Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2322/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 29 dekabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış X2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil ünvan 2 su axıdılması nəticəsində zərərə məruz qalmışdır. ünvan 3b etdiyi Akta əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 46, 39 saylı mənzilin vanna otağının trapında yaranmış nasazlıq səbəbindən su axıdılmış və nəticədə 36 saylı mənzilin dəhliz, hamam, otaq və mətbəxinin tavan və divarları zərərə məruz qalmışdır. Zərərçəkənin əmlakının zədələnməsi bağlı 250 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranm isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhər ünvan 4 ünvanlanmış 23.10.2020-ci il tarixli məktubdan görünür ki, Moskva prospekti ev 46 mənzil 36-da X2 məxsus mənzildə 01.05.2020-ci il tarixdə su basma hadisəsi baş vermişdir. Araşdırma zamanı aydın oldu ki, həmin binanın 39-cu mənzilində Cavabdeh məxsus mənzilin vanna otağının trapında yaranmış nasazlıq səbəbindən su basma halı baş vermişdir. Sonradan Cavabdeh öz vəsaiti hesabına vanna otağının trapını təmir etdirmişdir. Hal-hazırda su axıntısının qarşısı alınmışdır. 05.11.2020-ci il tarixli RGU-0012/20 saylı sığorta aktından görünür ki, X2 məxsus Bakı şəhəri, Moskva prospektindəki mənzilə subasma nəticəsində maddi ziyanın ümumi məbləği 500 manat müəyyən edilmiş və sığorta ödənişi kimi X2 250 manat ödənilmişdir. 05.11.2020-ci il tarixli RGU-0012/20 saylı sığorta aktına əlavə olunmuş 04.06.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Moskva (keçmiş Tbilisi) prospekti ərazisində yerləşən daşınmaz əmlaka dəymiş zərərin miqdarının 04.06.2020-ci il tarixinə bazar dəyəri 500 manat məbləğində qiymətləndirilir. 10.11.2020-ci il tarixli 63755 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” Sığorta Şirkəti 250 manat məbləğində sığorta ödənişini X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 46, mənzil 36 tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 24.09.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. RGU ********* nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 46, 36 saylı mənzil 25.000 manat məbləğində sığorta olunmuşdur. (sığorta müqaviləsi 29.12.2019-cu ildən 28.12.2020-ci il tarixədək qüvvədə olmuşdur). Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyinə görə iddiaçı tərəfindən sığortalanmış Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 46, 36 saylı mənzilə su basma hadisəsi nəticəsində zərər vurulmuşdur. X2 məxsus evə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün sığortaçı tərəfindən müstəqil ekspert dəvət olunmuş, dəymiş zərərin 500 manat məbləğində olması müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin səbəbləri tam təfərrüatı ilə araşdırılarkən müəyyən olunmuşdur ki, həmin binada yaşayan Cavabdeh tərəfindən dəfələrlə X1 mənzilinə su axıdıldığından mənzil yararsız hala salınmışdır. Hazırda iddiaçı cavabdehdən ödənilmiş pulun subroqasiya qaydasında tutulmasını tələb edir. Beləliklə, sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, həmin ödəniş məbləğində zərər vuran şəxsin özünə qarşı subroqasiya hüququna malikdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 250 manat və dövlət rüsumu kimi ödənilmiş 20,40 manat, cəmi 270,40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 250 manat və dövlət rüsumu kimi ödənilmiş 20,40 manat, cəmi 270,40 (iki yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2322/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2322/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver