsl Cavabdeh2 ilə əvəz olunmasına dair qərar qəbul olunmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının tələbi əsasında Nəsimi Rayon Məhkəməsində “öz mənzilini təmir etmək öhdəliyinin qoyulması və maddi ziyanınn tutulması’' tələbi ilə əlaqədar 500 manat məbləğində maddi ziyanın tutulmasına dair mülki iş üzrə 12 noyabr 2015-ci il tarixli 2(006)-3274/2015 saylı iş üzrə məhkəmə iddia tələbini qismən təmin edilməsinə dair qətnamə qəbul etmiş və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 26 saylı evin 60 saylı mənzilinin sukanalizasiya kommunikasiyası sisteminin 01 ay müddətinə təmir-bərpa olunması vəzifəsinin onun üzərinə qoyulması, vurulmuş maddi ziyana görə 383 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi və mübahisə ilə əlaqədar keçirilmiş 100 manat məbləğində məhkəmə ekspertizası xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Ona görə də, hazırki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia tələbinə xitam verilməlidir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə digər Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov (əvvəlki adı ilə Tağızadə) küçəsi 26 saylı evin 57 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmənin sorğusuna əsasən daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müxtəlif (xx.xx.2022-ci il və xx.xx.2022-ci il) tarixli məktublarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 26 saylı evin 60 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi, 34, M5, m3) xx.xx.2017-ci il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 31 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi, 5-ci mkr, A.Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilin mülkiyyətçisi vətəndaş İddiaçı ərizəsi araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, göstərilən ünvanda 5-ci mərtəbə 60 saylı mənzil vətəndaş Cavabdeh1 məxsusdur, səhlənkarlığı nəticəsində 57 saylı mənzilin qonaq otağına və mətbəxinə su axıdılaraq ziyan vurulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1217 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5 MR, Asif Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilinin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 57 saylı mənzilinin divarlarındakı su sızma izlərini və 31 saylı MKİS-in əməkdaşları tərəfindən 25 fevral 2021ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, mübahisəli 57 saylı mənzilə 60 saylı mənzildən su sızması baş verdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 5 MR, Asif Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilinə hal-hazırda su axıdılmır. Tədqiq olunan 57 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 439 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilinə 439 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 60 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 26 saylı evin 60 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə əlavə olaraq mülki iş üzrə icraata xitam verilməsinə dair Cavabdeh1 etiraz ərizəsinə münasibətdə qeyd edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-3274/2015 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı xeyrinə pul məbləği (maddi ziyana görə 383 manat və dövlət rüsumuna görə 30 manat) məhz 2015-ci il tarixdə baş vermiş su sızması ilə əlaqədar tutulmuşdur. Hazırki iddia tələbi isə 2021-ci il tarixində baş vermiş hadisə ilə bağlıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 439 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, Cavabdeh2 üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı tərəf ona yuxarıda qeyd olunan zərər həddindən daha artıq real maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da cavabdeh qismində cəlb etsə də, mənzilin əsl mülkiyyətçisi Cavabdeh2 oduğundan, Cavabdeh1 üzərinə ziyanın ödənilməsinə dair məsuliyyət qoyulması yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 439 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin və Cavabdeh2 üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 26 saylı evin 57 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar