Məhkəmə qərarları › İş №2(006)-2321/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2321/2020

18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2321/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, onun vəkili x4, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il tarixdə Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 120, mənzil 7 ünvanında 32,0 m2 sahədən ibarət 2 otaqlı mənzilin sahibi idi, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışla təmin edilmiş, xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bundan sonra, 2017-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 02/05-1068 №-li Şəhərsalma əsaslandırılması barədə «xxxxxxxxxxxxxx» x2, Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki tikintinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Eyni zamanda, yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin «xxxxxxxxxxxxxx» MMC-yə verilmişdir. İddiaçı daha sonra 23 yanvar 2017-ci il tarixdə alıcı «xxxxxxxxxxxxxx» MMC tərəfindən alqı-satqı yolu ilə «xxxxxxxxxxxx» MMC-yə 60.000 (altmış min) manata satmışdır. İddiaçı həmin pulun dəyərində yaxınlıqda yerləşən Nəsimi rayonu, R.Rza küçəsi 97, mənzil 3-də yerləşən mənzili 60.000 (altmış min) manata almış və evə dair bütün rəsmi sənədlər, çıxarış iddiaçının özünə aiddir və xüsusi mülkiyyətçisidir. İddiaçının qızı Cavabdeh 2013-cü il tarixdə Gülbalayev Baba adlı şəxslə ailə həyatı qurmuşdur. Bu qeyri-rəsmi nikahlarından 24.09.2013-cü il tarixdə x10 adlı oğlu anadan olmuşdur. İddiaçı hazırda mülkiyyətçisi olduğu mənzili aldıqdan sonra, 2017-ci ildə qızı Cavabdeh oğlu ilə birlikdə yaşadığı mənzilə qonaq qismində gələrək, oğlu Raulun xəstə olduğunu bildirmiş və bir müddət iddiaçı ilə yaşamalarını xahiş etmişdir. İddiaçı isə bir valideyn kimi uşağın sağalana qədər onunla birlikdə yaşamalarına razılıq vermişdir. Bir müddət, yəni aradan 2-3 ay keçməsinə baxmayaraq, iddiaçı cavabdehin oğlu Raul ilə birlikdə öz həyat yoldaşının evinə getmək fikirlərinin olmadığını hiss etmiş və ondan bir ana-bala kimi əri ilə savaşdığını soruşmuşdur. Bu sözü dedikdən sonra həmin gündən etibarən heç bir əsası olmadan cavabdeh iddiaçıya xoşagəlməz sözlərlə təhqir etməyə, ucadan danışmağına qadağa qoymağı, guya ondan utandığını bəhanə edərək hamama getmək istədiyini, lakin iddiaçının yanında soyunub, geyinə bilməməsini bəhanə edərək, onu çölə çıxarmaqla bərabər həm də, özünün öz evinə gecə saatlarında qayıtmağını tələb etmişdir. İddiaçı bu barədə dəfələrlə müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etsə də, sonunda bütün ərizələrin Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə qaytarmaları və orada həmişə olduğu kimi bu işlərdə cinayət tərkibi olmadığı, yalnız mülki xarakterli olduğunu, yalnız bu məsələnin məhkəmə qaydasında həll oluna biləcəyini bildirmişlər. Bundan başqa, iddiaçı bu haqsızlığa dözə bilmədiyini gördükdə artıq cavabdeh qızı, Cavabdeh mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Lakin Nəsimi Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2(006)-1869/19 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Artıq Cavabdeh daha da qəzəblənərək iddiaçını döyməyə başladı. Cavabdeh dəfələrlə iddiaçının hər iki gözünə, qollarına, kürək nahiyələrinə ağır zərbələr vurmaqla bədəninin müxtəlif yerlərinə ağır və az ağır xəsarətlər yetirmişdir. Cavabdehin iddiaçının hər iki gözünün vuraraq qaraltması nəticəsində onun işdən qovulmağına səbəb oldu. İddiaçı artıq 10 aya yaxın müddətdir ki, yaxınlıqda yerləşən qonşunun qoca 91 yaşlı gözdən əlil xəstəsinə qulluq edirdi, əvəzində ona hər aya 300 (üç yüz) manat ödəməklə yaşamaqla bərabər x5 şəhərində ikinci təhsilini alan, magistratura pilləsində təhsil alan oğlu x7 köməklik naminə hər dəfə pul göndərirdi və o da orada dolanırdı. Ancaq cavabdeh qızı Cavabdeh iddiaçını döyməsinə, gözlərinin qaralmasına səbəb olmuş, ailənin münaqişəli ailə olduğunu irad tutaraq iddiaçının öz işindən uzaqlaşdırmasına səbəb olmuşdur. Cavabdeh hələ bu azmışkən iddiaçının xəstəsinə qulluq etdiyi şəxsin evinə zəng edərək iddiaçını onların yanında alçaldaraq barəsində xoşagəlməz təhqiramiz sözlərlə ləyaqətini alçaltmış, bundan başqa qoca 91 yaşlı nənənin (Sürəyya xanımın) oğlunu, Ramiz Nəbi oğlunu çörək bişirilən sexin önündə onunla rastlaşaraq ona da adı Ramiz olan şəxslə savaşaraq, ona hədə-qorxu gəlməklə onunla da mübahisə etmişdir. Elə bu səbəbdən də xəstənin oğlu Ramiz müəllim iddiaçının həm gözlərinin göyərməsini görmüş, həm də ailənin münaqişəli, davakar olduğunu hiss edərək iddiaçını öz işindən uzaqlaşdırmağa səbəb oldu. Bununla da iddiaçı 3 (üç) ay müddətə 900 (doqquz yüz) manat itirmiş oldu. Bu da maddi zərərdir. Bundan başqa, telefon zəngləri, digər sübutlarla da təsdiq edəcəyi faktlar var ki, cavabdeh tibbi arayışlarla iddiaçının psixi xəstəlikdən əziyyət çəkməsini bildirmiş və Psixiatriya xəstəxanasına zəng etmiş və iddiaçının dəli olduğunu, müalicəyə ehtiyacı olmasını bildirsə də, lakin çağırışa gəlmiş həkim heyəti iddiaçını aparmamışdan öncə ondan sorğu-sual etməklə onun tamamilə xəstə olmamağı barədə Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Dispanserinə xəbər verdilər ki, bu məlumat yalan, qərəzli xarakter daşıyır. Bununla da onlar iddiaçını aparmamaq qərarına gəldilər. İddiaçı ən əsası bu haqsızlığı görəndə ertəsi günü təcili olaraq poliklinikadan sorğu vermələrini, onu müayinədən keçirmələrini, xəstə olubolmamağı barədə rəsmi sağlamlıq haqqında arayışla təmin olunmağını onlardan xahiş etdi. Bununla da bütün müayinələrdən keçdi və tamamilə sağlam olması barədə arayışla da təmin olunmuşdur. Göstərilənlərə əsasən cavabdehin iddiaçının işindən qovulmağına səbəb olmasını, şərəf və ləyaqətini alçaldan, onun başqa şəxslərin ailəsinin dağılmasına səbəb olmağını, yəqin olmayan məlumatları, mobil telefon vasitəsi ilə başqa-başqa şəxslərə (təkzib etmə qaydasını qeyd etmək) təkzib etmənin cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 900 (doqquz yüz) manat miqdarında iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili x8 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, o, heç vaxt anasını döyməmiş, onu təhqir etməmişdir. Anasının hazırki iddianı qaldırmaqda məqsədi onu yaşadığı mənzildən çıxarmaqdan ibarətdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kərimova x9 ifadəsində bildirmişdir ki, iddiaçı onun rəfiqəsidir. İddiaçının deməsinə görə onun qızı Sona dəfələrlə anasını öldürməklə hədələmişdir. Bundan əlavə, Sona anası Ramella haqqında xoşagəlməz ifadələr işlədərək, onu tez-tez təhqir edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x11 ifadəsində bildirmişdir ki, iddiaçı anası, cavabdeh isə bacısıdır. O, iddiaçının, yəni anasının dəfələrlə bacısı Sonanı döydüyünün şahidi olmuşdur. İddiaçının məqsədi evi oğluna bağışlamaqdır. Bu səbəbdən tez-tez polisə müraciət edərək, Sonanı evdən çıxarmaq istəyir. İş materiallarındakı Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Nəriman Əzizovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 01 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.04.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 97, mənzil 3 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 914 nömrəli reyestr kitabının 84899 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2(006)-1869/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma tələbi»nə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli, 3(006)-1141/2019 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İş materiallarındakı Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ağakişi Surxayevin «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 16 fevral 2020-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli, 2(006)-3204/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və onun oğlu x6 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 97, mənzil 3-ə olan istifadə hüquqlarının tanınması qət edilmişdir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan və tərəflərin verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında müəyyən səbəblərdən mübahisə olmuş, hazırda iddiaçı cavabdeh tərəfindən təhqir olunduğunu iddia edərək, vurulmuş maddi və mənəvi zərərə görə pul tələb edir. Eyni zamanda yalan məlumatların telefon vasitəsilə başqa şəxslərə ötürülməsi ilə bağlı təkzib verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinin tələbinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə iddianın vurulmuş maddi və mənəvi zərərə görə cavabdehdən 900 manat pul tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Habelə, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin alçaldılması kimi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «x1rşı» işüzrə 26 iyul 2007-ciiltarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmçinin, məhkəmə şahidlərin ifadələrini nəzərdən keçirib hesab edir ki, şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz, onların həqiqiliyi məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar