Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2326/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 01 iyun 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı M-nin 32-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 03 iyun 2024-cü il tarixdə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanma müddəti 2 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. 31 iyul 2024-cü il tarixdə Azəbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbsqətimkan tədbiri 1 ay müddətinə uzadılmışdır. xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 479/2024 saylı qararma əşasən ********* saylı cinayət işi Suraxanı rayon prokuroruna qaytarılmışdır. 09 noyabr 2024-cü il tarixdə İddiaçı Azəbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə olan cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə xitam verilmişdir. İddiaçı göstərilən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf və ləyaqəti alçaldılmışdır. Ona qarşı işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. Heç bir əsas olmadan iddiaçıya qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi bir insan kimi çox dəhşətli şəkildə pis təsir elmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Hələ də psixalogiyası düzəlməmiş, reablitasiya olunmamışdır. Həbsdən sonra uzunmüddətli depresiyalar yaşamışdır. Hesab edir ki, göstərilən dövlət orqanları iddiaçıya vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh edilməsi zəruri hesab edilir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, burnu sındığı üçün nəfəsalma kimi problemləri olmuşdur. Onun qanunsuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri, dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss, həyəcan və dərin sarsıntılar hesab edilir ki, əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının və məhkəmələrin qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat və mənəvi ziyanın əvəzi olaraq isə 10.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hansı əmək əmək fəaliyyəti ilə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin psiləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə iddiaçının 4 ay 6 gün həbsdə saxlanıldığını, 1 ay 2 gün isə ev dustaqlığında olduğunu bildirmişdir. 5.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-180/2024 saylı Qərarına əsasən təqdimat və vəsatət qismən təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 iyun 2024-cü il tarixdən, saat 22:10-dan hesablanmışdır. 8.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-244/2024 saylı Qərarına əsasən təqdimat təmin edilərək, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 01 ay, yəni 01 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-479/2024 saylı Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Nümayəndə vəsatəti təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)-479/2024 saylı cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən itam verilmiş və iş ibtidadi araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, İddiaçı barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 10.Mülki işin materiallarında olan Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilən 09 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində cinayət təqibinin xitam olunması haqqında Qərara əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2024-cü ilin iyun ayının 1-də şübhəli şəxs qismində tutulmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmış, 07 oktyabr 2024-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonradan isə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilərək iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmış, sonda 09 noyabr 2024-cü il tarixli qərarla iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. 10.Hazırda iddiaçı qanunsuz həbsə alma nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, maddi və mənəvi zərərin ona ödənilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.«İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. 9-cu maddəsinə əsasən heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 12.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 13.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 15.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 16.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır 17.İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, yəni 04 ay 06 gün müddətində qanunsuz olaraq həbsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 01 ay 02 gün isə ev dustaqlığında saxlanıldığından, barəsində cinayət təqibi başlandığından ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 18.İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri ilə bağlı 10.000 manat maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını (konkret qazancının olmasını) sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 19.İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 04 ay 06 gün müddətində həbsdə, 01 ay 02 gün müddətində isə ev dustaqlığında saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının qanunsuz olaraq həbsdə saxlanılması və barəsində cinayət təqibinin başlanması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 10.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 04 ay müddətinə həbsdə, 01 ay müddətində isə ev dustaqlığında qalmasını, barəsində cinayət təqibi başlanıldığını nəzərə alaraq 5.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 5.000 manat məbləğində pul iddiaçı X1 xeyrinə ödənilməlidir. 20.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə ədd edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 23.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 24.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2326/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2326/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver