Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2296/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh2 Əlfindan oğlundan 6 310 manat məbləğində pulun, yaxud da ** SZ *** dövlət qeydiyyat nişanlı, “Tofaş Doğan” minik markalı avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Əlfidan oğlundan 5 200 (beş min iki yüz) manat məbləğinə ** SZ *** dövlət qeydiyyat nişanlı, “Tofaş Doğan” minik markalı avtomobili almışdır. Sözügedən avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 adına olmuş və həmin şəxs Cavabdeh2 Əlfidan oğluna etibarnamə vermişdir. O, avtomobili cavabdehdən satın aldıqdan sonra yoxlamaq üçun bir-iki dəfə idarə edən zaman avtomobilin bir sıra problemlərin olmasını aşkar etdi və Cavabdeh2 Əlfidan oğluna avtomobili geri qaytararaq, ona nağd şəkildə ödədiyi 5 200 manat məbləğində pulu geri tələb etdi. Elşən Mikayıl ilə birlikdə onun dediklərinə heç bir söz demədən onun yaşadığı ünvan 2 ünvanına gələrək avtomobili apardılar. Elşən 5.200 manat pulu isə xx.xx.2021-ci il tarixdə qaytaracağını söz verdi. Daha sonra ona məlum oldu ki, Cavabdeh1 həmin avtomobili etibarnamə ilə başqa şəxsə vermişdir. O, həmin avtomobili cavabdehdən almaqdan ötrü bankdan kredit götürmüşdü. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Əlfidan oğlu və Cavabdeh1 onun yaşadığı ünvan 2 ünvanına gələrək Elşən ona 5 200 manat pulun 650 manat məbləğini qaytarmışdır. Həmin pulun 300 manat məbləğini banka olan borcuna ödəyib qalan 350 manat hissəsini isə Elşənin ona olan borcundan çıxdığı və Elşənin ona 4 850 manat məbləğində borcunun qaldığını bildirdi. xx.xx.2021-ci il tarixdən bu günə kimi 4 850 manat məbləğində borc pul Elşən tərəfindən ona ödənilməmişdir. Ondan borc pulu tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr edərək, ondan vaxt tələb edir və bir sözlə borcu ödəməkdən boyun qaçırır. O, cavabdeh tərəfindən pulun ona ödənilməməsini bildiyi üçün məcbur olub şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etdi. Bu işin araşdırılması Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 icraatına verilmişdir. X2 tərəfindən Cavabdeh1 izahatını alınmış və o, izahatında Elşən adlı şəxsi təxminən 3 ildir ki, tanıdığı, əvvəllər avtomobil təmiri ilə məşğul olduğu üçün Elşən müxtəlif vaxtlarda onun yanına gələrək, avtomobil təmir etdirdiyini, 2021-ci ilin ortalarında Elşən satacağı avtomobilin etibarnaməsinin müddətinin bitmək üzrə olduğunu ona bildirərək, həmin ** SZ *** dövlət qeydiyyat nişanlı, “Tofaş Doğan minik markalı avtomobilin onun adına sənədləşdirilməsini xahiş etmişdir. O da cavabdehin dedikləri ilə razılaşmış və ** SZ *** dövlət qeydiyyat nişanlı, “Tofaş Doğan” minik markalı avtomobili öz adına sənədləşdirmişdir. Daha sonra isə cavabdehin, yəni Elşənən ona dediyi şəxsə ona etibarnamə vermişdir. Elşən ilə onun arasında olan alqı-satqı məsələsindən xəbəri olmamışdır. Daha sonra isə onun avtomobili geri qaytardığını bilmiş və cavabdeh ondan xahiş etmişdir ki, özü ilə onun evinə gələrək, avtomobili götürmüşdür. Bundan sonra Elşənə avtomobili öz adından çıxartmasını, onunla Elşən arasında olan borc məsələsini isə həll etməsini demişdir. Daha sonra isə yenədə Elşənin istəyi ilə həmin avtomobili İlkin adlı şəxsə etibarnamə vermişdir. Belə ki, Cavabdeh2 Əlfidan oğlunun da izahatı alınmasından ötrü onun yaşayış yerini və şəxsiyyətini müəyyən etmək və izahatını almaq üçün Abşeron RPİ-nin Qobu PB-nə gəlməsinin təmin edilməsi üçün göstəriş verilsə də, araşdırma müddətində heç bir müsbət nəticə olmamışdır. Əslində bu iş Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən ciddi şəkildə araşdırılmadığı üçün Elşənin izahatı xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilməmişdir. Dələduzluq etmiş şəxs polis tərəfindən də axtarılıb tapılmırsa, o başqa hara və kimə müraciət etməlidir. Belə ki, Cavabdeh2 Əlfidan oğlu tərəfindən ona avtomobildən qalan puldan 4 850 manat, əvvəl beh kimi verdiyi 500 manat və 6 ay “VTB” Banka 160 manat, cəmi 960 manat, ümumi 6 310 (altı min üç yüz on) manat məbləğində ziyan dəymişdir. O həmin pulu nə polisin nə də ki, cavabdehin öz istəyi ilə ondan ala bilmir və bunun üçün də məcbur olub hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli. İddia Cavabdeh1 münasibətdə rədd edilməldir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 Kamran Muxtarovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş Cavabdeh1 izahatından görünür ki, Elşən adlı şəxsi təxminən 3 ildir ki tanıyır, əvvəllər avtomobil təmiri ilə məşğul olduğu üçün Elşən müxtəlif vaxtlarda gəlib avtomobilini təmir etdirmişdir. 2021-ci ilin ortalarında Elşən satacağı avtomobilin etibarnaməsinin müddətinin bitmək üzrə olduğunu bildirərək həmin “Tofaş Şahin" markalı avtomobilin onun adına sənədləşdirilməsini xahiş etmişdir. O da onunla razılaşmış və “Tofaş Şahin" markalı avtomobili adına sənədləşdirmiş, daha sonra isə Elşənin ona dediyi şəxsə, İddiaçı etibarnamə vermişdir. Elşən və Faizin arasında olan alqı-satqıdan isə heç bir xəbəri olmamışdır. Daha sonra Faiz avtomobili geri qaytardıqda Elşən həmin avtomobili Faizin həyətindən götürməyi ondan xahiş etmişdir. Bundan sonra Elşənə avtomobili öz adından çıxarılmasını, aralarında olan borc məsələsini özləri həll etmələrini demişdir. Daha sonra həmin avtomobili Elşənin istəyi ilə İlkin adlı şəxsə etibarnamə ilə verildiyini bildirmişdir. ƏN-Vİİ seriyalı, 820288 nömrəli xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ** SZ *** dövlət qeydiyyat nişanlı, “Tofaş Doğan” minik markalı avtomobil sürücülük hüququ olduqda idarə edilməsi, bağışlanması, ipoteka qoyulması, sərəncam verilməsi və etibarnamədə göstərilən digər hərəkətlərin edilməsi üçün İddiaçı bir il müddətində (xx.xx.2021xx.xx.2022) etibar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “Tofaş Doğan” minik markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarlı alqı-satqı müqaviləsi əsasında deyil, etibarnamə əsasında mülkiyyətçi tərəfindən iddiaçıya verilmişdir. İddiaçı mübahisəli avtomobili əldə etmək məqsədilə digər Cavabdeh2 müəyyən məbləğdə pul verdiyinə, daha sonra isə avtomobilin bəzi qüsurlar aşkar olunduğu üçün həmin cavabdeh tərəfindən onun sahibliyindən alınıb tanımadığı başqa şəxsə verildiyinə istinad etmişdir. İşin bu halları Cavabdeh1 polis şöbəsində verdiyi izahatı və ƏN-Vİİ seriyalı, 820288 nömrəli xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamə ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından, mübahisənin əsassız varlanma haqqında normalara əsasən həll edilməli olduğunu hesab edir. Belə ki, cavabdeh müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil onu mülkiyyətçisi tərəfindən geri alındığından cavabdeh iddiaçının hesabına 4.550 (5.200 – 650) manat məbləğində əsassız varlanmışdır. Ona görə də, Cavabdeh2 əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı mübahisəli avtomobili əldə etmək məqsədilə adına kredit götürməsinə, beh kimi 500 manat məbləğində pul verməsinə dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda işə baxılan zaman məhkəmə tərəfindən iddiaçının Cavabdeh1 münasibətdə məhkəmədə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki işin materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.550 manat və dövlət rüsumu kimi ödənilmiş 83 manatın 60 manatı, cəmi 4610 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə digər hissədə və Cavabdeh1 münasibətdə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 4.550 və dövlət rüsumu kimi ödənilmiş 83 manatın 60 manatı, cəmi 4.610 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə və Cavabdeh1 münasibətdə tam rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2296/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2296/2022
05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver