Məhkəmə qərarları › İş №2(006)-2301/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2301/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2301/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 5.000 (beş min) manat və mənəvi zərərə görə 40.000 (qırx min) manat, cəmi 45.000 (qırx beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4 və 55-ci maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, İddiaçı həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırma materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Rza Nəzərov tərəfindən “hadisə yerinə baxış keçirilməsi barədə” protokol tərtib edilməklə Binəqədi rayonu 1-ci mədən ərazisində yerləşən “X2” şirkətinin ərazisinə məhz oğurluğa cəhd hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 13:50-dən saat 14:15-dək baxış keçirilmişdir. Bu hallara baxmayaraq, İddiaçıla Y.Hüseynzadənin 43-cü PB-yə gətirilmələri müvafiq qeydiyyat kitabında olan qeydlərdən çıxarışlara görə oğurluq və narkotiklə bağlı olduğu göstərildiyi halda, bu şəxslərin saxlanılmalarının sənədləşdirilməsinin CM-in 234.1- 1-ci maddəsi ilə göstərilməsinin əsasları göstərilmədən izahatları alınaraq guya həmin tarixdə azad olunmaları göstərilsə də, müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə MSY-dən azad olunmuş, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və bu müstəntiqin vəsatəti əsasında həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da İddiaçı ən azı, azadlığı qanunsuz məhdudlaşdırılmaqla, psixoloji təzyiqlər edilməklə etmədiyi cinayəti etiraf etməyi, üzərinə qoyulmuş 5,195 qram psixotrop maddəni özünə məxsus maddə kimi təqdim etməyə məcbur edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1892/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı tutularaq azadlığının məhdudlaşdırıldığı 4 gün müddətində psixoloji təzyiqlər edilməklə etmədiyi cinayəti etiraf etməyə, üzərinə qoyulmuş 5,195 qram psixotrop maddəni özünə məxsus maddə kimi təqdim etməyə məcbur edilmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanıldığı 12 ay 6 gün müddətində azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və s. bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir ki, bu problem səbəbindən ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin, istintaq və məhkəmə araşdırması müddətində o və ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün həkim qəbullarında olmuşlar və müalicələr almışlar. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə, iddiaçı ciddi mənəvi zərər də almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri zamanı həbsdə saxlanılması iddiaçını həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. Beləliklə, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı mənəvi ziyanın əvəzi olaraq 40.000 manat və maddi ziyanın əvəzi olaraq 5.000 manat olmaqla, cəmi 45.000 manat məbləğində pul vəsaitinin cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının qanunsuz və əsassız olaraq 1 ildən çox müddətdə həbsdə qalması ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçı əvvəllər usta fəaliyyəti ilə məşğul olmuş, həbsdə olduğu müddətdə isə bu gəlirdən məhrum olmuşdur. Həmçinin, iddiaçı təcridxanada verilən yeməkləri yeyə bilmədiyinə görə yaxınları ona yemək gətirmiş, bundan başqa, iddiaçının səhhətində problemlər yarandığından, o, müalicə almışdır. Bütün bunlar iddiaçının maddi zərərə məruz qaldığını göstərir. İddiaçı barəsində digər insanlarda mənfi fikir formalaşması isə iddiaçının psixoloji sarsıntı keçirməsinə səbəb olmaqla, ona mənəvi zərər vurulmasının sübutudur. Vəkil-nümayəndə bütün qeyd etdiklərinin nəzərə alınaraq, iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki: - Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ifadə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir (8-9-cu səhifələr); - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4 və 55-ci maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalından həbsdən azad edilməsi hökm edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1892/2024 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(101)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-562/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1892/2024 saylı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, təqsirliliyi sübuta yetirilmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır.

10. Hazırda İddiaçı qanunsuz həbsə alma nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, həbsdə olduğu dövrdə usta fəaliyyəti ilə məşğul ola bilməməsi, təcridxanada verilən yeməkləri yeyə bilmədiyinə görə yaxınlarının ona yemək gətirməsi, səhhətində problemlər yarandığından, müalicə alması ilə bağlı 5.000 manat maddi, barəsində digər insanlarda mənfi fikir formalaşması, psixoloji sarsıntı keçirməsi ilə bağlı isə 40.000 manat mənəvi zərərin ona ödənilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

11. İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 1 il 6 gün müddətində qanunsuz olaraq həbsdə saxlanıldığından, ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.

12. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı usta fəaliyyəti ilə məşğul ola bilməməsi, təcridxanada verilən yeməkləri yeyə bilmədiyinə görə yaxınlarının ona yemək gətirməsi, səhhətində problemlər yarandığından, müalicə alması ilə bağlı 5.000 manat maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını sübuta yetirməmiş, həbsə alınmamışdan əvvəl rəsmi işləmədiyinə görə bu barədə sübutlarının olmadığını bildirmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməməlidir.

13. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 1 il 6 gün müddətində həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 40.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları (hüquq pozuntusunun xarakteri, davametmə müddəti və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 12.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

14. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

15. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0, 56.0.5. Qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

16. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

19. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 (on iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 (on iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar