Məhkəmə qərarları › İş №2(006)-2343/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2343/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2343/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 2000 manat və onun tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh və onun həyat yoldaşı olan Vaqif Əhədovu tanıyır. Cavabdehlər 2019-cu ilin fevral ayında İddiaçı müraciət edərək, onlara pul lazım olmasını bildirmiş, iddiaçı da onlara qaytarmaq şərti ilə 1070 manat məbləğində pul vermişdir. Cavabdehlər pulu alarkən mart ayında qaytaracaqlarını bildirmişlər. Daha sonra onlar xx.xx.2019-cu il tarixdə yenidən pul lazım olmasını və xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə İddiaçı 2150 manat məbləğində pul almışdılar. Cavabdeh xx.xx.2019-cu ilin aprel ayında təkrar olaraq ondan 13 qram, 1600 manat məbləğində italyan sırğanı hər ayın 17-si 200 manat vermək şərti ilə götürmüşlər. Həmin puldan 200 manatı vermiş, 1400 manatı isə qalmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehlər təkrarən İddiaçı 10340 manat dəyərində hər ayın axırı 400 manat vermək şərti ilə qızıl sep götürmüşlər. Bu günə kimi cavabdehlər aldıqları pulları qaytarmamışlar. Onlar bu hərəkətləri ilə İddiaçı həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Onların iddiaçıya qarşı olan bu hərəkətləri nəticəsində o, infakt keçirərək xəstəxanalıq olmuşdur. Hazırda da müalicə alır. Müalicəyə də xeyli məbləğdə pullar xərcləmişdir. Onların iddiaçıdan aldıqları pullar öz əl yazmaları ilə yazdıqları ərizələr ilə sübut olunur. Dəfələrlə onlardan özünə olan borcun qaytarması üçün müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Nəticədə İddiaçı məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Hazırda iş icra mərhələsində olsa da cavabdeh onu süründürür və cavabdehin ona etdiyi bu hərəkətlər nəticəsində İddiaçı səhhətində çox ağır xəstəliklər yaranmışdır. Belə ki, əsəbdən boğulma, hava çatışmazlığı yaranmış, ürəkdə göynəmə yaranmışdır. İddiaçının bu barədə xəstəlik tarixindən çıxarışı vardır və işə əlavə etmişdir. Müalicələrinə 5000 manatdan çox pul xərcləmişdir. Bunların səbəbi cavabdehin pulunu verməməsidir. Dəfələrlə məhkəmə icrasının yanında olsa da bir nəticə vermir. Bir sözlə iddiaçı əsəbdən ürək xəstəsi olmuşdur. Hesab edir ki, maddi ziyana görə yəni dərmanlara, həkimə çəkdiyi xərcə görə 3000 manat, mənəvi ziyana görə 2000 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmin zərər vurma nəticəsində İddiaçı dəymiş maddi ziyanı 3000 manat vəsait kimi qiymətləndirmişdir. Qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Dəymiş mənəvi ziyanı 2000 manat vəsait kimi qiymətləndirmişdir. Bundan əlavə, hazırkı iddianın qaldırılması üçün Dövlət rusumu haqqında Qanunun 8-ci maddəsinə əsasən dövlət rüsumu ödəmiş, iddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir. Göstərilənlər əsasında iddiaçının pozulmuş mülki hüquqlarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qorunması zərurəti yaranmışdır. Belə ki, hazırki işin hallarına uyğun olaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ var. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə e253205/2022-5-33 nömrəli icra işi tələb edilmiş, həmin işdə olan sənədlərə baxış keçirilmiş və bunun əsasında məhkəmə müvafiq nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 14960 (on dörd min doqquz yüz altmış) manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və cavabdeh X2 aid olan hissədə rədd edilməsi qət edilmişdir. - İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 24 oktyabr 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar üzrə xx.xx.2022-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş Cavabdeh müvafiq poçt ünvanına göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1077/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3(006)-4776/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-213/2023 saylı qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatının təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1075/2021- 011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1971-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 24 avqust 2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh barəsində axtarış elan edilmiş və saxlanılaraq (şəxsiyyətini təsdiq edən sənəd ilə) Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsinin məktublarından görünür ki, Cavabdeh şöbəyə çağırılmış, ondan izahatlar alınmış və o, izahatlarında borc məbləğindən cəmi 3200 manat tələbkarın xeyrinə ödəniş etdiyini və hər ay cəmi 200 manat ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar İddiaçı Seyidverdi qızı şöbəyə şifahi müraciət edərək onun xeyrinə 2800 manat ödəniş olunduğunu və qalıq olaraq 12190 manat borcun qaldığını bildirmişdir. Bundan sonra icra sənədinin icrası tam şəkildə təmin edilmədiyindən tərəflərindən xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(006)-1077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İcra məmurunun təqdimatına əsasən 8(006)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat zamanı borclunun gəlir və əmlakı aşkar edilməmişdir. Borclunun axtarışına dair qərar icra olunması üçün xx.xx.2023cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış işi açılmışdır. Borclunun axtarışına dair qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış işi açılmışdır. Borclunun axtarışına dair tədbirlərin surətləndirilməsi üçün xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmişdir. İcra sənədi nəzarətdə saxlanılır, axtarışın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsinin sonuncu xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icraat zamanı borclu tərəfindən tələbkarın xeyrinə 3950 manat pul vəsaitinin ödənilməsi təmin edilmiş, hazırda 11040 manat borcu mövcudur. İcra sənədi üzrə tələbin tam təmin edilməsi üçün icra tədbirləri davam etdirilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı sol tərəfli Pnevmoniya xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində cavabdehin ona olan borcunu qaytarmaması nəticəsində infarkt keçirərək xəstəxanaya düşməklə ürək xəstəsi olmasını və tibbi sənədi təqdim etməsini qeyd etsə də, iddia tələbinin “vurulmuş maddi zərərin ödənilməsi” hissəsinin əsaslı olması üçün hüquqi əsas yaratmır. Doğrudur, tərəflər arasında borc münasibətləri yaranmış və iddiaçı tərəfindən cavabdehə müəyyən miqdarda borc verilmişdir. Borcun danışıq yolu ilə qaytarılması mümkün olmadığına görə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və mübahisə üzrə yuxarıda iş materialları sırasında göstərilmiş 13 aprel 2024-cü qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən Cavabdeh İddiaçı xeyrinə 14960 manat məbləğində borcun tutulması qət edilmişdir. İşin araşdırılması və iddiaçının iddia ərizəsində göstərmiş olduğu dəlillərə hüquqi qiymət verilməsi baxımından tərəflər arasında yaranmış borc münasibətləri üzrə aparılmış icra işinin materiallarına baxış keçirilmişdir. Sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, bir sıra icra tədbirləri həyata keçirilməklə, cavabdeh tərəfindən borclu olduğu məbləğin müəyyən qisminin ödənilməsinə nail olunmuş və icra tədbirləri davam etməkdədir. İddiaçının dəlillərinə münasibətdə isə məhkəmə onu qeyd edir ki, iddiaçı xəstəlik tapmasına və bu kimi digər hallara istinad etmiş olsa da, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yəni səhhətində problemlərin yaranmasını, onda müxtəlif növ xəstəliklərin aşkarlanmasını qeyd etmiş olsa da, qeyd etdiyi xəstəliklərin məhz borcun ödənilməməsi ilə bağlı yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə də, məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edə bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir maddi zərərin vurulması və qanunsuz hərəkətlərin edilməsi faktı araşdırma əsasında öz təsdiqini tapmamışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər törəmə tələb olan «mənəvi ziyanın tutulması» hissəsinə qiymət verməyi lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar