Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-233/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Faı̇ qovnaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Faı̇ qovnaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 5000 manatın, mənəvi zərərə görə 1000 manatın, həmçinin ödənilmiş 80 manat rüsumun, cəmi 6080 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən 25 saylı evin 11 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mülkiyyətində olan mənzilin üst mərtəbəsində yerləşən 14 nömrəli mənzil Cavabdeh məxsusdur. Cavabdeh, öz mülkiyyətində olan mənzildən istifadə edərkən mülkiyyətində olan mənzilə su axıdılmış, nəticədə mənzilinə zərər vurulmuşdur. Belə ki, mənzilinin divarları, tavanı, döşəməsi və digər hissələri yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin məbləği 5000 manat (mənzilinə çəkilməli olan təmir xərci və s.) təşkil edir. Bundan başqa, mənzilinə su axması nəticəsində ona mənəvi zərər vurulmuşdur ki, bunun da əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mənzilinə su axıdılması nəticəsində əsəb, sarsıntı və həyəcan keçirmişəm. Ailə üzvlərinin də əsəb, sarsıntı keçirməsi zərəri daha da artmışdır. Ona vurulmuş mənəvi zərərin əvəzi 1000 manat kompensasiya ödənilməklə, qismən aradan qaldırıla bilər. Daha sonra Cavabdeh Faı̇ qovna iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun tərəfindən hər hansı bir qanunsuz hərəkət olmamışdır. Ziyanın yaranması kirayəçinin məsuliyyətinə düşən texniki nasazlıq nəticəsində baş vermişdir. Onun tərəfindən hər hansı günahkar hərəkət və ya səhlənkarlıq olmamışdır. Kirayə müqaviləsinə uyğun olaraq, o zərərdən xəbərsiz idi və kirayəçi ona bu barədə məlumat verməmişdir. Mənzil İstismar idarəsi tərəfindən 27 fevral 2024-cü il tarixində tərtib edilmiş akt əsassızdır. Belə ki, akt tərtib olunarkən onun iştirakı təmin edilməmiş və ona məlumat verilməmişdir. Hüquqi prosedurların pozulması və aktln tərtibi zamanı onun məlumatlandırılmaması ciddi hüquqi nöqsandır və aktın hüquqi qüvvəsini şübhə altına alır. Hüquqi aktlar tərtib edilərkən müvafiq tərəflərə məlumat verilməsi və onların iştirakı təmin edilməlidir. Onun bu prosesdə iştirak etməməyi və ya məlumatlandırılmaması ciddi hüquqi nöqsandır və aktın hüquqi qüvvəsini şübhə altına alır. İddiaçı tərəfindən ona qaldırılmış iddia əsassızdır, çünki ev onun mülkiyyətində olsa da, o faktiki olaraq Q.Quliyev 8, m 61 ünvanında yaşayır. İddiaçının iddia etdiyi zərər, onun birbaşa və ya dolayın hərəkəti nəticəsində meydana gəlməyib. Onun həmin evdə yaşamağı və aktın tərtibi zamanı ona məlumat verilməməsi, onun hər hansı bir məsuliyyət daşımağını istisna edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı vəkili qismində iştirak edən Vəkil2 Əzizağa oğlu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxış iclasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanı 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 2V-599 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - 4 nömrəli Mənzil İstismar sahəsinin əməkdaşları tərəfindən tətrib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yaşayan qonşusu tərəfindən onun mənzilinin su basdığını, mənzilin tavanının su içində olduğunu görmüşdürlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/4833 nömrəli, 27 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25-də yerləşən 11 saylı mənzilinin yuxarıda göstərilən tikililərin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və AKT-ın göstəricilərini nəzərə alaraq 11 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 14 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbəsində yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25-də yerləşən 11 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlırinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1319,00 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4833 nömrəli, 27 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə 11 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 14 saylı mənzildən suyun axıdılması, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25-də yerləşən 11 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlırinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1319,00 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 14 saylı mənzildən 11 saylı mənzilə suyun sızması 4 nömrəli Mənzil İstismar sahəsinin əməkdaşları tərəfindən tətrib edilmiş xx.xx.2024-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 14 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 11 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 1319 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki işdə Cavabdeh Faı̇ qovna iddiaçıya dəymiş maddi ziyanın kirayəçinin təqsiri nəticəsində baş verdiyini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 14 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 11 saylı mənzilə suyun axıdılmasının kirayəçinin təqsiri nəticəsində baş verdiyini sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 1319 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 14 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 25 ünvanında yerləşən 11 saylı mənzilə suyun axıdılması nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan və bu hal məhkəmə tərəfindən öz təsdiqini tapdığından İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi kimi (keçirdiyi sarsıntı və narahatlıq, qorxu hissi) kompensasiya ödənilməlidir. Lakin İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 1000 manat təşkil etməsini əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatan hesab edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 19 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1319 manat, mənəvi zərərin əvəzi kimi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 19 manat, ümumilikdə 1438 (bir min dörd yüz otuz səkkiz manat) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 AZN-nin 12 AZN-i (on iki manat) Cavabdeh, qalan 38 (otuz səkkiz manat) manat isə İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1319 manat, mənəvi zərərin əvəzi kimi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 19 manat, ümumilikdə 1438 (bir min dörd yüz otuz səkkiz manat) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin 12 AZN-i (on iki manat) Cavabdeh, qalan 38 (otuz səkkiz manat) manat isə İddiaçı alınaraq alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-233/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-233/2025
02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver