Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2339/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Namazova Azada Vəkil qızına qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Namazova Azada Vəkil qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.063 manat məbləğində borc və ödənilmiş 62,63 manat dövlət rüsumu olmaqla, cəmi 4.125,63 manat pul vəsaitinin cavabdeh Namazova Azada Vəkil qızından (Azada Namazovadan, xx.xx.1988-ci il təvəllüdlü, Gürcüstan Respublikası Marneuli rayonunda doğulmuş, həmin Respublikanın vətəndaşı) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin aprel ayında cavabdeh Namazova Azada ondan 4.663 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Qərara gəlmişlər ki, cavabdeh həmin pulu 1 il ərzində əlinə düşdükcə hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcək. Cavabdeh Namazova Azada 3 ay ərzində heç bir ödəniş etmədiyi üçün 2023-cü ilin iyul ayının əvvəlində onlara gedərək ödəniş etməsini xahiş etmişdir. Lakin cavabdeh pulunu ödəmək əvəzinə Azərbaycan Respublikası DİN-in «102» Xidmət Mərkəzinə zəng edərək ondan şikayət etmiş və guya şər-böhtan atıb hədə-qorxu ilə pul tələb etməsini bildirmişdir. Bakı şəhəri Binəqədi RPİ 7-ci Polis Bölməsində araşdırma aparılmış və cavabdehin ondan etdiyi şikayətin əsassız olduğu müəyyən edilmişdir. 02 iyul 2023-cü il tarixdə 7-ci Polis Bölməsində aparılan araşdırma zamanı cavabdeh Namazova Azadadan izahat alınmış və sonuncu öz xətti ilə iltizam yazaraq bildirmişdir ki, 2023-cü ilin aprel ayında ondan 4.663 manat dəyərində qızıl-zinət əşyaları almışdır, qərara gəlmişlər ki, həmin pulu 1 il ərzində əlinə düşdükcə hər ay 300 manat olmaqla hissə-hissə qaytaracaq, söz verir ki, hər ayın axırında 300 manat ödəyəcəkdir. Bundan sonra cavabdeh ona iki dəfə hər ay 300 manat olmaqla, cəmi 600 manat ödəmişdir. Lakin hazırda 4.063 manat məbləğində qalan hissəni isə ödəməkdən imtina etmişdir. Bu məbləğdə pul vəsaitinin uzun müddətdən bəri cavabdeh tərəfindən ona ödənilməməsi nəticəsində maliyyə vəziyyəti xeyli pisləşmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, dövlət büdcəsinə 62,63 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, cavabdeh Namazova Azada əsas borc və ödədiyi dövlət rüsumu olmaqla, ona ümumilikdə 4.125,63 manat pul vəsaiti ödəməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Namazova Azada Vəkil qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Namazova Azada Vəkil qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarına əlavə edilmiş diskdəki foto və video-çəkilişlərdən, səs yazılarından və Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış və onun öz imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o-Cavabdeh 2023-cü ilin aprel ayı ərəfələrində İddiaçı 4663 manat dəyərində qızıl zinət əşyaları almışdır. Tərəflər öz aralarında razılığa gəlmişlər ki, 1 il ərzində Cavabdeh həmin pulu hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcək. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin Cavabdeh müraciəti əsasında toplanmış materiallarla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə verilmiş sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh DİN-in 102 xidmətinə müraciət edərək, pul borclu olduğu Aysel adlı şəxsin onun evinə gələrək münaqişə yaratması və təhqir etməsi barədə məlumat verilmiş, lakin, müraciətdə cinayət və inzibati xəta tərkibi olmadığına görə, Cavabdeh belə hallar baş verdiyi zaman məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, cavabdeh Namazova Azada Vəkil qızı İddiaçı satmaq üçün qızıl-zinət əşyaları almış, iddiaçı qarşısında həmin qızıl-zinət əşyalarının dəyərini hər ay 300 manat olmaqla hissə-hissə ödəmək öhdəliyi götürmüşdür. Lakin öhdəliyini vaxtında icra etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməsini tələb etdikdə isə, iddiaçı onu narahat etməsin deyə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ 7-ci PB-də araşdırma aparılmış, tərəflər həmin PB-yə dəvət edilərək izahatları alınmışdır. Cavabdeh etiraf etmişdir ki, iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış, lakin dəyərini iddiaçıya ödəməmişdir, buna görə də iddiaçıya 4.663 manat borcu yaranmışdır. Cavabdeh sadə yazılı formada iltizam yazaraq, həmin borcu hər ay 300 manat olmaqla, hissə-hissə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra, cavabdeh tərəfindən 2 ay, hər ay 300 manat olmaqla ödəniş edilmiş, lakin yenə ödənişləri etməkdən yayınmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməmiş 4.063 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, məhkəmə iddianı əsaslı hesab edir. Ödəniş sənədindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.063 manat borc və ödənilmiş 62,63 manat dövlət rüsumu olmaqla, cəmi 4.125,63 manat məbləğində pul vəsaiti cavabdeh Namazova Azada Vəkil qızından İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Namazova Azada Vəkil qızından 4.063 (dörd min altmış üç) manat borc və ödənilmiş 62,63 (altmış iki manat altmış üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4125,63 (dörd min yüz iyirmi beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2339/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2339/2024
11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver